AZ

Ermənistan iki od arasında – Rusiya ilə Qərbin hərbi qarşıdurması gözlənilir?

Nikol Paşinyan Ermənistanda hakimiyyətə gələndən sonra Qərbin diktəsi ilə Rusiya əleyhinə apardığı siyasət yeni mərhələyə qədəm qoyub. Belə ki, son zamanlar bu ölkənin Fransa və ABŞ kimi ölkələr tərəfindən silahlandırılması, bu ölkələrin hərbçilərinin Ermənistanda mövcudluğunu artırması, üstəlik Avropa İttifaqının (Aİ) müşahidə missiyası adı altında bu ölkədəki hərbi fəaliyyəti intensiv hal alıb. Lakin Ermənistan nə qədər Qərbə üz tutsa da, Rusiyanın bu ölkədəki mövcudluğu, daha doğrusu İrəvanın Moskvadan asılılığı heç kimə sirr deyil. Belə olan təqdirdə, yəni Qərbin Ermənistanda hərbi mövcudluğunu artırması Kremlin daha çox narahatlığına səbəb olur. Bu hal isə bir sualı gündəmə gətirir: Ermənistan daxilində Qərb-Rusiya qarşıdurması gözləniləndir?

Medianews.az xəbər verir ki, siyasi elmlər doktoru Nazim Cəfərsoy mövzunu oxu.az-a dəyərləndirib.

O bildirib ki, Ermənistanda Rusiya ilə Qərb arasındakı rəqabət yeni proses deyil: “Ermənistan müstəqillik əldən edəndən etibarən bu proses müxtəlif istiqamətlərdə özünü göstərib. ABŞ və Fransa erməni diasporu üzərindən müxtəlif siyasi-iqtisadi layihələrlə bölgəyə daxil olmağa çalışıb. Rusiya da öz növbəsində, Ermənistandakı tarixi varlığını hərbi, siyasi, iqtisadi, mədəni kontekstdə qorumağa və gücləndirməyə çalışıb. Dolayısı ilə Rusiya ilə Qərb arasındakı Ermənistan mübarizəsi yeni bir hadisə deyil. Sadəcə olaraq Paşinyanın hakimiyyətə gəlməsi ilə bu proses yeni mərhələyə qədəm qoyub. İndi isə Rusiya daha çox müdafiə olunan, Qərb isə daha çox hücum edən tərəf kimi qarşımıza çıxır.”

“Digər tərəfdən, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi Ermənistandakı Rusiya-Qərb mübarizəsində yeni bir mərhələni gündəmə gətirib. Artıq Ermənistanın mövcud rəhbərliyi Rusiya ilə münasibətlərdə daha məsafəli davranır. Bu çərçivədə Rusiyanın həm Qarabağ münaqişəsindəki balanslı mövqeyi, həm də Azərbaycan və Türkiyə ilə münasibətlərinin inkişafı Moskvaya qarşı sərt ritorika kimi istifadə edilir. Eyni zamanda, Ermənistan bölgədə xarici qüvvələrin təsirini balanslaşdırmağa çalışır deyə, Qərbi aktiv şəkildə proseslərə daxil edir. Bu isə həm siyasi dəstək, həm iqtisadi layihələr, həm də Ermənistanın müdafiə imkanlarının inkişaf etdirilməsi istiqamətində özünü göstərir. Burada Fransa qismən önə çıxsa da, son dövrlər Amerika Birləşmiş Ştatlarının da prosesdə aktivliyi müşahidə edilir. Həmçinin, Avropa İttifaqının müdafiə ehtiyacları üçün Ermənistana dəstək nümayiş etdirilməsi faktları da mövcuddur. Təbii ki, bu reallıq da Rusiya ilə Qərb arasındakı mübarizənin getdikcə daha da gərginləşməsi deməkdir”, – deyə müsahibimiz vurğulayıb.

Onun sözlərinə görə, bu rəqabətin həm Ermənistan, həm region, həm də Azərbaycan – Ermənistan münasibətləri üçün çox böyük riskləri var: “Hətta bu risklər cənab Prezident tərəfindən də ifadə edilib ki, Cənubi Qafqazdakı proseslər geosiyasi fəlakətlə nəticələnə bilər. Düzdür, Ukrayna ilə müharibə hələlik Rusiyanı proseslərdə gözləmə mövqeyinə keçirib, ancaq Qərb də bundan sui-istifadə edərək daha aktiv şəkildə fəallıq göstərir, eyni zamanda, Paşinyan da fürsətdən istifadə edib Rusiyadan daha çox uzaqlaşmağa çalışır. Bu isə Ermənistan daxilində Rusiya və Qərb tərəfdarlarının rəqabəti şəklində özünü təzahür etdirə bilər. Hətta Ermənistan daxilində hakimiyyət dəyişikliyi, qeyri-stabillik kimi hallar da gündəmə gələ bilər. Belə olan təqdirdə isə Azərbaycan-Ermənistan müzakirələri tamamilə dayanıb yeni şərtlərlə sıfırdan başlaması istisna deyil. Bu da Azərbaycan – Ermənistan münasibətlərinin normallaşmasına ciddi zərbə vuracaq bir proses olacaq.

Bir başqa əhəmiyyətli məqam ondan ibarətdir ki, Rusiya ilə Qərb arasında post-sovet coğrafiyasındakı gərginliklərin, geosiyasi rəqabətlərin müharibə ilə nəticələndiyi nümunələr var. Gürcüstan və Ukrayna bunun bariz nümunəsidir. Hər halda, istənilən mümkün qarşıdurma Cənubi Qafqazda hərbi-siyasi vəziyyətin daha da gərginləşməsi ilə nəticələnə bilər ki, bu da arzulanmayan ssenaridir”, – Cəfərsoy fikrini yekunlaşdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
50
medianews.az

10Mənbələr