AZ

“Müəllimlərin vahid geyim forması olmalıdır”

Zaman-zaman müəllimlər üçün məktəblərdə vahid geyim formasının yaradılması ilə bağlı cəmiyyətdə müzakirələr aparılır.

 

Bəs, görəsən, müəllimlərin bu fikrə münasibəti necədir?

 

AzEdu.az-a açıqlama verən 232 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, “Örnək müəllim” Kəminə Zalova bildirib ki, müəllimlər üçün vahid geyim formasının yaradılması müsbət addım olardı:

 

“26 illik fəaliyyətim müddətində həmişə çalışmışam ki, müəllim geyimi çərçivəsindən kənara çıxmayım. Ancaq bəzən uşaqlar yeksənəqliyi bəyənmirlər. Onlar rəngarəngliyə fikir verirlər. Amma özləri də fərqində olmadan bu onların fikrinin yayınmasına səbəb olur. Müəllim əgər artıq aksesuar taxırsa, geyimdən kənara çıxırsa, dərs prosesində şagirdin fikri yayınır. Mənə görə müəllimlər üçün gözəl, zövqlü, gözoxşayan vahid dress-kod olarsa, bu daha yaxşı olardı.

 

Müəllimlərlə müzakirə etdikdə görürük ki, bəzilərinin vahid məktəb forması fikrinə münasibəti birmənalı deyil. Bir çoxları bildirir ki, müəllim ruh halına uyğun geyinməlidir ki, dərsi də normal tədris etsin. Amma mən bu fikirlə razı deyiləm. Necə ki, polisin, gömrükçünün, həkimin özünəməxsus geyimi var, eləcə də müəllimin olmalıdır. Müəllimin ruh halı nə olursa, olsun bu onun daxilində qalmalıdır. Müəllimlik psixoloji işdir. Geyim təkcə rəsmiyyəti artırmır, həm də həmin şəxsə diqqətin yönəlməsinə yardımçı olur. Şagird rəsmi geyimdə olan müəllimin qarşısında məsuliyyətini daha çox dərk edir”.

 

Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktor müavini, “İlin gənc müəllimi” Leyla Camalzadə qeyd edib ki, müəllimlər üçün ortaq formanın olması məqsədəuyğundur: 

“Müəllimlik ən şərəfli və nadir peşədir. Müəllim bütün peşə sahiblərini yetişdirdiyi üçün nadir hesab olunur. O, etik davranış qaydalarına, qayda-qanunlara riayət edən sahədə çalışır. Müəllimin hər dəqiqəsi şagirdlər üçün örnək olmalıdır. Fəaliyyəti sadəcə məktəb divarları çərçivəsində deyil, məktəbdən kənarda da müəllim olmalıdır. Buna görə də müəllimin təkcə akademik qabiliyyəti deyil, görünüşü də önəmlidir.

 

Şagirdlərin bu gün məktəbdə vahid məktəbli forması var, ancaq müəllimlər üçün bu cür formalar nəzərdə tutulmayıb. Yalnız geyimlə bağlı prioritetlərdə onların səliqəli, mentalitetə uyğun geyinmələri vurğulanır. Əgər hansısa təhsil müəssisəsində müəllimlər ümumi dress-kod üzrə razılaşarlarsa, bu zaman ondan istifadə edə bilərlər.

 

Çox yaxşı olar ki, yaxın dövrdə müəllimlər üçün də vahid geyim forması təşkil olunsun. Həm dövrün tələblərini, həm də müəllimlərin maddi-mənəvi şəraitlərini, imkanlarını nəzərə alaraq onlar üçün ortaq formanın yaradılması məqsədəuyğundur. Necə ki, polisi, həkimi geyimindən tanıyırıq, müəllimi də o cür tanımalıyıq”.

   

Seçilən
69
33
turanpress.com

10Mənbələr