AZ

Təhsildə düzgün seçimi necə edək?

Təhsil hər bir insan üçün vacib bir mövzudur. Hər bir insan təhsilli olmalıdır. Niyə də olmasın? Lakin seçimlər düzgün olmalıdır. Hansı rakursdan baxsaq, görərik ki, hər bir sahənin öz təhsilverən tərəfi var. Bəzən belə bir səhv düşüncə ilə də qarşılaşırıq ki, hər kəs təhsil almalı deyil, almaya bilər və s. Əslində isə seçimlər bu məsələdə hər şeyi ortaya qoyur. Bu gün ölkəmizdə hər bir sahəyə aid təhsil sistemi var. Əkinçiliklə məşğul olacaqsa, Azərbaycan Aqrar Universiteti, yaxşı əl qabiliyyəti varsa, Rəssamlıq Akademiyası, xarrat, dülgər, parket ustası və s. üçün peşə məktəbləri yetərincə var. Bəzi valideynlər və ölkəmizdə yanlış ictimai qınaq düzgün seçimlərin qarşısında sərhəd yaradır. Bir çox valideyn öz uşaqlarının istək, bacarıq və potensialını nəzərə almadan “qonşudan geri qalmamaq” prinsipi ilə öz istədikləri – hüquq, tibb və başqa ağır sahələrə yönəldirlər. Nəticə olaraq, şagird yetərli balı toplaya bilmir, bu zaman valideynin övladı ilə bərabər “macərası” başlayır.

 

Bu macəra fərqli axtarışlarla nəticələnir. Yanlış seçim, yanlış nəticə təlaş içərisində yanlış yola yönlənməyə gətirib çıxarır. Əsasən, bu “yanlış yön” xaricdə təhsil seçimi ilə başlayır.

 

Hər bir ölkənin vətəndaşı istəyər ki, öz ölkəsində deyil başqa bir ölkədə ali təhsil alsın. Bunun səbəbləri var. Bir səhv düşüncə də bu məsələdə var: bəziləri gənclərin xaricdə təhsil alma istəyini öz ölkəsindəki universitetləri bəyənməmək kimi, həmin ölkənin təhsilinin keyfiyyəti ilə razılaşmamaq kimi qələmə verir. Bu dünyagörüşsüzlüyün gətirdiyi faktorlardandır. Təbii ki, bu cür razılaşmayanlar da olacaq, bu,, hər yerdə var. Lakin əsas səbəblər tamamilə fərqlidir. Xaricdə təhsil alan bir gənc, ilk olaraq bir yeni dili mənimsəyir, bu həmin gəncin qarşısında fərqli bir qapı açır. Bu, tələbələrə dil bacarıqlarını təkmilləşdirməyə və oxuduğu ölkənin  dilində səlis danışmağa kömək edir. Fərqli ölkənin içərisində o xalqın bütün adət -ənənəsi, mədəniyyəti, həyat tərzi və s. ilə tanış olub ona adaptasiya olur, yeni bir kütlə tanıyır, dostlaşır, əlaqələrini genişləndirir, karyerasının ilk mərhələsini qurmağa başlayır ki, bu öz ölkəsində oxuyan tələbədən bir addım qabaqda olmağına gətirib çıxarır. Demək olar ki, tələbəliyin ilk addımından öz ölkəsindən fərqliliyin gətirdiyi nüanslar daha gözüaçıq, çalışqan, diqqətli və s. olmağı həmin gəncdən tələb edir. Gənc daha tez yetkinləşməyə, daha ötkəm qərarlar almağa, daha sərbəst yaşamağa başlayır. Nəzərə alsaq ki, övladının gözündən uzaqlaşmasını istəməyən, az qala bütün qərarları gənclərin yerinə özlərinin verməyinə çalışan valideynlər bizdə çoxluq təşkil edir, bu tərəfdən də sərbəstləşmək istəyən gənc də yönünü xaricə tutur.

 

Ölkəyə faydalılıq tərəfdən baxsaq, bu gənclər gedib oxuduğu ölkə ilə öz ölkəsinin arasında mədəni, iqtisadi, diplomatik və s. əlaqələrin qurulmasında xüsusi bir körpüyə çevrilir. Ən əsası isə, bu gənclər öz ölkəsinə kənardan baxış qazanır. Bu kənardan baxış öz ölkəsində olan və olmayan, çatışan və çatışmayan bütün cəhətləri görüb müqayisə etmək şansı yaradır. Təbii ki, hər bir vicdanlı şəxs istəyər ki, gördüyü bu yenilikləri öz ölkəsinə gətirsin, çatışmayan tərəfləri düzəldəcək alternativ yollar ortaya qoysun, ölkəsinə maksimum faydası toxunsun. Deməli xaricdə təhsil həm də hər bir ölkənin inkişafı üçün önəmli faktordur. Buna görə də dövlətlər tərəfindən də dəstəklənir, dövlət maraqlarını da təmin edir.

 

Bu qədər nüansı sadaladıq, xaricdə təhsil önəmlidir, bəs bu “yanlış yön” nədir?

 

Bu da öz içərisində şaxələnir, bir çox yönə ayrılır. Birincisi odur ki, öz ölkəmizdə imtahandan uğur qazanmayan gənc başqa ölkədə də müvəffəq olmur. Valideyn fikirləşir ki, övladım imtahandan keçmədisə xaricdə “sadəcə attestatla qəbul” təkliflərinə yönəlməliyəm. Fikirləşmir ki, bu iki yöndən zərərlidir. Birinci yön attestatla həqiqətən də qəbul edən universitetlərin dərs yükünün ağırlığını buna hazır olmayan, öz ölkəsində müvəffəqiyyətli olmayan gənc qaldıra biləcəkmi? Təcrübəmizdən görürük ki, bu cür gənclərin 90% - i həmin ölkələrdəki təhsil müəssisələrində illərlə vaxt itirib sonra da diplom ala bilmədən ölkəmizə geri qayıdırlar.

 

İkinci yöndən isə bu cür universitetlərin bəziləri dərs keyfiyyətinin aşağılığına və bir çox fərqli faktorlara görə dünya ölkələri tərəfindən tanınmamış, ölkəmizdə də akkreditasiyası olmayan universitetlərdir. Bu cür universitetlərin hər zaman bir işbaz dəstəsi olur və bir çox gözboyayıcı  vədlərlə valideynləri “yanlış yön”ə çəkməyi bacarırlar. Valideyn fikirləşir ki, bu, xaricdədirsə yaxşıdır, problemsizdir. Bir az da dünyagörşüsüzlük və bilgisizliyin nəticəsi isə neçə illər oxuduqdan sonra heç bir yerdə tanınmayan bir diplomun varlığı ilə nəticələnir. Gənc bitirib qayıdır, lakin diplom tanınmır.

 

Tanınmayan diplomları bir az araşdırdıqda ortaya çox maraqlı nüanslar çıxır, indi səbəblərə, əsas faktorlara daha dəqiq nəzər salaq.

 

Tələbə qəbul olur, dörd il müddət bitir, diplom sözün əsl mənasında “gəlir”, yəni ölkəyə gəlib çıxır, lakin tələbənin hətta bəzən qeydiyyat vaxtı belə gedib qeydiyyatda iştirak etmədiyi ortaya çıxır. “Oxuduğu” müddətdə dövlət qurumları tərəfindən təyin olunur ki, əyani oxumuş tələbə daim ölkə ərazisində olub, ölkədən gediş - gəlişi qeydə alınmayıb. Deməli, hər hansısa yollarla diplom əldə etdiyi faktiki olaraq ortadadır;

 

Dövlətimiz tərəfindən ölkəmizdən kənarda distant təhsil alan tələbələrin diplomu tanınmır, tanınması ilə bağlı qərar yoxdur;

 

Diplomu alınmış univeristetin, öz ölkəsində belə akkreditasiyadan keçməməsi;

 

Bunlar bir neçə faktordur. Valideynlər verilmiş vədlərin qurbanına çevrilməklə yanaşı öz övladının da həyatını alt-üst edir. Bəzən görürük ki, valideynlər əsgərlik yaşına çatmış öz övladını müəyyən müddətlik məcburi hərbi xidmətdən yayındırmaq məqsədi ilə də bu yollara baş vurur. Bəzən isə valideyn aldadıldığının heç fərqində olmur. Sadəcə diplom tanınmadıqda birdən birə anlayır ki, başına nə gəlib. Əziyyətlə, illərlə qazandığını xaricdə bahalı mühitdə öz övladının təhsilinə xərcləyən, hətta qəbulu üçün kifayət qədər xərclər çəkmiş belə valideynlər diplomun tanınmaması ilə çox çıxılmaz vəziyyətdə qalırlar.

 

Dövlət qurumları tərəfindən bu cür universitetlərin siyahısının açıq qaynaqlı paylaşılmasına baxmayaraq yenə də maariflənməyən onlarla valideyn bu “tələ”yə düşür. Əziz oxucular, linki paylaşaraq valideynləri məlumatlanmağa, bu yollardan uzaq durub övladının gələcəyini hansısa işbazlara buraxmamağa çağırırıq.

https://www.tkta.edu.az/p/illik-hesabatlar

 

Günay Əkbərova,

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi

Gənc Xarici Dil Müəllimləri Birliyinin sədri.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
44
azedu.az

10Mənbələr