AZ

Xavi “Barselona”da qalmaq qərarını izah etdi

“Barselona”nın baş məşqçisi Xavi cari mövsüm bitdikdən sonra “blauqrana” düşərgəsində qalmağa nədən qərar verdiyini iza edib.

Arena.az xatırladır ki, daha əvvəl ispan mütəxəssis cari mövsümün bitməsilə Kataloniya klubundan ayrılacağını və bu qərarından heç bir vəchlə daşınmayacağını dəfələrlə qətiyyətlə vurğulamışdı:

“Qalmaq qərarım sadədir. Əvvəlcə, məsuliyyət hiss etdim və kənara çəkilməyimin daha yaxşı olacağını düşündüm. Amma aylar keçdi və indi hər şeydə inam görürəm. Klub, prezident, idman direktoru və oyunçuların dəstəyini hiss edirəm. Bu, əsas idi”, – “Mundo Deportivo” nəşri Xavidən sitat gətirir.

Xavi Ernandes “Barselona”nı 2021-ci ilin noyabrından çalışdırır. 44 yaşlı mütəxəssisin Kataloniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Barselona” Xavinin məşqçilik karyerasında ilk nəhəng komandadır. Buna qədər ispan mütəxəssis Qətərin “Əl-Sədd” komandasını çalışdırıb və komandasına Qətərin yerli əhəmiyyətli bütün qənimətlərini qazandırmağı bacarıb.

“Barselona” Xavinin rəhbərliyi altında ümumilikdə 137 oyun keçirib. “Blauqrana” bu oyunlarda 86 qələbə qazanıb, 23 heç-heçə edib və 28 məğlubiyyətə üzülüb. “Blauqrana”nın top fərqi isə 268:153 nisbətindədir.

Geridə qalmış 2022/2023 mövsümündə mütəxəssis “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək mütəxəssisin 24 ili məhz “Barselona”da keçib. Xavi futbolçu kimi 17 il Kataloniya klubunun əsas komandasında çıxış edib.

Hazırda Xavinin “Barselona”sı İspaniya La Liqasının 33 turundan sonra 73 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. La Liqaya Kataloniya təmsilçisinin əzəli rəqibi, 84 xala malik Madrid “Real”ı başçılıq edir.

Cari mövsümdə Xavinin “Barselona”sı bütün yarışlarda mübarizəsinə xitam verib və La Liqanın “gümüş”ü hazırda “blauqrana”nın yeganə təsəllisidir ki, kollektiv bunun uğrunda hələ mübarizə aparmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
222
50
arena.az

10Mənbələr