AZ

Əli Məsimli və Səməd Seyidov xanım rəqiblərinə qalib gələ biləcəkmi? - 10 DAİRƏNİN PROQNOZU

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.


Hazırda namizədlər təbliğat-təşviqat kampaniyasını davam etdirirlər.

Ötən yazılarımızda 105 dairədə namizədlərin şanslarını dəyərləndirmişdik.


Bu dəfə isə Tovuz, Qazax, Ağstafa, Zaqatala, Qax və Şəkidəki seçki dairələrindən olan namizədlərin imkanlarını götür-qoy edəcəyik.




106 saylı Tovuz Seçki Dairəsində 6 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 3-ü siyasi partiya (YAP-dan deputat Nizami Səfərov, VHP-dən Çingiz Çingizzadə, Ağ Partiyadan Təranə Əskərova) təmsilçisi, 3-ü isə bitərəfdir. Bitərəflər müəllim, muzey və tibb işçiləridir. Bu dairədə YAP-çı Nizami Səfərovla Ç.Çingizzadə və Təranə Əskərova da fəal kampaniya aparırlar. Lakin güman ki, dairəni Milli Məclisdə Nizami Səfərov təmsil edəcək.


107 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsində deputat mandatı uğrunda 7 namizəd mübarizə aparacaq. Onlardan yalnız 1-i siyasi partiya (YAP-dan Humay Aslanova) təmsilçisi, 6-ı isə bitərəfdir. Bitərəf namizədlər arasında deputat Ülviyyə Ağayeva da var. Bu dairədə bitərəflərdən yalnız Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Ramil Göyüşovun qismən fəallığı müşahidə olunur. 107 saylı dairəsindən Ülviyyə Ağayevanın deputat mandatı alacağı proqnozlaşdırılır.


108 saylı Ağstafa Seçki Dairəsində qeydə alınan 7 namizəddən 1-i siyasi partiya (YAP-dan Gülgün Kərimov) təmsilçisi, 6-ı isə bitərəfdir. Bitərəflərdən yalnız Cəfər Paşayevin fəal seçki kampaniyası qurduğu müşahidə olunur. Lakin bu dairədən Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri Azər Aslanovun seçkilərdə qalib gəlmək ehtimalı daha çoxdur.


109 saylı Qazax Seçki Dairəsindən isə 8 namizəd yarışacaq. Onlardan 3-ü siyasi partiya (YAP-dan deputat Səməd Seyidov, Ağ Partiyadan Azər Hüseynov, ƏHD-dən Günel Məmmədova) təmsilçisi, 5-i isə bətərəfdir. Burada əsas mübarizənin Səməd Seyidovla ƏHD-in namizədi Günel Məmmədova arasında gedəcəyi gözlənilir. G.Məmmədova təbliğat kampaniyası dövründə fəallıq nümayiş etdirsə də, S.Seyidovun qələbə şansı daha yüksək dəyərləndirilir.


110 saylı Balakən Seçki Dairəsindən də 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan yalnız 1-i siyasi partiya (YAP-dan deputat Nəsib Məhəməliyev) təmsilçisi, 7-i isə bitərəfdir. Bitərəflər müəllim, otel işçisi, fərdi təsərrüfatçı və müxtəlif dövlət qurumlarında çalışan adi işçilərdir. Onların arasında yalnız "Baku Medical Plaza"nın həkimi Eslanda Səlimovanın fəallığı diqqəti çəkir. Bununla belə Nəsib Məhəməliyevin yenidən deputat mandatını təmin edəcəyi gözlənilir.


111 saylı Zaqatala-Balakən Seçki Dairəsindən 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 4-ü siyasi partiya ( YAP-dan Vüsalə Mahmudova, ADP-dən Mübariz İsmayılov, Ağ Partiyadan Mahmud Məmmədli, AMİP-dən Bəhmən Xanəlizadə) təmsilçisi, 4-ü isə bitərəfdir. Bitərəf namizədlər arasında deputat Azər Kərimli və AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi İradə Zərqanayeva da var. Bu dairədə adı çəkilən iki şəxslə yanaşı ADP, AMİP və Ağ Partiya təmsilçiləri də fəal olsalar da, Azər Kərimlinin qalib gəlmək ehtimalı daha çoxdur.




112 saylı Zaqatala Seçki Dairəsindən namizədliyi qeydə alının şəxslərin sayı 7 nəfərdir. Onlardan 2-i siyasi partiya (YAP-dan Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyət başçısı Asif Əsgərov, BAP-dan isə İlqar İbrahimov) təmsilçisi, 5- isə bitərəfdir. Yeri gəlmişkən, bitərəflərin 5-i də işsizdir. Namizədlər arasında YAP təmsilçisi Asif Əsgərovun qalib gəlmək ehtimalının daha çox olduğu bildirilir.


113 saylı Qax-Şəki Seçki Dairəsindən isə nisbətən daha çox - 10 namizəd qeydə alınıb. Onlardan yalnız 1-i siyasi partiya (YAP-dan Midhad Sayadov) təmsilçisi, 9-u isə bitərəfdir. Bitərəf namizədlər arasında deputat Əli Məsimli də var. Namizədlərin çoxluğuna baxmayaraq, burada ən fəal olanlar deputat Əli Məsimli və ADA-nın məzunu Arzu Əhmədovadır. Kampaniya ərzində Ə.Məsimli daha çox - 60-a yaxın görüş keçirib. Onun bu dairədən yenidən mandat qazanacağı gözlənilir.





114 saylı Şəki Şəhər Seçki Dairəsindən 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 3-ü siyasi partiya (YAP-dan deputat Vüqar İsgəndərov, REAL-dan Razim Rzayev, Müsavatdan Tahir Səfərlidir. Seçki günü əsas mübarizənin də elə partiya namizədləri arasında olacağı, deputat Vüqar İsgəndərovun isə rəqiblərini üstələyəcəyi ehtimal olunur.



115 saylı Şəki kənd Seçki Dairəsindən də 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 2-i siyasi partiya (YAP-dan Niymət Yusibov, Müsavatdan Bakıxan Qəribli) təmsilçisi, 6-ı isə bitərəfdir. Bitərəf namizədlər arasında deputat Cavanşir Feyziyev də mübarizə aparacaq və onun seçkilərdə qalib gələcəyi ehtimal olunur.

Zaur
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
50
bakupost.az

10Mənbələr