AZ

Tələbələr seçim etdilər və yeni problemə düşdülər- kirayə ev baha, yataqxana yenə yox...

Image

Hazırda tələbə adını alanların, xüsusən rayondan Bakıya gələnlərin bir dərdi var, o da ev problemidir. Belə ki, qalmağa yeri olmayanlar başlayır qəbul olduqları universitet ətrafında kirayə mənzil axtarmağa. 

Yaxınlıqda ev tapanda isə qiymətdə narazılıqlar ortaya çıxır. Qeyd edək ki, universitetlərin yerləşdiyi şəhərin mərkəzi hissəsində hazırda 600 manata belə ev tapmaq müşkül məsələyə çevrilib. Belə ki, təklif olunan qiymətləri bir tələbə qarşılaya bilmədiyi üçün məcbur olur özünə yoldaş axtarır. Universitetlərin yataqxanasında bir tələbə üçün qiymət 34 manatdan başlasa da, bir çoxunda keçmiş məcburi köçkünlərin məskunlaşması əksər gəncləri bu imkandan məhrum edir. Həmçinin, universitet yataqxanalarında xarici tələbələrin qalması yerli tələbələri çətin vəziyyətə salır.  

Universitetlərin yataqxanalarında yer tapmayan tələbələr nə etməlidir?

Elnur Fərzəliyev: “Tələbələrin və gənc ailələrin böyük hissəsinin kirayələrdə qalmasının səbəbi…” 

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, tələbələrin və gənc ailələrin böyük hissəsinin kirayələrdə qalmasının səbəbi paytaxt Bakı və digər şəhərlərdə daşınmaz əmlakın satış qiymətinin kəskin baha olmasıdır: “Mərkəzi ərazilərində kirayə mənzillər baha olduğuna görə tələbələr məcburən kənar ərazilərə üz tuturlar. Çünki fərdi həyət evlərindəki kirayə qiymətləri nisbətən ucuzdur. Həyət evlərində kirayə qiymətləri ucuz olsa da, yol uzaq olduğundan tələbələr vaxt itirirlər”.

Elxan Əliyev: “Tələbələrin kirayə evlərdə yaşaması həm təhsil, həm maddi, həm də təhlükəsizlik baxımından uyğun deyil” 

Sosial sahə üzrə ekspert Elxan Əliyev qeyd etdi ki, yeni açılmış ali məktəblərin müasir yataqxanaları var. Köhnə universitetlərdən bəziləri də öz yataqxanalarının qayğısına qalaraq təmir edib müasirləşdirib. Lakin yataqxanaya ehtiyac, hər il olduğu kimi, cari ildə də qalır: “Bu məsələdə xarici təcrübədən bəhrələnmək lazımdır ki, bunlardan biri də özəl yataqxana təcrübəsidir. Özəl yataqxana dünyanın müxtəlif ölkələrində var. Belə ki, həmin yataqxanalar pullu olsa da, kirayə mənzillərə nisbətən çox ucuzdur. Bu baxımdan, özəl yataqxanalar tələbələrin kirayə probleminin həll yolu ola bilər. Tələbə qayğı içərisində oxumamalıdır. Sosial problemlər təhsilin keyfiyyətinə təsir göstərən amildir. Təhsilin əlçatan olması üçün bu problemlər həllini tapmalıdır. Bundan başqa, Bakıda tikilən çoxmərtəbəli binaların bir neçə mərtəbəsi universitetlər tərəfindən alınaraq yataqxana kimi istifadə edilə və oradan universitetlərə gəlir gələ bilər. Bu yolla tələbələr üçün yaranmış bir neçə ciddi problem öz həllini tapa bilər. Tələbələrin kirayə evlərdə yaşaması həm təhsil, həm maddi, həm də təhlükəsizlik baxımından uyğun deyil. Kirayə mənzillər bir çox hallarda sakinlərin sıx yaşadığı və təhsil mühitinin olmadığı yerlərdə yerləşir. Bu zaman yerli sakinlərlə tələbələr arasında xoşagəlməz hadisələr, hətta fiziki zorakılıq halları da baş verir. Kirayə mənzillərdə tələbələr gigiyenik qaydalara da riayət etmirlər və bu səbəbdən onların arasında yoluxucu və mövsümi xəstəliklər də çox yayılır. Problemdən çıxış yolu isə hər bir ali təhsil müəssisəsində tələbələr üçün yaxşı şəraiti olan yataqxanaların olmasıdır”.

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
50
baki-xeber.com

10Mənbələr