RU

Viktor Osimhen və İsmael Yakobs rəsmən “Qalatasaray”da!

İtaliyanın “Napoli” klubunun əsas komandadan kənarlaşdırdığı hücumçusu Viktor Osimhen Türkiyə çempionu “Qalatasaray”a keçib.

Arena.az bu barədə İstanbul nəhənginin mətbuat xidmətinə istinadən xəbər verir.

“Qalatasaray” nigeriyalı hücumçunu bu mövsümün sonuna kimi icarəyə götürüb.

Xatırladaq ki, Osimhen bu yay İtaliya klubundan ayrılmaq istəyində idi. Onun Avropanın daha iddialı klublarından birinə keçməsi gündəmdə idi. “Napoli”nin tələb etdiyi yüksək məbləği heç bir klub ödəmək istəmədiyi üçün Osimhen Neapol təmsilçisində qalmalı olmuşdu. Amma baş məşqçi Antonio Konte Osimhenin onun layihəsinin bir hissəsini olmadığını açıqlamışdı. Belə olan halda Osimhenin yalnız hazırda transfer pəncərəsi açıq olan ölkələrin klublarından birinə keçmək şansı qalırdı.

Bu fürsəti dəyərləndirən “Qalatasaray” nigeriyalı forvardı razı salmağı bacarıb və onu bir mövsümlük icarəyə götürüb. Amma Osimhenin qış transfer pəncərəsində həm “Qalatasaray”dan, həm də “Napoli”dən ayrılması ehtimalı yüksək qiymətləndirilir. Çünki futbolçunun arzusu PSJ və ya “Çelsi” kimi nəhənglərdən birinə keçmək və daha çox qazanmaqdır.

Viktor Osimhen “Napoli”yə 2020-ci ilin sentyabrında 75 milyon avro məbləğ müqabilində “Lill”dən keçib. Nigeriyalı hücumçunun Neapol təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

2023/2024-cü illər mövsümündə Osimhen “Napoli”nin heyətində bütün yarışlarda 32 oyuna çıxb, 17 qol vurub, 4 məhsuldar ötürmə verib. Osimhenin “Napoli”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 133 oyun, 76 qol, 18 məhsuldar ötürmə.

Osimhen “Napoli” ilə 2022/2023-cü illər mövsümündə İtaliya A Seriyasının qalibi olub. Həmçinin nigeriyalı hücumçu həmin mövsümdə 26 qolla yarışın ən sərrast futbolçusu və mövsümün oyunçusu adını qazanıb.

Viktor Osimhen 2017-ci ilin iyununda debüt etdiyi Nigeriya yığmasının heyətində 35 oyuna çıxıb, 21 qol vurub, 11 məhsuldar ötürmə verib. Osimhen Nigeriyanın U-17 yığması ilə 2015 Dünya Kubokunun, U-23 yığması ilə 2015 Afrika Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı nigeriyalı hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

İsmael Yakobs da “Qalatasaray”a keçdi

“Monako”nun sol cinah müdafiəçisi İsmael Yakobs da “Qalatasaray”a keçib. Türkiyə çempionu 25 yaşlı futbolçunu bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb. “Sarı-qırmızılar” bir mövsümlük icarə üçün knyazlıq təmsilçisinə 1 milyon avro ödəyiblər. Mövsümün sonunda oyunçunun transfer hüquqlarını almaq üçün əlavə 8 milyon avro ödəmək lazım gələcək.

İsmael Yakobs Almaniyanın “Köln” klubunun yetirməsidir. “Monako” onu 2021-ci ilin yayında 6,5 milyon avro müqabilində heyətinə qatıb. Əslən Seneqaldan olan almaniyalı futbolçu Liqa 1 nəhənginin heyətində 105 oyuna çıxıb, 1 qol və 8 əhsuldar ötürmə müəllifi olub. Vaxtilə Almaniyanın U-21 yığmasında oynamış İsmael 2022-ci ilin sentyabrında formasını geyindiyi Seneqal yığmasında 19 oyuna çıxıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
80
6
arena.az

8Источники