AZ

Dostluq və qardaşlıq nümunəsi

Azərbaycan-Türkiyə-Pakistan formatında üçtərəfli hərbi təlimlərin əhəmiyyəti yenidən gündəmdə

Azərbaycanla Pakistan arasında münasibətlər dostluq, qardaşlıq və starteji tərəfdaşlıq prinsiplərinə əsaslanır. Hazırda iki ölkənin əlaqələri yüksək səviyyədədir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri də qarşılıqlı münasibətlərin davamlı olaraq inkişaf etməsinin göstəricisidir.

Qeyd edək ki, səfər çərçivəsində Ceyhun Bayramov bu ölkənin Baş naziri Şahbaz Şəriflə görüşüb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycanla Pakistan arasında mövcud strateji əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edərək, yüksək səviyyəli qarşılıqlı səfərlərin, habelə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin önəmini vurğulayıblar. Həmçinin iqtisadiyyat, ticarət, enerji, turizm, təhsil, elm və mədəniyyət, nəqliyyat, eləcə də müdafiə sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Tərəflər hökumətlərarası iqtisadi komissiyanın iclaslarının mütəmadi əsasda keçirilməsinin önəminə diqqət çəkərək, ikitərəfli iqtisadi münasibətlərin, xüsusilə də enerji və qarşılıqlı sərmayə qoyuluşu sahələrində əməkdaşlığın inkişaf perspektivlərinə toxunublar. Bununla yanaşı, Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının bütün istiqamətlər üzrə fəaliyyətinin gücləndirilməsinin qarşılıqlı faydalı əməkdaşlığa xüsusi töhfə verməklə yanaşı, hər üç ölkənin regional və qlobal mövqelərinin möhkəmlənməsinə xidmət edəcəyi diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov bu il ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yeni əməkdaşlıq sahələri üçün əlverişli imkan yaratdığını vurğulayıb.

Görüşdə gündəlikdə duran digər aktual məsələlər və qarşılıqlı maraq kəsb edən ikitərəfli və çoxtərəfli mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində bu ölkənin Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, baş qərargah rəisi Asim Munirlə də görüşüb. Görüş əsnasında iki ölkə arasında müdafiə və hərbi sahədə əməkdaşlığın perspektivləri, habelə müdafiə sənayesi sahəsində iki ölkənin ixtisaslaşmış qurumları arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Ceyhun Bayramov Azərbaycan və qardaş Pakistan arasında hərbi-texniki sahədə əməkdaşlıq üçün qarşılıqlı səfərlərin və sıx təmasların vacibliyini vurğulayıb. İki ölkənin Silahlı Qüvvələri arasında qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılması, habelə müvafiq qoşun növləri arasında təcrübə mübadiləsinin həyata keçirilməsi üçün ikitərəfli, habelə Azərbaycan-Türkiyə-Pakistan formatında üçtərəfli hərbi təlimlərin əhəmiyyəti qeyd edilib.

Nazir həmsöhbətini, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi və normallaşma prosesi, habelə Azərbaycanın 4 kəndinin qaytarılması və sərhədin müəyyən hissəsinin delimitasiyası prosesində əldə edilən son razılaşmalar barədə məlumatlandırıb.

Görüş zamanı digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Göründüyü kimi, iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir. Bu dost ölkə keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini bildirib. Belə ki, Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini soyqırımı kimi tanıyıb.

Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyir. Hər iki dövlət bir çox beynəlxalq platformalarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyirlər. İki dost dövlət müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və farmakoloji preparatlar, xüsusilə bütün mümkün domenlərdə birgə müəssisələrin qurulması və digər sahələrdə əməkdaşlıq edirlər. Eyni zamanda, Heydər Əliyev Fondunun bu ölkədə həyata keçirdiyi bir sıra humanitar və xeyriyyə xarakterli layihələr də ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə kimi dəyərləndirilir. Belə ki, Fond “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Pakistanda bir neçə məktəbin yenidən qurulmasına dəstək nümayiş etdirib. Bu baxımdan, Pakistanda qızlar üçün yeni məktəbin tikintisi, İslamabadda, eləcə də Pakistanın digər əyalətlərində silsilə humanitar aksiyalar da xeyriyyəçilik tədbirləri sırasında yer alır.

Azərbaycanın bu dost ölkə ilə əməkdaşlığında hərbi sahədə əməkdaşlıq da hər zaman mühüm rol oynayıb. Bu cəhətdən Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 2002-ci ildə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib. Yeri gəlmişkən, qeyd edək ki, 44 günlük Vətən müharibəsində Pakistan birmənalı olaraq Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Dost və qardaş ölkə bu gün də Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycanın mövqeyini bütün beynəlxalq platformalarda müdafiə edir. Bütün bunlar ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini təsdiqləyir. 

N.BAYRAMLI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
40
yeniazerbaycan.com

10Mənbələr