EN

Rusiyaya hücum planı... – Müttəffiq ölkələr zərbələrin endirilməsini dəstəkləyir

Rusiyaya

Son günlər Ukraynanın Qərb silahları ilə Rusiya ərazisinə zərbələr endirməsi məsələsi Kiyev və onun müttəfiqləri tərəfindən intensiv şəkildə müzakirə olunur. Rəsmi Kiyev tərəfdaşlarını Rusiya ərazisinə Qərb silahları ilə hücumlara icazə verməyə çağırır.

Reyting.az
-ın xəbərinə görə, Ukraynanın tərəfdaşları rəsmi Kiyevin çağırışına dəstək nümayiş etdirməyə başlayıblar.

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Ukrayna ordusunun Rusiyadakı hədəflərə Qərb silahlarından istifadə edə biləcəyi ilə bağlı bəyanat verib.

Danimarkanın baş nazir Mette Frederiksen isə deyib ki, Ukrayna ordusu beynəlxalq hüquqa uyğun olaraq kənarda Rusiya hədəflərinə qarşı verdikləri silahlardan istifadə edə bilər.

Çexiyanın baş naziri Petr Fiala da Ukraynanın çağırışına müsbət cavab verib.

NATO-nun baş katibi isə bəyan edib ki, Ukraynanın bütün müdafiə vasitələrindən istifadə hüququ var.

Fransa prezident Emmanuel Makron da Ukraynanın Qərb silahları ilə Rusiya Federasiyasına zərbə vurmaq istəyinədəstəyini ifadə edib.

Ukraynaya uzaqmənzilli “Taurus” raketlərinin verilməsinə qarşı çıxan Almaniya kansleri Olaf Şolts da rəsmi Kiyevi çağırışına müsbət yanaşır. Kansler deyib ki, Kiyev silah tədarük edən ölkələrin şərtlərinə və beynəlxalq qanunlara uyğun olaraq özünü müdafiə etməlidir: “Beynəlxalq hüquqa görə, Ukraynanın hər cür imkanı var. Bəzi insanlar özlərini müdafiə etməyə və müvafiq tədbirlər görməyə icazə verilməməli olduğunu iddia edəndə mənə qəribə görünür”.

Hollandiyanın mövqeyinə gəlincə, ölkənin müdafiə naziri Kaysa Ollonqren bildirib ki, Rusiyadakı hədəflərə zərbələr ümumiyyətlə Avropa İttifaqında müzakirə mövzusu olmamalıdır: “Ukrayna Rusiyanın daxilinə də zərbə endirməlidir. Ona görə də mənim nöqteyi-nəzərimdən bu, müzakirə mövzusu olmamalıdır. Ümid edirəm ki, başqa mövqedə olan digər ölkələr də bunu dəyişəcəklər”.

Latviya prezidenti Edqars Rinkeviç isə bəyan edib ki, cəbhədəki vəziyyət Qərbin Ukraynanı silahla təmin etməməsi və onlardan istifadəyə məhdudiyyətlər qoymasının nəticələrini nümayiş etdirir: “Söhbət mülki deyil, qanuni hərbi məqsədlərdən gedir”.

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis də qadağanı doğru saymır: “Ukraynalılar Rusiya ərazisini, təchizat xətlərini və Ukraynaya hücuma hazırlaşan qoşunları vura bilməlidir. Biz yaratdığımız bu qaydalardan imtina etməliyik”.

Estoniya Müdafiə Nazirliyi də Rusiya ərazisinə zərbə endirməyə icazə verilməsinə tərəfdardır: “Ukraynanın düşmən xəttinin arxasında, 1000 kilometrdən çox məsafədə hədəfləri vuran öz pilotsuz təyyarələri var. Ümid edirik ki, uzaqmənzilli silahlara malik olan bütün ölkələr də bununla bağlı Ukraynaya icazə verəcəklər. Çünki Rusiyanın öz ərazisinin dərinliklərindən hücum etməsi, ukraynalıların isə bir əlini arxada qoyaraq döyüşməsi normal deyil”.

Kanadanın xarici işlər naziri Melani Coli də Ukraynanın Rusiyaya zərbələr endirməsini dəstəkləyir və ölkəsi tərəfindən belə bir qadağanın olmadığını deyir: “Rusiyanın heç bir qırmızı xətti yoxdur. Ukraynanın müdafiəsinə gəlincə, biz kömək etməyə hazırıq və nə baş verməsindən asılı olmayaraq, Kanadanın silah tədarükü üçün heç qadağa yoxdur”.

Finlandiyanın Xarici İşlər Nazirliyi isə Ukrayna ordusuna verilən silahlar üçün belə bir məhdudiyyət qoymadıqlarını bəyan edib: “Rusiya Ukraynada qanunsuz işğalçı müharibə aparır və Ukrayna BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququna malikdir”.

İsveçin mövqeyinə gəldikdə, müdafiə naziri Pol Conson xatırladıb ki, Ukrayna Rusiya Federasiyası tərəfindən səbəbsiz və qeyri-qanuni təcavüzkar müharibənin hədəfindədir: “Beynəlxalq hüquqa görə, Ukraynanın özünü müdafiə etmək hüququ var. İsveç beynəlxalq hüququ və Ukraynanın özünümüdafiə hüququnu dəstəkləyir”.

Polşanın Müdafiə Nazirliyi də Ukraynanın istəyinə qarşı deyil: “Rusiya istədiyini edir, ona görə də Ukrayna ordusuna heç bir məhdudiyyət olmamalıdır. Polşanın mövqeyi aydındır: Ukrayna aldığı texnika ilə mübarizə apara bilməlidir və Polşanın bu məsələdə etirazı yoxdur”.

Pentaqon isə bəyan edir ki, Rusiyaya qarşı zərbələrlə bağlı mövqeyini dəyişməyib. Bu ondan ibarətdir ki, Ukrayna öz sərhədləri daxilində özünü müdafiə etməlidir. Eyni zamanda, dünən ABŞ-nın dövlət katibi Antoni Blinken Vaşinqtonun bu məsələdə öz mövqeyini “uyğunlaşdırmaq” imkanını istisna etmədiyini bildirib.

Onu da qeyd edək ki, Qərb silahları ilə Rusiyaya hücum etməyə qarşı çıxan ölkələr də var. İtaliyanın xarici işlər naziri Antonio Tajani deyib ki, verdikləri silahdan Rusiya Federasiyasına hücum üçün istifadə edilməməlidir: “Biz Ukraynaya döyüşmək üçün bir dənə də olsun italyan əsgərini göndərməyəcəyik və göndərdiyimiz hərbi vəsaitlərin Ukrayna sərhədlərindən kənarda istifadə olunmasını istəmirik”.

Belçikanın da mövqeyi Ukraynanın çağırışına cavab vermir. Baş nazir Alexander De Kroonun fikrincə, Ukrayna onlardan alacağı “F-16” qırıcıları və digər silahlardan yalnız öz ərazisində istifadə edə bilər: “Bizim müqaviləmizə daxil olan hər şey Ukrayna ordusu tərəfindən Ukrayna ərazisində istifadə olunmalıdır”.

Y. QACAR
Chosen
87
41
reyting.az

10Sources