Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (ICC) keçmiş müdafiə naziri, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovun həbsinə order verib.
Medianews.az kommersant.ru-ya istinadla xəbər verir ki, BCM buna səbəb kimi Rusiya Federasiyasının qanuni hədəf hesab etdiyi Ukraynanın enerji obyektlərinə hücumların adını çəkib.
Lakin məsələ burasındadır ki, Rusiya BCM-nin üzvü deyil. Ona görə də BCM-in yurisdiksiyası Rusiyaya şamil edilə bilməz. Bu səbəbdən də rəsmi Moskva məhkəmənin qərarlarını hüquqi cəhətdən etibarsız hesab edib.
Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti də bəyan edib ki, BCM-in məhkəməyə qədərki palatasının Sergey Şoyquya qarşı qərarı etibarsızdır. TŞ bunu “Qərbin Rusiyaya qarşı hibrid müharibəsinin bir hissəsi kimi” qəbul edib.
Xatırladaq ki, 2023-cü ilin martında BCM-in İstintaq Palatası prezident Vladimir Putin və Rusiya Federasiyasındakı Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın da həbsinə order verib. BCM-in qərarı “2022-ci il fevralın 24-dən Rusiya qüvvələri tərəfindən işğal olunmuş Ukrayna ərazilərindən uşaqların qanunsuz deportasiyası” işi çərçivəsində qəbul edilib.
Vüqar MƏMMƏDOV