AZ

“Dinlə məktəbi üz-üzə qoymaq xarici düşmənlərə xidmətdən başqa bir şey deyil” —İlahiyyatçı

“Bir çox müəssisə və təşkilatda hicablı qadınlar çalışır, müəllimlərin arasında da onların sayı az deyil. Qanunda da belə bir qadağa yoxdur. Fəqət bəzi marksist düşüncədə olan yaxud dinə nifrət edən idarə və müəssisə rəhbərləri var ki, onlar süni problem yaradırlar. Sovet təfəkküründə qalıblar. Hicablı qadın görəndə qıcıqlanan adamlar var. Çoxu da o qədər rüşvətə, çirkin işlərə bulaşıb ki, düşünür ki, inanclılar çoxalsa, meydanları daralacaq. Odur ki, özləri belə problemlər yaradıb ölkədə dini azadlıqları məhdudlaşdırmağa çalışırlar ki, bu da mənfi imic yaradır sonda”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan deyib. O, hicablı qadınların MİQ imtahanlarından kənarlaşdırılması ilə bağlı yayılan iddialara münasibət bildirib:

“Bir nüansı da demək lazımdır ki, bəziləri də din adı altında xarici təsirlərə xidmət edirlər, təsirə düşüblər. Çünki ibtidai dini təhsili, maarifləndirməsi olmayan şəxslər var ki, sonradan məzhəbçilik, radikalizm, xurafat bəlasına düçar olub. Belə məsələlər də məktəb və müəllim üçün ciddi təhlükədir. Qatı məzhəbçi müəllim şübhəsiz ki, məktəbdə öz inancını təbliğ etməyə çalışacaq ki, nəticədə ixtilaf, fəsad yaranacaq. Lakin, inanclı müəllim əgər inancını özündə saxlayıb şagirdlərə sirayət etdirmirsə, ona maneə yaradıb təhsil, tədris işindən uzaqlaşdırmaq, soyutmaq cəmiyyətdən təcrid etməyə gətirib çıxara bilər ki, bu zaman da narazı, aqressiv kütlə yaranar. Odur ki, bu mövzuda diqqətli olmaq lazımdır. Təhsil müəssisələri, tədris ocaqları məscid, mədrəsə deyil. Əgər müəllim dini təbliğat aparmaq istəyirsə, gedib ikinci ilahiyyat təhsili alıb o sahədə işləyə bilər. Yoxsa dünyəvi tədris ocağında hələ dini maarifləndirməyə qanunla izn verilmədiyi təqdirdə buna meyl etmək qanuna da, dinə də ziddir. Çünki hər müəllim bir məzhəbə tabedir. Hərəsi öz inancını yaysa, xaos və nifaq yaranar, vətəndaş həmrəyliyi, milli birlik pozular”. 

Ekspert düşünür ki, imtahandan keçə bilməyən bəzi müəllimlər bunu guya hicablı olduqları ilə əsaslandırmaq istəyiblər: 

“Yaxud da üzləri də bağlı, yəni niqablı olublar. Çünki bəziləri ərəb milli qadın geyimi ilə hicabı əvəz edir, qara, üzü-gözü bağlı geyinirlər. Qeyd edim ki, bu geyim tərzi dini geyim deyil. 

Əgər elə bir göstəriş olsaydı ki, hicablılar müsahibədən keçməsin, hər yerdə belə olardı. Amma görürük ki, xeyli hicablı qadın müəllimlər müsahibədən keçiblər. Yaxud da mümkündür ki, radikal və şagirdlər üçün zərərli etiqada malik olublar, məktəb və tədris üçün təhlükə yaratmaq ehtimalı olub. Fəqət bu da ancaq ehtimaldır. 

Ümumiyyətlə, yayılan bu söz-söhbətin əsassız olduğunu düşünürəm. Ona görə ki, ölkəmizdə olan dini azadlıq əksər müsəlman ölkələrində yoxdur. Tolerantlıq və dini, mənəvi dəyərlərə dövlət qayğısı bir çox ərəb və müsəlman ölkələrindən daha yüksəkdir. Bütün dini konfessiyaların üzvlərinə bərabər şərait yaradılıb ki, öz inancını, ibadətini icra etsin.

Ancaq dini dünyəvi işlərə qatmaq, siyasətə qatmaq, dinlə məktəbi üz-üzə qoymaq yalnız xarici düşmənlərə xidmətdən başqa şey deyil. Mümkün olduğu, qanunun icazə verdiyi qədər işdə, dövlət müəssisələrində ibadətini icra edə bilər, geyimini geyinə bilər. Ancaq dünyəvi dövlət olduğumuz üçün qanunun icazə vermədiyi işi icra etmək, buna görə etiraz etmək dinimizə də ziddir. İslam dinində rəhbərə, qanuna tabe olmaq vacibdir”.

Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən bəzi hicablı müəllimlərin müsahibə mərhələsindən kənarlaşdırılmasına dair sosial şəbəkələrdə iddialar yayılıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Nurlan İsmayılbəyli buna cavab olaraq verdiyi açıqlamada yayılan iddiaları əsassız adlandırıb.

Törə Zeynallı
Demokrat.az
Seçilən
119
33
demokrat.az

10Mənbələr