AZ

Salah: “Liverpul”dakı son mövsümümdən zövq almaq istəyirəm”

“Liverpul”un misirli ulduz hücumçusu Məhəmməd Salah “qırmızılar”ın düşərgəsindəki gələcəyi ilə bağlı sualı cavablayıb.

Arena.az “Sky Sports” dərgisinə istinadən, misirli futbolçunun bu barədə cavabını təqdim edir:

“Mövsümə başlamazdan əvvəl düşünürdüm: “Müqaviləmin bitməsinə bir il qalıb, sadəcə bundan həzz almalıyam, müqavilə haqqında isə düşünməməliyəm”.

Növbəti mövsüm və gələcək haqqında düşünmək istəmirəm. Mən sadəcə müqaviləmin son ilindən zövq almaq istəyirəm. Sonra nə olacağını görəcəyik”, deyə misirli ulduz bildirib.

Məhəmməd Salah 2017-ci ilin iyulundan “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin vaxt Salahın “Roma”dan transferi müqabilində 42 milyon avro məbləğində xərc çəkmişdi. Misirli ulduzun “qırımızlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Salah “qırmızılar”ın heyətində bütün yarışlarda 44 oyuna 25 qol vurub, 14 məhsuldar ötürmə verib.

Cari mövsümdə misirli hücumçu 2 oyuna 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Salahın “Liverpul”un heyətində ümumi statistikası isə belədir: 351 oyun, 213 qol, 90 məhsuldar ötürmə.

Misirli ulduz hücumçu “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub. Salah “Liverpul” və “Roma”dan başqa, “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.

Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 98 oyun keçirib, 55 qol vurub, 33 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı misirli vingerin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
13
arena.az

10Mənbələr