AZ

Əsl dostluq bax, belə olar!..

Dünyaya inteqrasiya edən Azərbaycanın hazırda bəzi dövlətlərlə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Onlardan biri də müstəqilliyimizi ilk tanıyan dövlətlərdən olan Macarıstandır.

Bəri başdan bildirək ki, hazırda Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir. Hər iki ölkə təmsil olunduqları beynəlxalq təşkilatlarda bir-birinin mövqelərini dəstəkləyir və ədalətli qərarların qəbul olunmasına töhfə verir. Bir məqamı da xüsusi vurğulayaq ki, Macarıstan Azərbaycanın Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir.

İqtisadi əlaqələrə gəldikdə, Macarıstan Azərbaycan ilə enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir. Dost dövlət Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin oynadığı rolu həmişə təqdir edir. Yeri gəlmişkən qeyd edək ki, Avropa bazarında Azərbaycan qazının alıcıları arasında Macarıstan da var. Macarıstanın təbii qaza illik tələbatı 9-10 milyard kubmetrdir. Bu ölkə isə ildə yalnız 1,5 milyard kubmetr qaz istehsal edir ki, bu da çox azdır. Ona görə də Macarıstan yaxın tərəfdaşı Azərbaycandan təbii qaz idxal edir. Heç də təsadüfi deyil ki, iki il öncə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”, bu ilin may ayında isə sözügedən dörd ölkə bununla bağlı birgə müəssisənin yaradılması barədə memorandum da imzalayıb. Bu müəssisənin əsas məqsədi “Yaşıl enerji dəhlizi” layihəsinin həyata keçirilməsidir.

Macarıstan Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərində fəal iştirak edir. Belə ki, Macarıstan işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə könüllü ianə edib. Cəbrayıl rayonunun Soltanlı kəndinin inşası da macar şirkətlərinin iştirakı ilə həyata keçirilir. Şübhəsiz, Macarıstanın Qarabağda tikinti-quruculuq işlərinə belə dəstək verməsi əsl dostluğun göstəricisidir. Məlumat üçün bildirək ki, Macarıstan şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb.

Ötən ilin yanvar ayında iki ölkə arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Həmçinin  “Azərbaycan Respublikasının Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu” həyata vəsiqə alıb.Dünyada çox az sayda ölkə var ki, aralarında belə münasibətlər olsun. Elə bu kimi səbəblərdən bəzi Qərb dövlətləri iki dövlət arasındakı münasibətlərə qısqanclıqla yanaşırlar.

Bütün bunlar barədə Bakı Enerji Forumunda, həmçinin Azərbaycan ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasında və digər tədbirlərdə də söz açılıb. Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Bakı Enerji Forumunda çıxışı zamanı bildirib ki, rəsmi Budapeşt Azərbaycanın qlobal xarakter daşıyan layihələrini dəstəkləməklə yanaşı, özünün enerji təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan ilə əməkdaşlıq əlaqələrini də davam etdirəcək. O, həmçinin vurğulayıb ki, Azərbaycan uzaqgörən enerji strategiyası hazırlayıb və həyata keçirir. Bu strategiya daha çox yaşıl enerji istehsal etməkdən ibarətdir ki, buna da Azərbaycanın təbii və coğrafi mövqeyi imkan verir: “Macarıstan yaşıl enerjiyə keçid proseslərini dəstəkləyir və bu istiqamətdə Azərbaycan ilə əməkdaşlıq əlaqələrini davam etdirəcək”. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29)  çərçivəsində görülən işlər, həmçinin bərpaolunan enerji, o cümlədən Qara dəniz sualtı kabel/Yaşıl Orta dəhlizin fəaliyyətinin davam etdirilməsinin zəruriliyi də  də diqqət mərkəzində olub.

Peter Siyarto Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında  siyasi məsələlərə də münasibət bildirib. “Macarıstanın Avropa İttifaqı Şurasının sədri kimi üzərində çalışacağı əsas məsələ dövlətlər arasında sülh və əməkdaşlıq təşəbbüslərinin dəstəklənməsi olacaq” deyən  Peter Siyarto Avropa Sülh Fondunun Ermənistana 10 milyon dollarlıq yardımı məsələsinə də toxunub. Bildirib ki, eyni məbləğdə yardım Azərbaycana da göstərilməlidir.

İki ölkənin rəsmiləri arasında keçirilən bu görüşlər çərçivəsində bir neçə sənəd də imzalanıb ki, onlardan biri də Macarıstanın MVM şirkətinin “Şahdəniz” layihəsində pay alışı ilə bağlı olub. Qeyd edək ki, sözügedən şirkət “Şahdəniz” dəniz qaz-kondensat yatağının işlənməsi layihəsində 5 %-lik payın alınmasını qaz tədarükünün şaxələndirilməsi baxımından mühüm addım hesab edib. Bütün bunlar isə o deməkdir ki, iki ölkə arasındakı tarixi köklərə əsaslanan dostluq, etibarlı tərəfdaşlıq təkcə maraqlara deyil, həm də ümumi dəyərlərə əsaslanır. Bu mənada qarşılıqlı inam və etimada əsaslanan, gündən-günə yeni məzmunla zənginləşən Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu əminliklə söyləmək olar.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
31
ikisahil.az

10Mənbələr