AZ

Fransa Cənubi Qafqaz siyasətini korrektə etmək istəmir – Ermənistan yeni müharibəyə TƏHRİK EDİLİR

İrəvan və Paris Fransanın CAESAR özüyeriyən silahlarının Ermənistana tədarükünə dair müqavilə imzalayıblar. Bu barədə məlumatı Fransanın müdafiə naziri Sebastyan Lekornu özünün “X” hesabında yayıb. O, ölkəsinin Ermənistanla müdafiə əlaqələrini gücləndirməyə davam etdiyini, həmkarım Suren Papikyanla səmimi və məhsuldar söhbət etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, yeni mühüm mərhələ CAESAR silahlarının alınması üçün müqavilənin imzalanmasıdır.

Beləliklə, Fransa sözügedən müqaviləyə əsasən, özüyeriyən silahı zirehli kabinli “Renault Sherpa” yük maşını şassisinə quraşdırılmış 155 millimetrlik CAESAR haubitsalarını yaxın gələcəkdə Ermənistana çatdıracaq. Bu hadisə Fransanın Ermənistanı silahlandırmasına, yeni müharibəyə təhrik etməsinə dair növbəti faktdır.

Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı məlumat yayaraq bildirib ki, rəsmi Bakının xəbərdarlığına rəğmən, Fransanın Ermənistanı öldürücü və hücum təyinatlı artilleriya qurğuları, digər silah növləri ilə təchiz etməsi Fransanın Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət aparmasının növbəti sübutudur. Nazirliyin məlumatında vurğulanıb ki, yeni müharibəyə görə məsuliyyəti Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq.

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu bildirib ki, Fransa-Ermənistan hərbi əməkdaşlığı yeni mərhələyə qədəm qoyub.

Onun sözlərinə görə, İrəvanın Parisdən alacağı CAESAR haubitsaları 54 kilometr uzaqlıqdakı hədəfləri vurmağa imkan verir: “Fransanın müdafiə naziri Sebastien Lekornu Parisdə erməni həmkarı Suren Paikyanla görüşdən sonra bəyan edib ki, Ermənistanla müdafiə sahəsində əlaqələrin gücləndirilməsinin davamı kimi bu ölkəyə CAESAR haubitsaları verəcəklər. Bu, Fransa-Ermənistan hərbi əməkdaşlığının yeni mərhələsidir. Fransanın Ermənistana göndərdiyi əvvəlki zirehli texnika aşağı keyfiyyətli idi. CAESAR haubitsaları isə 54 kilometr uzaqlıqdakı hədəfləri vurmağa imkan verir. CAESAR zirehli yük avtomobilinə bərkidilmiş artilleriya sistemidir. Bu səbəbdən artileriya sisteminin yerini dəyişdirməsi asandır. Özüyeriyən CAESAR artilleriya qurğusu 1994-cü ildə “Nexter” şirkətin tərəfindən hazırlanıb, kütləvi istehsala 2002-ci ildə başlanılıb, Fransa ordusuna isə 2008-cu ildən təhvil verilib. Özüyeriyən artileriya qurğusunun ekipajı 5 nəfərdən ibarətdir, 155 mm-lik topa malikdir. Fransa ilə Ermənistan arasında yeni müqavilənin dəyəri haqqında məlumat verilməsə də, CAESAR artilleriya qurğusunun birinin qiyməti 7 milyon dollara yaxındır. Fransa bir müddət əvvəl bu qurğulardan bir neçəsini Ukraynaya göndərmişdi. Rusiya informasiya mənbələri xəbər yaymışdılar ki, Rusiya ordusu həmin haubitsalardən ikisini ələ keçirib”.

Politoloq E.Şahinoğlu deyib ki, Fransa Cənubi Qafqaz, o cümlədən Azərbaycan siyasətini korrektə etmək istəmir: “Qərb ölkələri Ukraynanın müdafiə qüdrətini artırmaq barədə düşünərkən, Kiyev bu ölkələrdən daha çox hərbi texnika istəyərkən, Fransa Ermənistana özüyeriyən haubitsalar göndərməyə qərar verib. Yenə eyni sual aktuallaşacaq: Fransa bu haubitsaları hansı ölkənin ərazisindən Ermənistana çatdıracaq? Paris yəqin Tbilisini şantaj edəcək ki, “Qərb ölkələri ilə münasibətlərinizin gərginləşdiyi indiki mərhələdə münasibətlərin normallaşmasını arzulayırsınızsa, hərbi yüklərin Gürcüstan üzərindən Ermənistana çatdırılmasına şərait yaradın!”

Kamilə ORUCOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
50
medianews.az

10Mənbələr