EN

Levent Mercan “Fənərbaxça”da - Mourinyonun ilk transferi

Türkiyənin “Fatih Karagümrük” komandasının sol cinah müdafiəçisi Levent Mercan bundan sonra “Fənərbaxça”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə “Fənərbaxça”nın mətbuat xidməti məlumat yayıb.

23 yaşlı türkiyəli futbolçu ilə 4 illik müqavilə imzalandığı açıqlanıb. Amma transferin digər detalları, “Fatih Karagümrük” klubuna nə qədər təzminat ödənildiyi açıqlanmayıb.

Qeyd edək ki, bu, “Fənərbaxça”nın yeni baş məşqçisi, portuqaliyalı mütəxəssis Joze Mourinyonun gəlişindən sonrakı ilk transferdir.

Levent Mercan Almaniyanın “Şalke” klubunun yetirməsidir. O, 2021-ci ildən “Fatih Karagümrük”də çıxış edirdi. Müdafiəçi bu komandanın heyətində 93 oyuna çıxıb, 4 qol və 7 məhsuldar ötürmə müəllifi olub.

Almaniya vətəndaşlığı da olan Levent vaxtilə bu ölkənin U-19 və U-20 yığmalarında da oynayıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı müdafiəçinin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

“Fənərbaxça” yarımmüdafiəçisi Mert Hakan Yandaşla da yeni müqavilə imzalandığını açıqlayıb. O, daha iki il İstanbul təmsilçisinin uğurları üçün çalışacaq. Yarımmüdafiəçinin əvvəlki müqaviləsinin müddəti bu ayın 30-da başa çatacaqdı.

Mert Hakan Yandaş “Fənərbaxça”ya 2020-ci ilin avqust ayında “Sivasspor”dan gəlib. 29 yaşlı futbolçu İstanbul təmsilçisinin heyətində 122 oyuna çıxıb, 10 qol və 21 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Sivasspor”, “Tire 1922 Spor”, “Menemenspor”, “Oyak Reanultspor”, “Altınordu” kimi klublarda da forma geyinib.

2020-ci ildə Türkiyə millisində 1 oyun keçirmiş yarımmüdafiəçiyə sonralar ehtiyac duyulmayıb.

“Transfermarkt” internet-portalı 29 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 1,3 milyon avro məbləğində qiymətləndirir.

Chosen
64
50
arena.az

10Sources