AZ

"Fransa Ermənistanı sürətlə silahlandırır, yeni müharibə..." - AÇIQLAMA

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyunun 20-də Fransaya işgüzar səfəri çərçivəsində ölkə prezidentinin xarici işlər üzrə müşaviri Emmanuel Bonnla görüşüb. Burada Ermənistan və Fransa arasında ikitərəfli münasibətlərin inkişafı prosesi, həmçinin ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri müzakirə edilib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, son zamanlar rəsmi İrəvanla Paris arasında əlaqələr yenidən güclənib. Onun sözlərinə görə, Fransa Ermənistanı sürətlə silahlandırır:

 

“Rəsmi Bakının mövqeyinə görə, bu, qəbuledilməzdir. Elə Rusiya da Fransanın Ermənistanı silahlandırmasını qınayır.  Bu heç də təsadüfi deyil. Məsələ ondan ibarətdir ki, Fransanın hazırkı hakimiyyəti heç bir bölgəyə xeyir gətirməyib. Yelisey Sarayı sadəcə olaraq işğalçılıq siyasəti yeridir. Makron hakimiyyəti müxtəlif regionlarda özünün təsir imkanını artırmaq üçün bütün imkanlardan istifadə edir. Fransanın Cənubi Qafqazla bağlı niyyətində əsas xətt Ermənistana təzyiqdir. Məlum olduğu kimi, İrəvan regionun ən zəif bəndidir. Deməli, Azərbaycandan fərqli olaraq Ermənistana təzyiq mümkündür. Fransa da bunu bilir. Odur ki, Ermənistanı əvvəlcə silahlandıraraq şirnikləndirir, sonra da təzyiq imkanı əldə edir. Perspektivdə əgər İrəvan Parisin təsirindan çıxmağa cəhd etsə, Makron hakimiyyəti Baş nazir Nikol Paşinyanı dəstəyi dayandırmaqla təhdid edə bilər. Bu, təxminən ABŞ-nin Ukrayna siyasətini xatırladır”.

 

Kənan Novruzov bildirib ki, Fransa ilə Ermənistan arasında son zamanlar əlaqələrin güclənməsi təsadüfi deyil:

 

“Çox güman, Yelisey Sarayı Bakı ilə İrəvan arasında müşahidə olunan normallaşmadan, o cümlədən ikitərəfli əlaqələrdən narahatdır. Ona görə də bütün imkanları ilə bu prosesə mane olmağa çalışır. Bu isə məhz Ermənistana təzyiq vasitəsilə mümkündür. Əlbəttə, hər bir ölkə kimi Ermənistanın da silah almaq hüququ var. Amma sual yaranır: Birincisi, niyə Ermənistanın silah aldığı ölkələr arasında Fransa həmişə birinci olur? İkinci, bu proses niyə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdığı dövrə təsadüf edir?

 

Fikrimcə, Parislə İrəvan arasındakı əlaqələrin hazırkı tempi və baş verənlər perspektivdə sülh gündəliyinə xələl gətirməklə yanaşı, həm də növbəti müharibəyə, yaxud hərbi gərginliyə səbəb ola bilər”.

 

Günay 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
50
sfera.az

10Mənbələr