AZ

Qurtuluş tariximiz 31 il əvvəl bu hadisədən başladı...

Image

Afsəddin Nəbiyev: “Əgər bu proses bir az da ləngisəydi, Azərbaycan  daha böyük təhlükələrlə üz-üzə qalacaqdı”

Otuz bir il əvvəl ulu öndər Heydər Əliyevin Azərbaycana siyasi hakimiyyətə qayıdışı ilə respublikamızın həyatında yeni inkişaf dövrünün əsası qoyuldu. Həmin gün Azərbaycan xalqının taleyində böyük əhəmiyyət kəsb edir. Çünki məhz həmin günlərdə respublikamızın gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyuldu.

1993-cü il iyunun 15-də Heydər Əliyev Ali Sovetin sədri seçildi. O vaxt vəziyyət getdikcə ağırlaşırdı və 1993-cü ilin iyununda hakimiyyət böhranı kulminasiya həddinə çatdı. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı hədəfə almışdı. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək liderə ehtiyac olduğunu şərtləndirirdi. Bu lider Heydər Əliyev idi. Məhz onun sayəsində Azərbaycan dağılmaq təhlükəsindən xilas oldu. 

Bütün bu deyilənlərin fonunda, ötən 31 il Azərbaycanda nələri dəyişdi? Qurtuluş günü Azərbaycanın əldə etdiyi uğurlarda hansı fundamental dəyişikliklərin əsasını qoydu?

“Qurtuluş Günü kimi qeyd etdiyimiz tarixi gün, əslində Azərbaycan dövlətçiliyinin xilası günüdür” 

Sözügedən məsələyə aydınlıq gətirən AMİP-un sədr müavini Afsəddin Nəbiyev “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamara toxundu: “1991-ci ildə yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə etsək də Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşmişdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı birbaşa hədəfə aldı. Daha dəqiq ifadə etsəm,1991-1993-cü illər ölkəmizin müasir tarixində, bəzi müsbət məqamlarla yanaşı hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi də xatırlanır. Bütün bunlar həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verdi. Hadisələri düzgün qiymətləndirə bilməyən o zaman hakimiyyəti təmsil edən iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Dövlətçiliyimizə çox böyük təhlükə yarandığı bir məqamda ozamankı hakimiyyətin rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etdi. Bu dövrdə artıq Xocalını, Şuşanı, Laçını, Kəlbəcəri erməni silahlı birləşmələri işğal etmişdi. Vəziyyət həddən artıq çətin idi. Əgər bu proses bir az da ləngisəydi Azərbaycan  daha böyük təhlükələrlə üz-üzə qalacaqdı. Heydər Əliyev Bakıya dəvət olunduqdan və 15 iyun 1993-cü ildə Ali Sovetin sədri seçildikdən sonra yüksək idarəçilik bacarıqları, siyasi peşəkarlığı sayəsində idarəolunmaz gərgin mürəkkəb vəziyyəti mərhələli şəkildə nizama saldı. Beləliklə dövlətçiliyimizi itirmək təhlükəsi aradan qaldırıldı. Məhz həmin dövrdən başlayaraq Azərbaycanı təmsil edən Heydər Əliyev,  İlham Əliyev hakimiyyəti dövründə 1990-cı illərdə buraxılmış siyasi fürsətlərin tənzimlənməsi yolunda çox böyük işlər görüldü. Xronoloji ardıcıllıqla son 31 ilə   ekskurs etsəm, atəşkəsin, ictimai-siyasi sabitliyin əldə olunması, neft kontraktının imzalanması, Azərbaycanın beynəlxalq arenada tanıdılması, iqtisadiyyatımızın dirçəldilməsi, işğal olunmuş ərazilərimizlə bağlı qətiyyətli addımların atılması, peşəkar ordu quruculuğu proseslərinin ardıcıl davamlı aparılması kimi qələbəyə  hesablanmış işlər, bütün bunlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması ilə nəticələndi. İşğal olunmuş ərazilərimiz düşməndən təmizləndi. Bütün bunlar onu deməyə əsas verir ki, Qurtuluş Günü kimi qeyd etdiyimiz  tarixi gün, əslində Azərbaycan dövlətçiliyinin xilası günüdür. 2023 -cü ilin sentyabrında doğma Qarabağımızda antiterror tədbirləri erməni terrorçuların tamamilə zərərsizləşdirilməsi, Azərbaycanın öz suverenliyinin təmin olunması ilə başa çatdı. Sonda onu da xüsusilə vurğulayıram ki, son illər qazandığımız ardıcıl tarixi qələbələr, suverenliyimizin təmin olunması Qurtuluş Gününün məntiqi nəticəsidir”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
22
baki-xeber.com

10Mənbələr