AZ

“Hicablı müəllimlər MİQ-də hicaba görə kəsildi” iddiaları aydınlaşdı...

Image

Azərbaycanda hicablı qadınların sayı ildən-ilə artır. Ölkədə inanclı və başörtülü xanımlar müxtəlif sahələrdə çalışır. Məlumdur ki, müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi keçirilir. Müsahibədə müsabiqə mərhələsindən uğurla keçən namizədlər iştirak edir. 

Yayılan məlumatlara görə, müsahibə mərhələsində iştirak edən hicablı xanımlar suallara düzgün cavab versə də, onlar baş örtüyünə görə kəsilib. Sosial şəbəkədə bununla bağlı narazılıqlara son vaxtlar tez-ter rast gəlinir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi: “Hicablı müəllimlərin işə qəbul müsabiqəsinin müsahibə mərhələsindən kəsilməsi ilə bağlı iddialar əsassızdır” 

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsindən bildirildi ki, hicablı müəllimlərin işə qəbul müsabiqəsinin müsahibə mərhələsindən kəsilməsi ilə bağlı iddialar əsassızdır: “Ümumilikdə müsabiqə müddətində heç bir dini və ya cinsiyyət baxımından ayrıseçkilik edilmir”.

Cavanşir Əliyev: “Azərbaycanda işə qəbul prosesində hicablılara qarşı hər hansı bir diskriminasiya, ayrıseçkilik yoxdur” 

Təhsil sahəsi üzrə ekspert Cavanşir Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanda işə qəbul prosesində hicablılara qarşı hər hansı bir ayrıseçkilik yoxdur: “Azərbaycanda işə qəbul prosesində hicablılara qarşı hər hansı bir diskriminasiya, ayrıseçkilik yoxdur. Orta ümumitəhsil məktəblərdə çalışan müəllimlər arasında kifayət qədər hicab taxan və 2009-cu ildən indiyədək keçirilən müsabiqə və müsahibələrdə hicab taxaraq uğur əldə edən kifayət qədər iştirakçı var. Azərbaycanda heç bir sahədə hicaba qadağa yoxdur. Hər kəsin dini etiqad azadlığı var. Bu, onun təhsilalma məsələsini də hüdudlaşdırmır. Bizim ali və orta ixtisas təhsil müəssisələrində kifayət qədər tələbələrimiz var ki, hicabla dərsə gəlirlər”. 

Ekspert onu da əlavə etdi ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var: “Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. İnsanın geyimi onun azadlığının müəyyən ifadə formalarından biridir. Başqalarının geyiminə qarışmağın özü yanlışdır. Ümumi olaraq hansısa geyim kodeksi örtünmə mahiyyəti daşıyırsa, bizdə qorunma vəzifəsi kimi anlaşılır”.

 Günel CƏLİLOVA





Seçilən
138
33
baki-xeber.com

10Mənbələr