AZ

"Mütəllibovun xalq hərəkatına dəstək verməkdən başqa yolu qalmadı"

Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsinin qəbul olunduğu gündür. Artıq müstəqilliyimizin bərpasından bir qərinə (33 il) ötür.

 

Modern.az mövzu ilə bağlı Azərbaycan Xalq Hərəkatının nümayəndəsi, sabir millət vəkili Sabir Rüstəmxanlı ilə həmsöhbət olub.

Onun sözlərinə görə, Azərbaycanda Müstəqilliyin Bərpası ilə bağlı Bəyannamə 1991-ci ilin 30 avqsut tarixində qəbul edilsə də, həmin ilin martında keçirilən referendumda əhalinin böyük hissəsi SSRİ-nin tərkibində qalmaq istəməsi istiqamətində səs verməyə məcbur edilmişdi:

 

“O vaxt mən ölkədə ilk müstəqil demokratik qəzet olan "Azərbaycan" qəzetində bununla bağlı sərt bir məqalə yazmışdım. Hətta kobud şəkildə qeyd etmişdim ki, bəzi heyvanların düşməni göz ağardanda arxası ilə getdiyi kimi gedirik. SSRİ-yə daxil olan bəzi respublikalar öz müstəqilliyini elan etdikdən sonra Azərbaycan yol ayrıcında qaldı. Bu səbəbi anlayıram, Moskva Dağlıq Qarabağ məsələsini həll edəcəyinə vəd verir, Ayaz Mütəllibovu buna inandırırdı" 

 

S.Rüstəmxanlı qeyd edir ki, belə bir vəziyyət uzun müddət davam edə bilməzdi:

 

“Avqustun 18-də Moskvda dövlət çevrilişi baş verdi. Ayaz Mütəllibov bu çevrilişi müdafiə etməyə çalışırdı. O düşünürdü ki, bu yolla Qarabağ ermənilərə satılmaz, Azərbaycanın mənafeyi müdafiə olunar. Amma Azərbaycan Xalq Hərəkatı olaraq biz QKCP-yə qarşı bəyanat verərək bunun konstitusiyaya zidd olduğunu bildirdik. Sonra Mixail Qorbaçov hakimiyyətə qayıtdı. Onun mövqeləri Ayaz Mütəllibovla üst-üstə düşmədi. Ona görə də Mütəllibovun xalq hərəkatına dəstək verməkdən başqa yolu qalmadı. Bu yolla da Azərbaycanın Müstəqilliyiin Bərpası ilə bağlı Bəyannamə qəbul edildi. Mən o zaman Ali Məclisdə müstəqil Azərbaycan deputat blokunun həmsədri idim. Bu məsələdən ötrü orada mübarizə aparırdıq".

 

Müsahibimiz qeyd edir ki, əslində müstəqilliyimizin bərpası bu gün də qeyd edilə bilərdi:

 

“Avqsut ayı türk dünyası tarixində qələbələrlə yadda qalıb. Türkiyə bu gün Zəfər Gününü qeyd edir. Tarixə baxsaq Malazgird və digər böyük qələbələrin bir çoxu da məhz bu ay qazanılıb. Avqustun 30-da müstəqillik günü kimi qeyd edilə bilərdi. Həmin bəyannamənin imzalandığı gün əsas götürülərək müstəqilliklə bağlı addımlar atıla, dünya ölkələrinə müraciət edilə bilərdi. Amma nədənsə bu gün oktyabra saxlanıldı. Bundan sonrakı proses formal idi. Bəyannamə qəbul edildikdən sonra sənədin hazırlanması ilə bağlı qərar verildi. Bu proses oktyarbın 18-ə qədər davam etdi. Əslində bu heçnəyi dəyişmir. Maraqlısı odur ki, mart ayında SSRİ-nin saxlanmasını müdafiə edən millət vəkilləri bu dəfə öz səhvlərini gördülər və müstəqilliyimizi dəstəklədilər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
50
modern.az

10Mənbələr