AZ

IX Bakı Beynəlxalq Kitab Sərgisində universitet, dövlət, sənaye əlaqələrinə dair kitabın təqdimatı olub

Bakı, 14 noyabr, AZƏRTAC

IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Azərbaycanda universitet-dövlət-sənaye əlaqələri: kim nə istəyir” kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, kitab Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) qrant layihəsi çərçivəsində nəşr olunub.

Tədbirdə kitabın müəllifləri, Bakı Ali Neft Məktəbinin kafedra müdiri Altay İsmayılov və UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri, kafedra müdiri dosent Xətai Alıyev çıxış ediblər.

Qeyd olunub ki, 2022-ci ildə UNEC öz maliyyə vəsaiti hesabına I daxili qrant müsabiqəsini keçirib və qalib gəlmiş 6 layihəni maliyyələşdirib. Qrant müsabiqəsi çərçivəsində “Azərbaycanda universitet-dövlət-sənaye (UDS) əlaqələrində effektiv kommunikasiya problemi: kim nə istəyir?” adlı tədqiqat layihəsi uğurla icra edilib və tədqiqatın nəticələri kitab şəklində nəşr olunub

Layihə çərçivəsində ölkəmizdə UDS əlaqələri beynəlxalq təcrübə nəzərə alınmaqla hərtərəfli təhlil edilib, cari əlaqələrdə tərəflər arasında kommunikasiyanın mövcud vəziyyəti kəmiyyət və keyfiyyət metodlarından istifadə olunmaqla araşdırılıb. Tədqiqat prosesində UDS əlaqələrinin iştirakçılarının – həm ali təhsil müəssisələrində rəhbər şəxslərin, əlaqədar dövlət qurumlarının idarəçiləri və özəl sektor təmsilçilərinin, həm də professor-müəllim heyəti, startapçılar və beynəlxalq qurumlarda (əsasən xarici universitetlərdə) çalışan azərbaycanlı ekspertlərin rəyi öyrənilib.

Kitab Azərbaycanda bilik iqtisadiyyatına keçid kontekstində universitet-dövlət-sənaye əlaqələrinin mahiyyətini araşdırır. Tədqiqatın yekununda Azərbaycanda müvafiq əlaqələri intensivləşdirməyə hesablanmış mexanizm və praktiki çərçivə təklif edilir.

Sonda suallar cavablandırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
678
48
azertag.az

10Mənbələr