EN

Dövlət İmtahan Təkkəsinin ingiliscə sınağı: Doktorant olmaq istəyənlərə uşaq bağçası qadağaları

Bu gün Dövlət İmtahan Mərkəzu doktoranturaya ingilis dilindən imtahan keçirib. Daimi oxucumuz Məmmədqulu imtahana necə gedib, necə gəlib, mən ərz eləyim, siz də qulaq asın.

Əvvəla, bu imtahanda iştirak etmək üçün DİM Məmmədquludan 110 manat pul alıb. Azərbaycan bir dövlət olaraq Konstitusiyasında sosial vəziyyətindən asılı olmayaraq bütün vətəndaşların təhsil hüququnu tanıyır və davamlı təhsilə təminat verdiyi ifadə edir. Odur ki, orta məktəb məzunlarının bakalavr, bakalavrların magistr təhsili alması üçün DİM-in ödəniş tələb etməsi Konstitusiyaya zidd olduğu kimi, magistrlərlərdən doktoranturaya qəbul zamanı pul yığılması da qanunsuzdur. Üstəlik, qanuna əsaslanmayan qayda qoyaraq magistrlərdən 110 manatalındığı halda, DİM ərizəçilərdən özləri ilə imtahana karandaş, diyircəkli qələm, pozan gətirməyi tələb edir. Bütün bu əşyaların toplam qiyməti heç 5 manat eləmir. Alınan imtahana girmə haqqından DİM qəpik-quruş xərcləyib bu kiçik xərci ərizəçilərin boynundan götürmək istəmirsə, sual yaranır: həmin vəsait hara xərclənir?

Azərbaycan Respublikasının hüquq sistemi bütövlükdə təqsirsizlik prezumpsiyasına əsaslanır. Bu, konstutisiyanın fundamentdal yanaşmasıdır. Amma DİM rəhbərliyi üçün ali məktəbə qəbul olunmaq istəyənlərin hamısı potensial fırıldaqçı, dələduz, mədəniyyətsiz, həttə bir az dərinə getsən, cinayətkardır. Məmmədqulu bir neçə saat çəkəcək imtahan salonunda içmək üçün kiçik plastik qabda “Kola” alıb. Amma nəzarətçilər onu zala buraxmırlar ki, kola içmək olmaz, qadağandır, ancaq qazsız su içə bilərsən. Sual yaranır: “kola” partlayıcı maddə deyil, süni intellekt deyil, informasiya daşıyıcısı deyil. Nəyə görə imtahanda qazsız su içmək olar, amma məsələn, eyni qabda qazlı “Sirab” yox? Nəzarətçilər bunu DİM-ə istinad etməklə belə əsaslandırırlar ki, qazlı su açanda dağıla bilər. Təsəvvür edin, 11 il orta məktəbdə, 6 il ali məktəbdə oxumuş insanlara DİM utanmaz-utanmaz deyir ki, sənin bir plastik qabın qapağını açmağa qabiliyyətin və mərifətin çatmır!Məmmədqulu siqaret çəkəndir, ancaq qapalı yerlərdə siqaret çəkməyin qadağan olduğunu da bilir və qaydalara əməl edir. DİM isə ona deyir ki, yox, mən sənə güvənmirəm, birdən çaşıb imtahanın ortasında siqaret çəkərsən, yaxşısı budur,siqareti çöldə bir yerə tulla keç içəri...

Biçarə Məmmədqulu keçir içəri, yerini tutur. Onun qabağına bir vərəq qoyurlar. Çap olunmuş vərəqin üstündə adı, soyadı, atasının adı, iş nömrəsi, fotosu, şəxsiyyət vəsiqəsinin məlumatları var. DİM isə tələb edir ki, bütün bunları eyni vərəqə əlinlə, necə deyərlər, öz dəsti-xəttinlə bir də təzədən yaz və qol çək. Məmmədqulu ha fikirləşir, dövlət qurumu ilə vətəndaş arasındakı bu bürokratik güvənsizliyin səbəbini tapa bilmir. Daha doğrusu, özündə tapa bilmir.Çünki hüquq nöqteyi nəzərindən dövlət Konstitusiya ilə Məmmədquluya deyib ki, sən ideal vətəndaşsan, DİM isə onu vələdüzna sayır.

Dolayı yollarla DİM tərəfindən alçaldılmış və təhqir olunmuş Məmmədquluya və zaldakı digər iştirakçılara nəzarətçilər QƏTİ xəbərdarlıq edirlər: yerinizdən tərpənməyin, başqasından köçürməyə çalışmayın, smart cihazlardan istifadə etməyin- baxmayaraq ki, bunlar əvvəlcədən yoxlanıb və müsadirə olunub! Bir ölkədə təhsilin ən yüksək pilləsinə iddia edənlər, bax beləcə, bağça uşağı yerinə qoyulur.

İmtahan başlayır. Dünyanın ən güclü dövlətlərinə bir çox məsələlərdə dirsək göstərən ölkəmizdə sən demə doktoranturaya qəbul olunmaq istəyən cəmi bir neçə min adamın ingilis dili biliyini sınamaq üçün komputer, internet, proqram tapılmır.Test tapmacaları icad edəndə innovasiyalara istinad edən DİM kağız daşıyıcıda, qələmlə ingilis dilindən imtahan götürür. Dinləmə qabiliyyətinin yoxlanılması üçün zala audio cihaz qoyulur. Cihaz bir exo verir ki, monoloqu və dialoqu səsləndirənlər elə bil mağar toyunda mikrofon sahmanlayırlar. Suallar o qədər çox, variantlar o qədər çaşdırıcıdır ki, monoloqu sinxron tərcümə edə bilən adam da eşitdiklərini yadda saxlayıb düzgün cavabı qeyd etməyə çətinlik çəkir. Digər tapşırıqların mətni və sualları da belədir. Bəzi suallar üçün cavab variantlarının sayı 4, bəzilərinin 5-dir. Bir-birinə olduqca yaxın variantlar içindən bu beş cavabdan birini seçmək üçün xeyli vaxt lazımdır, zaman isə məhduddur. Amma bütün bunlar hələ zurnanın “zırt” dediyi yer deyil.

Məmmədqulunu onda ağlamaq tutur ki, DİM qabağına iki “Excel” cədvəli qoyur, orada əks olunmuş 2014 və 2015-ci illərin iqtisadi göstəricilərini müqayisəli təhlil edərək ingiliscə yaz deyir. Baxın, məsələ ingiliscə bilməkdə və yazmaqda deyil, Məmmədqulu bu cədvəli heç ana dilində də təhlil etməli deyil. Çünki o tarix üzrə PHD dərəcəsi almaq istəyir. Məsələn, DİM həmin cədvəlin yerinə Məhəmməd Füzulinin şəklini qoysa və desə ki, Şərqin bu böyük şairi, hamının tanıdığı tarixi şəxsiyyət barədə yaz, iddiaçı onun barəsində Azərbaycanca fikirləşib, inglis dilinə tərcümə etməklə bir neçə vərəq doldura bilər. Amma DİM-ə Məmmədqulunun dövlətin təhsil standartları, məzunların ingiliscə bilməsi yox, məhz “test texnologiyaları”nı mənimsəyib belə məqamlar üçün xüsusi kurslarda hazırlaşması lazımdır.

Hə, bütün bunlardan sonra yəqin soruşaqsınız ki, Məmmədqulu imtahandan keçdimi?

Cavablar hələ bəlli deyil, üstəlik sual kitabçalarını da Məmmədqulunun əlindən alıblar. Yenə sual yaranır, istifadə olunmuş sual kitabçalarını yığmaq DİM-in nəyinə lazımdır? Cavabı çox sadədir! Çünki DİM öz sual sisteminin müzakirə olunmasını istəmir və bu tipik Şərq ənənəsidir. Şərqdə elm həm də ona görə inkişaf etmədi ki, bilik dar bir dairənin- təkkələrin inhisarında idi və təkkədən kənarda kimsə elm sahibi ola bilməzdi.

Odur ki, ən yaxşısı gedib İELTS sertifikatı almaqdır. Heç kim səni alçatmır, incitmir, nadan yerinə qoymur, uzaqbaşı soruşurlar ki:

- Can you speak English?

Sən də deyirsən:

Chosen
114
19
aznews.az

10Sources