AZ

Kreml düyməyə basıb: Əvvəlcə, Gürcüstan, ardınca isə... - NƏ BAŞ VERİR?

ABŞ Gürcüstanda “rəngli inqilab” hazırlayır. Rusiya Xarici Kəşfiyyat Xidmətinin yaydığı məlumatda belə deyilir.Rəsmi Moskva amerikalıların oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ərəfəsində Gürcüstanda vəziyyətin inkişafından son dərəcə narazı olduğunu və ölkədə “rəngli inqilab” hazırladığını bəyan edir.Qeyd edək ki, avqustun 25-də ABŞ Dövlət Departamenti Gürcüstan hakimiyyətinin siyasətindən narahatlığını bildirən bəyanat qəbul edib:“Birləşmiş Ştatlar hakim “Gürcü Arzusu” partiyasının getdikcə artan antidemokratik ritorikasından və hərəkətlərindən dərin hələ də narahatdır. Biz Gürcüstan hökumətini insan haqlarına və əsas azadlıqlara hörmət etməyə və tənqidçiləri düşmən saymağı dayandırmağa çağırırıq”, - deyə Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin bəyanatında bildirilir. Seçkilər ərəfəsində ABŞ və Avropa İttifaqı ilə Gürcüstan hakimiyyəti arasında münasibətlərin gərginləşməsi fonunda payızda “məxməri inqilab”ın baş verəcəyinə dair proqnozların sayı artıb.Ancaq müxalifətin etirazları seçki prosesinin gedişindən və səsvermənin nəticəsindən asılı olacaq. Xüsusilə də hakim partiya seçkilərdə səs çoxluğu ilə qalib gələ bilsə, o zaman Qərb növbəti beş il üçün “Gürcü Arzusu”nun hakimiyyəti ilə əməkdaşlıq etməyə məcbur olacaq.Yəni inqilab etmək üçün Qərbin hər hansı arqumenti qalmayacaq. İnqilabı şərtləndirən digər amil seçkilərin nə qədər şəffaf və demokratik keçiriləcəyinə bağlıdır. Əgər müxalifətə qarşı siyasi təqiblər, zorakılıq və səsvermə zamanı saxtalaşdırmaya yol verilsə, alternativ siyasi düşərgə bundan hakimiyyəti dinc inqilab yolu ilə dəyişmək üçün istifadə etməyə çalışacaq.Bu, Qərbə də Gürcüstan müxalifətinə siyasi dəstək vermək üçün arqument yarada bilər. Hakimiyyət və müxalifət arasında siyasi gərginliyin artan xətt üzrə getməsi payız aylarının Gürcüstanda kifayət qədər “qızmar” keçəcəyindən xəbər verir.“Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının may ayında qəbul etdiyi “Xarici Təsirin Şəffaflığı haqqında” Qanunun avqust ayında icrasına başlanılıb. Bu sənədə əsasən, siyasi partiyaların dövlət reyestrində yenidən qeydiyyata alınması seçkilər öncəsi hakimiyyətin müxalifətə təzyiq imkanlarını artıracaq.Eyni zamanda, xarici fondlardan maliyyələşən qeyri-hökumət təşkilatları yeni qanunla “xarici agent” kimi tanındığına görə, müşahidəçi kimi seçki prosesinə buraxılması çətinləşəcək. Bu isə müxalifətin və Qərbin Gürcüstanda seçkilərin şəffaflığını şübhə altına almasına, etiraz aksiyalarının baş qaldırmasına səbəb ola bilər.Gürcüstan rəhbərliyinin son günlər verdiyi sərt bəyanatlar seçkilər öncəsi ölkədə kifayət qədər gərgin siyasi qütbləşmənin yarandığını göstərir.Hakimiyyət və müxalifət parlament seçkilərinə bir-birinin siyasi mövcudluğuna son qoymaq vasitəsi kimi baxır. Baş nazir İrakli Kobaxidze “Gürcü Arzusu”nun seçkilərdə inamlı qələbə qazanacağı təqdirdə, parlamentə daxil olan müxalifətçi deputatları mandatlarından məhrum etmək niyyətində olduğunu deyib.Müxalifət baş nazirin bu sözlərini kütləvi repressiya elanı kimi qiymətləndirib və öz fəaliyyət planını təqdim edib. Partiyanın ofisində keçirilən brifinqdə Kobaxidze bildirib ki, keçmiş prezident Mixail Saakaşvilinin yaratdığı “Vahid Milli Hərəkat” partiyasını Konstitusiyaya zidd qüvvə elan etmək və eyni zamanda, onları mandatlarından məhrum etmək üçün “Gürcü Arzusu” konstitusiya çoxluğu əldə etməlidir. Ancaq baş nazir yalnız “Vahid Milli Hərəkat” partiyasını deyil bütün müxalifəti hədələyib. Kobaxidze digər parlamentdə deputat mandatı qazanacaq digər müxalifətçilərin də mandatlarını itirəcəyini bəyan edib.“Növbəti çağırış parlamentin şərtlərinə uyğun olaraq, “Vahid Milli Hərəkat” məhz öz əlaltıları və varis partiyaları ilə mühakimə olunmalıdır. Hakimiyyətdə olanda da, sonra müxalifətdə olduğu 12 il ərzində də həddini aşan hər kəs törətdikləri cinayətlərə görə məhkəmədən qaça bilməz” - Gürcüstanın baş naziri belə deyib.“Gürcü Arzusu” partiyasının təsisçisi Bidzina İvanişvili də avqustun 26-da Ambrolauridə seçicilərlə görüşü zamanı qalib gələcəkləri təqdirdə Mixail Saakaşvilinin partiyasını ləğv edəcəyini vəd edib.“Hakim partiya parlament seçkilərində konstitusiya çoxluğunu əldə etməlidir. Çünki o, nəhayət, Gürcüstanı “Vahid Milli Hərəkat” partiyasından “xilas etməlidir”, - deyə İvanişvili bildirib.Onun sözlərinə görə, ““Vahid Milli Hərəkat”ın Gürcüstan siyasətindən çıxarılması Gürcüstanın siyasi sisteminin təkmilləşdirilməsi üçün həyati əhəmiyyət kəsb edir”.Bunu “xalqın sifarişi” adlandıran İvanişvili seçkidən sonra cinayətkarların məhkəmə qarşısında ciddi cəzalandırılacağını deyib. Çox güman ki, Gürcüstan müxalifəti də özünün gözlənilən hücumlardan müdafiə etmək üçün seçkilərdə hakimiyyətin dəyişilməsinə nail olmağa çalışacaq. Bu prosesin seçkilər, yoxsa “məxməri inqilab” yolu ilə baş verəcəyi isə müxalifətin qazana biləcəyi səslərin sayından çox asılıdır. Hakimiyyətin saxtalaşdırmaya yol verməsi isə Gürcüstanda inqilabi proses üçün siyasi “qığılcım” rolu oynaya bilər. Gürcüstan rəhbərliyinin açıqlamaları seçkidən dərhal sonra hakimiyyətin “məxməri inqilab”ı edə biləcək Qərbyönümlü partiyalara qarşı repressiv hücumlara başlayacağını deməyə əsas verir. Hətta siyasi partiyaların nümayəndələri ilə yanaşı, bir sıra vətəndaş cəmiyyəti fəalları da “xarici agent” adı altında həbs oluna bilər.Rusiya Xarici Kəşfiyyat Xidməti yaydığı məlumat da çox güman ki, müxalifətə qarşı dövlət çevrilişi ittihamı ilə cinayət təqbinin başlanılması üçün hüquqi əsas yaratmaq məqsədi daşıyır. Moskvanın və Vaşinqtonun yaydığı məlumatlar oktyabrın 26-dan sonra Gürcüstan üzərində Qərb-Rusiya qarşıdurmasının yenidən başlanacağını göstərir. Aprel-may aylarında baş verən etiraz aksiyaları fonunda yaranmış geosiyasi gərginlik “xarici agentlər haqqında” Qanunun qəbulundan və ardınca gələn isti yay ayları ilə əlaqədar səngidi. Hətta bu vəziyyət İvamnişvili hakimiyyətinə dəstək verən Rusiyanın Qərb üzərində qələbəsi kimi kimi şərh olundu. Lakin Gürcüstanda qarşıdan gələn parlament seçkiləri maraqlar toqquşmasının yeni və daha gərgin mərhələyə daxil olmasına gətirib çıxara bilər.Rusiyanın bu prosesdə qalib gəlməsi Gürcüstanda Qərbyönümlü siyasi qüvvələrin sıradan çıxması istiqamətində sərt addımların atılması ilə nəticələnəcək və İvanişvili hakimiyyəti bunu açıq şəkildə bəyan edir.Bu isə perspektivdə Gürcüstanın Avropa İttifaqına və NATO-ya inteqrasiyadan imtina etməsi, neytral dövlət statusu alması və MDB-yə qayıtmasını təmin edəcək. Artıq Avropa İttifaqı Gürcüstanın üzvlüyə namizədlik statusunu dondurub.Rusiyanı narahat edən digər amil isə ABŞ-nin Cənubi Qafqazda hərbi və geosiyasi fəallığının artması ilə bağlıdır. Hazırda ABŞ və Avropa İttifaqı Ermənistan üzərindən regiona daha aktiv müdaxilə və yerləşmək imkanına malikdir. Ancaq Gürcüstanda müxalifətin hakimiyyətə gəlməsi və ya “məxməri inqilab”ın baş verməsi, Cənubi Qafqazın ikinci ölkəsində də qüvvələr nisbətinin Qərbin xeyrinə dəyişməsi deməkdir. Bu da Rusiya üçün daha təhlükəli nəticələr doğura bilər. Çünki Gürcüstan Rusiya ilə həmsərhəddir. Bu ərazilərdə Abxaziya və Cənubi Osetiya münaqişələrin mövcud olması Gürcüstan üzərindən Rusiyaya ikinci cəbhə açmaq təhlükəsi yaradır. Üstəlik, Gürcüstanın Qərbin nəzarətinə keçməsi Rusiyanın Qara dənizə çıxışını məhdudlaşdıracaq. Yəni Gürcüstanda həm də Qara dəniz hövzəsi uğrunda mübarizə gedir.Bu baxımdan, Ermənistandakı proseslərin gələcək vəziyyəti Gürcüstanda seçkilərdə baş verəcək siyasi proseslərdən asılıdır. Rusiya və Qərb arasında Cənubi Qafqazda gedən qarşıdurmanın siyasi “episentr”i payız aylarında Ermənistandan Gürcüstana keçəcək. Əgər Gürcüstanda İvanişvili hakimiyyəti, yəni Rusiya qalib gələrsə, Ermənistanda müxalifətin etiraz aksiyalarının güclənəcəyini və Nikol Paşinyan hakimiyyətinə qarşı təzyiqlərin artacağını proqnozlaşdırmaq olar.Əksinə, “məxməri inqilab” olarsa, bu, Nikol Paşinyanın siyasi mövqelərinin güclənməsi, revanşist müxalifətin iflası və Ermənistanın Kollektiv Təhlükəsilik Müqaviləsindən çıxmasına səbəb ola bilər. Müşfiq Abdulla “Cebheinfo.az”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
50
dia-az.info

10Mənbələr