AZ

Milli Qurtuluş Günü xalq-iqtidar birliyinin ən böyük təntənəsinin təcəssümüdür



1991-1993-cü illər ərzində Azərbaycanda dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər yaşanmaqda idi. İqtisadi-siyasi böhran respublikada həyatın bütün sahələrini bürümüş, dövlət əmlakının açıq-aşkar mənimsənilməsi halları kütləvi xarakter almışdı. Ölkənin ehtiyat mənzil fondu satılıb mənimsənilmişdi. Hakimiyyət daxilində qruplaşmalar yaradılır və birincilik uğrunda biri birinə qarşı mübarizə aparılırdı. Beləliklə, müstəqilliyimizin ilk iki ili ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə xarakterizə olunur.

Xüsuai olaraq qeyd etmək lazımdır ki, Ümummilli Lider Heydər Əliyevin 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verməsindən cəmi iki həftə sonra erməni millətçiləri və onların SSRİ rəhbərliyində olan himayədarları keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmış və Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Əlbəttə ki, Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət edə bilməzdilər. Erməni işğalçı ordusunun ardıcıl olaraq rayon və kəndlərimizi işğal etdiyi həmin dövrdə isə, ölkəmizdə yaradılmış silahlı dəstələr ayrı-ayrı şəxslərin, separatçı qüvvələrin maraqlarını qorumaqla məşğul idilər. Məhz həmin şəxslərin yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.

Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu həmin dövrdə ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirmişdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi.

Əlbəttə ki, həmin keşməkeşli dövrdə Yeni Azərbaycan Partiyasının yaradılması da ölkənin xilası yolunda atılmış ən mühüm addımlardan biri idi. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. 1992-ci ildə ölkədə yaranmış son dərəcə təhlükəli vəziyyəti nəzərə alaraq, Azərbaycanın taleyini düşünən, mütərəqqi ruhlu insanlar respublikanı böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin davamı olan Yeni Azərbaycan Partiyasının 1992-ci ilin noyabrında Naxçıvanda yaradılması və Ulu Öndərin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb olmuşdur. Çünki Yeni Azərbaycan Partiyası ovaxtkı antimilli iqtidara qarşı müxalifət kimi yaranmışdır. Yeni Azərbaycan Partiyasının yaranması bütün Azərbaycanda böyük əks-səda verdi. Azərbaycanın müxtəlif bölgələrindən partiyaya üzv olmaq istəyənlərin axını müşahidə edilirdi və qısa müddət ərzində Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrildi. Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı.

1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Xalqın və ölkənin taleyinin həll olunduğu ağır bir zamanda canından artıq sevdiyi xalqının səsinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi. 1997-ci ilin iyun ayında isə Milli Məclis 15 iyun tarixini Milli Qurtuluş Günü olaraq bayram elan etmişdir.

Qeyd olunmalıdır ki, Ulu Öndərin tarixi missiyası üç mühüm amilə söykənirdi. Bunlar xalqın Heydər Əliyevə olan möhkəm, sarsılmaz inamı və dəstəyi, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti və əzəməti və nəhayət, Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisi. Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Qısa müddətdə asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Ölkədə effektiv idarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. İqtisadi sahədə misilsiz nailiyyətlər əldə olundu. Neft müqavilələri imzalandı, ölkənin iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu. Az müddət sonra ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Bütün bu proseslərin fonunda Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı.

1993-cü ilin 15 iyun tarixi Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir.

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması idi. 2020-ci ildə cənab Prezident İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə Azərbaycan öz xilaskar oğlunun bu arzusunu gerçəkləşdirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə, Xocalıda, suveren ərazilərimizin istisnasız hər bir guşəsində üçrəngli bayrağımız əzəmətlə dalğalanır, Azərbaycan Ulu Öndərimizin əsasını qoyduğu zəfər yolu ilə inamlı yürüşünə davam edir!

Hümbət Nağıyev
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin birinci müavini, Tarix elmləri üzrə fəlsəfə doktoru, əməkdar müəllim




Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
22
aia.az

10Mənbələr