AZ

Tariximizin şanlı səhifəsi- Milli Qurtuluş günü



1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan xalqı çoxəsrlik dövlətçilik tarixinə söykənərək yenidən milli azadlığına, dövlət müstəqilliyinə nail oldu. Amma müstəqilliyin qorunmasının onun əldə edilməsindən nə qədər çətin olduğunu sonrakı hadisələr bir daha təsdiqlədi. Çünki müstəqilliyimizin ilk 2 ilində bir neçə dəfə hakimiyyət dəyişikliyi yaşamış Azərbaycan xalqı səriştəsiz, milli hiss və duyğulardan uzaq üzdəniraq “liderlərin” rəvac verdikləri daxili çəkişmələrdən, vətəndaş müharibəsi təhlükəsindən, xaosdan, anarxiyadan, Ermənistanın işğalçılıq siyasətindən, nəhayət, dövlət idarəçiliyindən bixəbər iqtidarın özbaşınalığından sabaha ümidini itirmişdi. Hakimiyyətlə xalq arasında uçurum yaranmışdı. 1993-cü ilin yayında Azərbaycanda vəziyyət daha da gərginləşmişdi. Ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Xalqın çağırışı ilə iyunun 9-da Naxçıvandan Bakıya gələn Heydər Əliyev üzərinə böyük məsuliyyət götürərək xilaskarlıq missiyasına başladı.
Xalqın təkidli tələbi ilə Heydər Əliyev iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə ölkəmiz yeni bir dövrə qədəm qoydu. Həmin gün tariximizə Milli Qurtuluş Günü kimi yazıldı. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Oktyabrın 3-də Azərbaycan Prezidenti seçilən Ulu Öndər respublikamızı böyük bəlalardan xilas etdi və inkişaf yoluna çıxardı.
Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.
Heydər Əliyevin ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi.
Xalqın Ulu Öndərə olan möhkəm və sarsılmaz inamı, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti və əzəməti, eləcə də onun xalqına, Vətəninə olan sonsuz sevgisi Azərbaycanı dirçəliş və inkişaf yoluna çıxardı, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlətə çevirdi, Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tutmağa başladı.
Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində böyük iqtisadi uğurlara imza atılıb.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
22
aia.az

10Mənbələr