AZ

Antisanitar şəraitdə fəaliyyət göstərən şirniyyat istehsalı müəssisəsi aşkarlanıb

Bakı, 13 oktyabr, AZƏRTAC

Xırdalanda antisanitar şəraitdə fəaliyyət göstərən şirniyyat istehsalı müəssisəsi aşkarlanıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Abşeron rayonu, Xırdalan şəhərində fəaliyyət göstərən, fiziki şəxs Əhədov Hacıbala Hacıdədə oğluna məxsus şirniyyat istehsalı müəssisəsində agentlik əməkdaşları tərəfindən planlı yoxlama aparılıb.

Baxış zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Belə ki, işçi heyətin məcburi tibbi müayinədən keçmədiyi, texnoloji prosesin ardıcıllığına əməl edilmədiyi, çarpaz çirklənmə riskinin yarandığı, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, istehsal olunan məhsulların markalanmasının qanunvericiliyin tələblərinə cavab vermədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub, markalanması qanunvericiliyin tələblərinə cavab verməyən məhsulların satışı dayandırılıb və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
224
11
azertag.az

10Mənbələr