2023/2024 mövsümünü “Fiorentina”da icarədə keçirmiş italyan mərkəz hücumçusu Andrea Belotti “Roma”dan ayrılıb.
Arena.az məlumat verir ki, Belotti yeni mövsümdə A Seriyasında mübarizə aparacaq “Komo”ya keçib.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.
“Roma” 30 yaşlı hücumçunu “Komo”ya 4,5 milyon avroya satıb. İtalyan hücumçu yeni klubu ilə 2 illik müqavilə bağlayıb.
Xatırladaq ki, Andrea Belotti “Roma”ya 2022-ci ilin avqustunda “Torino”dan azad agent kimi keçmişdi. 30 yaşlı italyan forvard bu komandada 68 oyuna 10 qol vurub, 4 assistlə yadda qalıb.
Bu ilin yanvar ayında Belotti icarə əsasında “Fiorentina”ya keçmişdi. O, Florensiya klubunun heyətində 24 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Belotti daha öncə “Torino”, “Palermo” və “Albinoleffe”də də oynayıb.
Andrea Belotti 2016-cı ilin sentyabr ayında debüt etdiyi İtaliya milli komandasında 44 oyuna çıxıb. O, bu oyunlarda 12 qola imza atıb, 7 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 30 yaşlı hücumçunun transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.