AZ

“İlin gənc müəllimi”: Laçına qabaqcıl təhsil işçisi kimi geri qayıtdım - MÜSAHİBƏ

Prezident cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri təntənəli şəkildə qeyd olunacaq. Sərəncama əsasən, “26 avqust – Laçın şəhəri günü” elan edilib.

 

Bu münasibətlə AzEdu.az-a danışan Laçın şəhər 2 nömrəli tam orta məktəbin direktor müavini Şəbnəm Uğurlu dünyaya gəldiyi doğma torpağı ilə bağlı xoş xatirələrini bölüşüb.

 

Həmsöhbətimiz Laçını tərk edən zaman 5 yaşında olduğunu qeyd edib:

 

“1986-cı ildə Laçın rayonunda anadan olmuşam. Bakı şəhəri Nəsimi rayonu 54 saylı orta məktəbin 1-ci sinfinə getdim. Orta məktəbimi bitirdikdən sonra bakalavr təhsilimi Azərbaycan Dillər Universitetində aldım. Magistratura üzrə isə ADA Universitetində Təhsilin idarə edilməsi ixtisası üzrə fərqlənmə diplom ilə məzun oldum. İxtisasca ingilis dili müəllimiyəm. Taxtakörpü məktəbində direktor olaraq çalışmışam, lakin Böyük Qayıdış Proqramı ilə Laçına köçdüyüm üçün direktorluqdan öz ərizəmlə imtina etdim.

 

Doğma torpaqlarımızdan didərgin düşən zaman 5 yaşım var idi. Azyaşlı olsam da evimizdən qorxu ilə çıxdığımız anlar bugünkü kimi yadımdadır. Laçının işğalından əvvəl Xocalı faciəsi baş vermişdi. Ona görə də qadınlar və uşaqları amansız düşmən əlinə keçməsin deyə rayondan çıxarmağa çalışırdılar. Hətta bir qohumumuz əlində silah tutmuşdu ki, əgər qızları, qadınları düşmənlər ələ keçirsə, onları silahla vurub öldürə bilək. O qorxuyla artıq biz gedib Bakıya çatmışdıq. 32 ildən sonra qürurvericidir ki, uşaq kimi ayrıldığım Laçından təhsil işçisi kimi geri qayıtdım".

 

Ş. Uğurlu Laçına qayıtdığı gün keçirdiyi hisslərdən danışıb:

 

“Laçında öz evimizə geri döndüyüm zaman ilk növbədə keçmiş günləri xatırlayıb kövrəldim. Ona görə ki, 32 il əvvəl atamın öz əli ilə divara işlədiyi rəsmlərin heç biri yox idi.

 

Atam ixtisasca Rus dili müəllimi olub. Həmçinin çox gözəl rəssamlıq qabiliyyəti var idi. Atam bütün musiqi alətlərində ifa etməyi bacarırdı. Laçında dövrünün ən istedadlı şəxslərindən biri kimi tanınırdı. Evimizə qayıdanda həyətimizdən torpaq götürüb, atamın məzarının üstünə tökdük. Onu da qeyd edim ki, atam və nənəm hazırda fəaliyyət göstərdiyim Laçın şəhər 2 nömrəli tam orta məktəbin müəllimi olublar.

 

Hazırda ata evimizdə yaşayırıq. Dəniz və Günəş adında iki övladım var. Övladlarımda Laçın şəhəri 2 nömrəli tam orta məktəbin şagirdləridir. Düşmənlər uzun müddət bu evdə yaşadığına görə evi pis vəziyyətə qoymuşdular. Lakin dövlətimiz evimizi bərpa edib. Burada yarımçıq qalan uşaqlığımızı övladlarımız davam edirlər. Hər şey nə qədər gözəl olsa da, itirilmiş 32 il var...

 

Bu gün mənim üçün böyük qürurdur ki, artıq buraya Azərbaycanın qabaqcıl təhsil işçisi kimi geri dönmüşəm. 2019-cu ildə Elm və Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişəm”.

 

Şəbnəm Uğurlunun sözlərinə görə, Azərbaycan müəllimi hansı fənni tədris etməyindən asılı olmayaraq vətənə layiqli vətəndaşı yetişdirməyi bacarmalıdır:

 

“Azərbaycan Resuplikasının “Təhsil haqqında” qanununda müəllimlərin vəzifəsi kimi birinci təhsil vermək dayanmır. Təhsilin məqsədi ilk növbədə Azərbaycanın mili-mənəvi dəyərlərinə, demokratiya prinsiplərinə sadiq olan bir vətəndaş, vətənpərvər şəxsiyyət yetişdirməkdir. Ona görə də düşünürəm ki, Azərbaycan müəllimi hansı fənni tədris etməyindən asılı olmayaraq ilk növbədə vətənə layiqli vətəndaş yetişdirməyi bacarmalıdır. Çünki 44 günlük Vətən müharibəsi bizə bir daha göstərdi ki, Azərbaycan müəllimi qəhrəman, şəxsiyyətyönümlü vətəndaşı yetişdirməyi bacarır. İgid oğullarımız bir an belə düşünmədən torpaqlarımızdan ötrü şirin canlarından keçdilər”

 

Ş.Uğurlu bütün laçınlı müəllimlərin uzun illərdən sonra müqəddəs peşələrinə davam etdikləri üçün fəxr və qürur hissi keçirirdiyini söyləyib:

 

“Hər kəsin gözündə sevinc var. Hesab edirəm ki, bundan böyük xoşbəxtlik ola bilməz”.

 

Qeyd edək ki, Şəbnəm Uğurlu AzEdu.az Təhsil Portalının təşkilatçılığı ilə 2019-ci ildə “İlin Gənc Müəllimi” müsabiqəsinin qalibi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
50
azedu.az

10Mənbələr