RU

Separatçılığa son qoyan əməliyyata aparan yol: "Qisas" nədən başladı?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Otuz ildən çox düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad edilməsinə 44 günlük Vətən müharibəsində müzəffər Ordumuz sayəsində nail olsaq da, qanunsuz erməni silahlı dəstələri öz xoşları ilə ərazilərimizdən çıxmaq istəmirdilər. Bu səbəbdən ərazilərimizin tam təmizlənməsi üçün antiterror əməliyyatlarının keçirilməsi qaçılmaz idi.
Vətən müharibəsindən sonra ordumuzun öz gücünü bir daha nümayiş etdirdiyi əsas tədbirlərdən biri 24-28 mart 2022-ci il tarixində keçirilən "Fərrux" əməliyyatı idi. Bu əməliyyat nəticəsində Fərrux kəndi, Fərrux dağı, Daşbaşı yüksəkliyi və Sağsağan dağ silsiləsi qeyri-qanuni erməni qüvvələrindən azad edilib.
Əməliyyatdan sonra Ağdam şəhəri və eləcə də rayonun doqquz kəndi Qarabağ ərazisində yerləşən erməni silahlı dəstələrinin vizual nəzarətindən çıxmış, Xankəndi-Ağdərə avtomobil yoluna Azərbaycan Silahlı Qüvvələrinin vizual nəzarəti təmin edilmişdi.
Bundan başqa, Azərbaycan Silahlı Qüvvələrinin Fərrux dağında mövqe qurması Xocalı rayonunun Pirlər kəndinə də tam nəzarət imkanları yaratmışdı.
O dövrdə ordumuzun Qarabağdakı Fərrux kəndinə nəzarəti ələ keçirməsi ilə bağlı açıqlamadan sonra bir çox hərbi ekspertlər bu ərazini "Xankəndiyə gedən yol" kimi qiymətləndirirdilər.
Çünki inzibati olaraq Xocalı rayonuna daxil olsa da, relyefinə görə dağətəyi ərazi olan Fərrux kəndini Xankəndi şəhərindən 32, Əsgəran qəsəbəsindən isə cəmi 16 kilometrlik bir məsafə ayırırdı. Hərbi ekspertlər həmin ərazinin strateji əhəmiyyətini də məhz Fərrux kəndindən Xankəndiyə birbaşa yolun olmasında görürdülər.
2022-ci ilin avqust ayında isə "Qisas" cavab əməliyyatı nəticəsində Azərbaycan Ordusu Qırxqız yüksəkliyini, Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürdü.
Həmin vaxt Müdafiə Nazirliyinin bəyanatında bildirilirdi ki, əməliyyatların keçirilməsinə səbəb qeyri-qanuni erməni silahlı dəstələrinin Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərməsi idi.
O dövrdə nəzarətimizdə olmayan Qarabağ bölgəsi üçün bütün bu əməliyyatların çox böyük önəmi vardı.
Əməliyyatların önəmi ilə bağlı Oxu.Az-a danışan hərbi ekspert Elxan Şıxəliyev qeyd edir ki, "Fərrux" əməliyyatının keçirilməsinin əsas səbəblərindən biri o dövr üçün Fərrux yüksəkliyinin Ağdamın bütün ərazisini ermənilər tərəfindən müşahidə altında saxlaya biləcək strateji mövqe olması idi:
"Əgər o yüksəklik ermənilərin nəzarətində qalsaydı, 2020-ci ilin 8 noyabrından sonra Ağdamda inşaat-quruculuq işlərinin həyata keçirilməsi də mümkün olmayacaqdı, çünki ermənilər Fərrux yüksəkliyindəki mövqelərini gücləndirmişdilər və həmin ərazilər atəş altında saxlanıla bilərdi. Digər bir tərəfdən, həmin yüksəklik Ağdam-Əsgəran yolunun da əsas logistika yolu sayıla biləcək hissəsini nəzarət altında saxlayırdı. O dövrdə ərazilərimiz Rusiya sülhməramlılarının nəzarətində olduğu üçün əslində, "Fərrux" əməliyyatının keçirilməsini gerçəkləşdirmək çətin məsələ idi.
Qeyd edim ki, Rusiya sülhməramlıları ilə Azərbaycan Silahlı Qüvvələri məhz "Fərrux" əməliyyatından sonrakı məsələdə ilk dəfə birbaşa sahədə üz-üzə gəlmiş oldular.
Sülhməramlılar təkidlə bizim Silahlı Qüvvələrimizin, hərbçilərimizin oradan çıxmasını tələb edirdilər. Azərbaycanın, əslində, birinci siyasi-hərbi iradəsi sülhməramlılarla münasibətdə "Fərrux" əməliyyatında mövqeyimizin nə qədər üstün olduğunu göstərdi.
Sülhməramlılar öz iradələrini, yəni əraziyə və vəziyyətə hakim olduqlarını Azərbaycan tərəfinin hərbçilərinə qəbul etdirmək istəyirdilər, hərbçilərimiz isə geri addım atmadılar.
Sonrakı mərhələdə Fərrux yüksəkliyi 2023-cü ilin 19-20 sentyabrına gələcək yolda Ağdam və ətrafı, Əsgəran, Ağdərə istiqamətində keçirilə biləcək əməliyyatların kəşfiyyat məlumatlarını ərazidə birbaşa toplaya biləcəyimiz bir yüksəklik anlamında idi.
Əməliyyatın mənəvi tərəfdən əhəmiyyəti onda idi ki, Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyində biz kifayət qədər şəhid vermişdik və bəzi şəhidlərimizin oradakı meyitlərini ermənilər necə gəldi toplayıb kütləvi məzarlıq kimi basdırmışdılar.
Bu səbəbdən də Fərrux yüksəkliyinin həm strateji, həm mənəvi, həm də siyasi və hərbi təyinatı əvəzsiz idi".
Ekspertin sözlərinə görə, digər bir məsələ - Sarıbaba və Qırxqız yüksəkliklərinin nəzarətə götürülməsi isə "Qisas" əməliyyatımızın nəticəsi idi.
"Yadımıza salaq, "Qisas" nədən baş verdi? Ermənilər bizim hərbçimizi şəhid etmişdilər. Biz erməniləri nə qədər xəbərdar etsək də, ermənilər o dövrdə o ərazilərə hakim olduqları üçün istədikləri istiqamətdə və istədikləri yüksəkliklərin həndəvərində hərbçilərimizin yollardakı hərəkət istiqamətlərini atəş altına alırdılar.
Sarıbaba və Qırxqız yüksəkliklərinin nəzarətə götürülməsi ilə biz o zaman ermənilərin qaçaq yolla mövqelərini təmin edə biləcək hərəkətlərini və təminat yollarını nəzarətimizə keçirdik.
Ümumilikdə, biz əvvəlcə "Fərrux", sonra isə "Sarıbaba" və "Qırxqız" əməliyyatlarını 19-20 sentyabr antiterror tədbirlərinin ilkin mərhələsi kimi qiymətləndirə bilərik. Çünki o yüksəkliklərə nəzarət olunması sonrakı mərhələdə antiterror tədbirlərinin keçirilməsi üçün bir vasitə, bir pillə oldu.
Bu səbəbdən bu əməliyyatların keçirilməsi bizim hərb tariximizdə hərbi-strateji yüksəkliklərin nəzarətə götürülməsi baxımdan çox əhəmiyyətli hadisələr olaraq qalacaq", - deyə E.Şıxəliyev qeyd edib.
Əzizə İsmayılova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
49
50
oxu.az

10Источники