• Şikayət et

Eldar Mahmudovla bağlı nə baş verir?

Baş Prokurorluq keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun barəsində olan hökmdən apelyasiya protesti verib. Bununla bağlı dövlət ittihamçısı Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.

 

Baş Prokurorluq birinci instansiya məhkəməsinin V.Mahmudovun əmlakları ilə bağlı çıxardığı hökmdən narazı qalıb. Məlumata görə, apelyasiya protestinin verilmə müddəti başa çatıb. Prokurorluq isə müddətin bərpası üçün Bakı Hərbi Məhkəməsinə müraciət edib. Məhkəmə müraciəti təmin edib. Bakı Apelyasiya Məhkəməsində keçiriləcək apelyasiya protesti üzrə məhkəmə iclası fevralın 3-nə təyin edilib. Apelyasiya protesti hakim Elmar Rəhimovun icraatına verilib.

 

Hazırda xaricdə yaşayan politoloq Ərəstun Oruclu Eldar Mahmudovla bağlı maraqlı iddialar səsləndirib. O deyib ki, 2013-cü il seçkiləri ərəfəsində “Milyarderlər İttifaqı”nın yaradılması ətrafında oyunda iştirak edənlərdən biri də o zamankı MTN rəhbəri Eldar Mahmudov olub. “O zaman baş verənlər çoxlarını bitirdi, amma hələ çoxunu da bitirəcək. İndi hesabımda yanılmıramsa, növbə Mahmudovun özünün olmalıdır. Rusiyanın oyunlarına qatılmağın bədəli budu”, - deyə o bildirib. Bu iddiaların fonunda Respublika Prokurorluğunun Mahmudovun sirlərini bilən əmisi oğlu haqda protest verməsi diqqət çəkir. Sabiq MTN şefi həbs edilə, əmisi oğlunun işi də təzədən istintaqa qaytarıla bilərmi? Mahmudov həqiqətən Rusiya projesi olmuş “Milyarderlər İttifaqı”nın yaradılması ətrafında oyunda iştirak edibmi?

 

Sabiq MTN polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a bildirdi ki, Baş Prokurorluq tərəfindən V.Mahmudov haqda hökmdən protest əmlaklarla bağlıdır: “Vüqar Mahmudov apelyasiyaya əmlakların qaytarılması üçün müraciət edib. Prokurorluq isə müsadirə olunması məsələsini qoyub. İttiham tərəfi nadir hallarda Apelyasiya Məhkəməsinin qərarından şikayət edir. Görünür, bu prosesdə başqa tərəflər də var. Zənnimcə, hüquqi prizmadan daha çox siyasi çalarlar mövcuddur. Çünki qarşı tərəfə münasibətdə yumşalma qəbul edilmir”.

 

İ.İsmayılın sözlərinə görə, Apelyasiya Məhkəməsinin korporativ maraqlarının olması istisna deyil: “Ancaq bunu birmənalı şəkildə demək olmaz. Ölkədə rüşvətxorluqla bağlı xeyli həbslər, məmurların əmlaklarının müsadirəsi haqda qərarlar var. Mənə elə gəlir ki, hədəf Vüqar Mahmudovdur və hətta istisna deyil ki, hədəf elə Eldar Mahmudovun özüdür. Ona görə ”MTN işi" ətrafında proseslər hələ gedəcək. Odur ki, yumşalma olmayacaq və qarşı tərəfə də arxayınlaşmaq imkanı verilməyəcək. Təbii ki, ittiham tərəfi bütün bunları qanunla edir, əsaslandırır. Yəni hüquqi tərəfi sözsüz ki var, amma siyasi çalarlar da var".

 

Ekspert Ə.Oruclunun “Milyarderlər İttifaqı” haqda iddialarını bölüşmür: “Orada Eldar Mahmudovun adı keçmirdi. İnandırıcı deyil ki, həmin məsələdə iştirakı olsun. Eldar Mahmudov 1-ci şəxs olmaq istəyə bilərdi, amma tamam başqa xətlə edərdi, ”Milyarderlər İttifaqı" ilə həyata keçirmək arzusu ağlabatan görünmür. O dövrdə İsrail və ya Rusiya ilə bağlı müəyyən informasiyalar dolaşırdı. Çünki Eldar Mahmudov dövlət içində dövlət strukturu yaratmışdı, hamı üzərində nəzarəti var idi. Hətta lazım olmayan yüksək səviyyəli telefon dinləmələrinə yol verilmişdi. Ona görə bu məsələdə yumşalma olmayacaq".

 

Qeyd edək ki, E.Mahmudovun əmisi oğlu V.Mahmudov 2017-ci il noyabrın əvvəlində həbs edilib. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və sabiq nazir E.Mahmudovun köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant V.Mahmudova qarşı bir sıra maddələrlə ittiham irəli sürülüb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib. V.Mahmudov istintaq dövründə cəza müddətini çəkdiyi üçün məhkəmə zalından azadlığa buraxılıb. Hökmdə həmçinin qeyd edilib ki, V.Mahmudova məxsus əmlaklar müsadirə olunub. Məhkəmə hökmündən narazı qalan sabiq MTN əməkdaşı apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə isə V.Mahmudovun əmlaklara münasibətdə şikayətini qismən təmin edib.

Mənbə:
0
127
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar