EN

Polşada körpəsi ilə itkin düşən azərbaycanlı qadının meyiti çaydan tapılıb

Polşada yaşayan Adilə Mehdiyevadan bir aydan çoxdur xəbər yox idi. Azərbaycanlı qadını axırıncı dəfə 2023-cü il dekabrın 17-də ikiaylıq körpəsi ilə Vrotslav şəhərində Sikorskieqo küçəsində yaşadığı mənzildən çıxanda görmüşdülər. Polşa mətbuatı Adilə Mehdiyevanın itkin düşməsinə dərhal həssas yanaşmışdı. Qəzetlərdə və televiziyada bundan çox bəhs olunmuşdu. Azərbaycanlının itkin düşməsi olduqca müəmmalı görünmüşdü. Bizimyol.info xəbər verir ki, Adilə Mehdiyevanın Odra çayından meyiti tapılıb. Yaxınları onu geyimindən tanıyıb. Qadının körpəsi ilə bağlı hələ xəbər yoxdur. Adilə Mehdiyeva əvvəlcə təhsil almaq üçün Polşanın Lodz şəhərinə üz tutubmuş. Sonradan Vrotslava köçüb. Burada əcnəbi ilə ailə həyatı qurub. Amma evlilik uzun sürməyib. Hesab olunur ki, azərbaycanlı qadın ayrılığı ağır yaşayıb. 28 yaşlı ana tanışları ilə az ünsiyyət saxlamağa başlayıbmış. Adilə Mehdiyevanı tanıyan polşalılar sosial platformalarda onun son vaxtlar depressiv təsir bağışladığını yazırdılar. O özünü heç yaxşı hiss etmirmiş. Həmişə fikirli görünürmüş. Azərbaycanlı qadının Polşadakı tanışları onun yerli dildə zəif danışdığını deyirlər. O, Avropada əsasən ingiliscə ünsiyyət qurmağa çalışırmış. İnsanlarla dil tapmaqda çətinlik yaşayırmış. Adilə Mehdiyevanın intihar etməsi versiyası səslənməyə başlayıb. İstintaqa bəzi videogörüntülər təqdim edildiyi bildirilir. Həqiqət bir müddət sonra ortaya çıxa bilər. Adilə Mehdiyevanın yaxınları onun itkin düşməsi xəbərindən bir neçə gün sonra Polşaya yollanmışdı. Polşada yaşayan azərbaycanlılar qadının tapılmasında fəal iştirak ediblər. Sosial şəbəkə səhifələrində bu barədə mütəmadi yazılırdı. Adiləni tanıyan azərbaycanlılardan maksimum informasiya təqdim etmək xahiş olunurdu. Ötən yay Polşada başqa bir azərbaycanlı da itkin düşmüşdü. Yusif Həsənovdan bir gün sonra xəbər çıxmayanda tanışları vaxt itirmədən polisə məlumat vermək qərarına gəlmişdi. Sonradan yerli adamlar onu gölə tullananda gördüyünü xəbər vermişdi. Göldə xeyli axtarış aparılmışdı. Axırda oradan azərbaycanlının meyiti tapılmışdı. Aytən, Bizimyol.info

Chosen
182
23
bizimyol.info

10Sources