EN

Qurtuluş məfkurəsi

Müstəqillik tariximizin dönüş nöqtəsi

Azərbaycan xalqının tarixi əlamətdar hadisələrlə zəngindir. Belə hadisələrdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun - Milli Qurtuluş Günüdür. 1997-ci ildən qeyd olunan bu bayrama 1998-ci ildən dövlət statusu verilmişdir. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi quran isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyevdir.

Tarixə nəzər saldıqda görürük ki, müstəqilliyin ilk illərində xaos, iqtisadi və siyasi böhran, vətəndaş qarşıdurması, torpaqlarımızın işğal altına düşməsi, cəmiyyətdə ümidsizlik ölkəmizi səciyyələndirən əsas cəhətlər idi. Ölkədə müxtəlif siyasi partiyalar,  ayrı-ayrı “liderlər” arasında hakimiyyətə gəlmək uğrunda savaş gedir və əksər hallarda da bu savaşda milli maraqlar qurban verilirdi. 1992-ci ilin may ayında AXC-Müsavat cütlüyü qeyri-qanuni yolla hakimiyyətə gəlməyə nail oldu. Həmin dövrdə bir tərəfdən AXC-Müsavat iqtidarının səriştəsizliyi nəticəsində ölkədə yaranan vətəndaş qarşıdurması, digər tərəfdən isə Ermənistanın respublikamıza qarşı elan olunmamış müharibə aparması, havadarlarının köməyi ilə torpaqlarımızı işğal etməsi Azərbaycanı çıxılmaz vəziyyətə salmışdı. Məntiqsiz, bir-birini təkzib edən fərmanlar, tez-tez dəyişən qərarlar, özbaşınalıqlar AXC-Müsavat iqtidarının ölkəni idarə edə bilməyəcəyini göstərirdi. Hakimiyyət strukturlarına, o cümlədən silahlı birləşmələrə nəzarəti itirən o zamankı iqtidar 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu.  Artıq bir sıra ərazilərdə, o cümlədən Gəncədə, Lənkəranda və digər regionlarda bəzi silahlı dəstələr separatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər.

Həmin qarışıq dönəmdə ölkənin idarəçiliyinə gəlmək böyük məsuliyyət idi. Məhz xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev respublikada vəziyyətin kritik dərəcədə ağır olmasına baxmayaraq, ölkəyə idarəçiliyin məsuliyyətini öz üzərinə götürməyə qərar verdi. Ulu Öndər 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi. Həmin ayın 24-dən etibarən isə  Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Ulu Öndər 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi.

Ümummilli Liderin xalqın yekdil seçimi əsasında Azərbaycanın siyasi hakimiyyətinə qayıdışı ilə həris “liderlərin” hakimiyyətinə son  qoyuldu. Azərbaycanın sabitlik və inkişafla səciyyələnən qurtuluş tarixi başladı. Ulu Öndərin Azərbaycanın siyasi hakimiyyətinə qayıdışının tarixi önəminə diqqət çəkən Prezident İlham Əliyev bildirib: “1993-cü il tariximizdə dönüş nöqtəsi olmuşdur. Əslində, bizim müstəqil tariximiz o ildən başlamışdır. Çünki 1991-1993-cü illərdə müstəqillik formal, şərti xarakter daşıyırdı. Azərbaycan demək olar ki, xaricdən idarə olunurdu. Biz hamımız bunu yaxşı bilirik. Ona görə Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir”.

Dahi dövlət xadiminin ali hakimiyyətə qayıdışı ilə ölkəmizdə mühüm işlər görüldü. Qısa müddətdə daxili sabitlik bərpa edildi, cəbhədə atəşkəsə nail olundu, hüquqi-demokratik dövlət quruculuğu istiqamətində potensial baza yaradıldı. Eyni zamanda, iqtisadi sahədə mühüm addımlar atıldı, xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı, nəticədə Azərbaycanın iqtisadi inkişafını şərtləndirən layihələr həyata keçirilməyə başlandı.

Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycan qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Bununla da Azərbaycanın bugünkü və gələcək uğurlarının möhkəm təməli qoyuldu. Ümumilikdə, Azərbaycan dünya iqtisadi sistemində öz layiqli yerini tutdu, beynəlxalq təşkilatlarda uğurla təmsil olundu, dünyada etibarlı tərəfdaş kimi tanındı, ikitərəfli və çoxtərəfli münasibətlərini uğurla inkişaf etdirdi.

Bununla bərabər, ölkəmizin beynəlxalq təşkilatlarla əlaqəsi təmin olundu, müasir hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiya qəbul edildi. Nəticədə çox qısa müddətdə müstəqil Azərbaycan özünün sosial, iqtisadi, siyasi və mədəni həyatında ciddi uğurlar qazandı.

Bəli, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası günüdür. Qurtuluş Günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu gündür. Ulu Öndərin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi. Bu tarix həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi. Prezident İlham Əliyevin dediyi kimi: “Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”.

Bu gün Ümummilli Lider Heydər Əliyevin əbədiyaşar ideyalarını layiqincə həyata keçirən Prezident İlham Əliyev siyasi fəaliyyətini ölkəmizin heç bir güc mərkəzindən asılı olmayaraq, müstəqil siyasət aparmasına, hər bir sahədə xalqın mənafeyinin qorunmasına həsr etmişdir. Bu gün Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Nəhayət ki, bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xocalıda, Xankəndidə üçrəngli Bayrağımız əzəmətlə dalğalanır.

Bütövlükdə, Ümummilli Lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin liderliyi ilə özünün ən güclü və qüdrətli dövrünü yaşayır. Qazanılan bütün nailiyyətlərin əsasında isə Qurtuluş məfkurəsi dayanır.

Nigar Orucova, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
67
22
ikisahil.az

10Sources