AZ

Məhkəmə dostu ilə birgə kafedə dava salan şəxslə bağlı qərar çıxardı

Ali Məhkəmədə xuliqanlıqda təqsirləndirilən Rəmzi Talıbov və Kamran İbrahimovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.


İttihama görə, hadisə 19 iyul 2023-cü il tarixdə, saat 00:10 dəqiqədə Naxçıvan şəhəri 61-ci məhəllədə yerləşən “Faytonçu” kafedə qeydə alınıb.


Belə ki, Rəmzi Talıbov tanışı Kamran İbrahimov ilə birgə sözügedən kafedə əylənən zaman həmin obyektdə sintezatorçu işləyən zərərçəkmiş Mahir Əsədovun (şərti) istifadəsində olan “Korg Pa 800” markalı sintezatoru qıraraq ona 1450 manat dəyərində maddi ziyan vurub. O, mübahisə zamanı kafeyə müştəri kimi gələn zərərçəkmiş Nahid Umudova (şərti) və kafenin icarədarı zərərçəkmiş Əmir Əmirliyə (şərti) fiziki zor tətbiq edəcəyi ilə hədələyib. Rəmzi Kamranla birlikdə Nahid Umudova yumruq ataraq onu döyüb, həmçinin dəhrəni əlinə götürərək kafenin içərisində olan şəxslər üçün real təhlükə yaradaraq oradakı əmlaklara ziyan vurub.


Naxçıvan Şəhər Məhkəməsinin hökmü ilə Rəmzi Talıbov 2 il 1 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib, Kamran İbrahimov isə 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub. Naxçıvan MR Ali Məhkəməsinin apellyasiya şikayətini təmin etməyib. Daha sonra Rəmzi Talıbov kassasiya şikayəti ilə Azərbaycan Ali Məhkəməsinə müraciət etmişdi.

Kamal Məmmədov 

Tarix: 3 Sentyabr 2024, 08:53   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
50
pravda.az

10Mənbələr