AZ

Fransanın Ermənistanı silahlandırması sülh sazişinə təhdiddir

Azərbaycanın öz torpaqlarını 30 ildən sonra Ermənistanın işğalından azad etməsi Prezident İlham Əliyevin düşünülmüş strategiyasının, həmçinin ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, xalq-iqtidar birliyinin nəticəsidir. Dövlət başçımızın prezidentliyi dövründə həyata keçirdiyi uğurlu daxili və xarici siyasət Azərbaycanı qalib ölkə kimi dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub. Vətən müharibəsi başa çatdıqdan sonra dövlətimizin başçısının qarşıya qoyduğu əsas vəzifələrdən biri Ermənistanla sülh müqaviləsi imzalamaq olub. Azərbaycanın xoşməramlı təkliflərinin nəzərə almayan məğlub Ermənistan hələ də müxtəlif bəhanələrlə sülh müqaviləsini imzalamaqdan yayınır. Həm Ermənistan, həm də Fransa kimi qeyri-obyektiv ermənipərəst dövlətlər hələ də Azərbaycanın tarixi Qələbəsini həzm edə bilmirlər. Lakin fakt ondan ibarətdir ki, Fransa kimi ermənipərəstlər həm  Azərbaycanın Qələbəsini, həm də Ermənistanın məğlubiyyətini həzm etmək məcburiyyətindədirlər. Məsələ orasındadır ki, Azərbaycanın qələbəsini həzm edə bilməyən qüvvələr ən müxtəlif vasitələrdən istifadə edərək Ermənistanı sülh sazişi imzalamaqdan yayındırırlar. Ermənistanın hamisi kimi çıxış edən bir sıra dövlətlər isə bir az da irəli gedərək aşıq şəkildə təcavüzkar dövləti silahlandırmaqda davam edirlər. Ermənistanın silahlandırılması missiyasını üzərinə götürən Fransa hətta istifadəsi qadağan edilmiş silahların Ermənistana ötürülməsindən çəkinmir. Ölkəmizə qarşı səlib yürüşünə keçən Fransa Ermənistana siyasi dəstək verməklə yanaşı, hərbi dəstəyini də əsirgəmədi. Təcavüzkar ölkəni silahlandırmağa başlayan bu ölkə artıq 3 ildir ki, sülh müqaviləsinin imzalanmasına mane olur. Bildiyimiz kimi, Fransa və Ermənistan arasında hərbi saziş imzalanıb. Bundan istifadə edən Fransa mənbələri iddia edir ki, guya Ermənistana ötürülən silahlar "müdafiə xarakterlidir" və Fransa Ermənistanı başqa ölkəyə qarşı silahlandırmaqda maraqlı deyil. 
Mütəxəssislərin qənaətinə görə isə, Ermənistana ötürülən silahların müdafiə məqsədli olması bu ölkənin sərhədboyu təxribat törətməyəcəyinə və hərbi hədəflərdən daha çox, siyasi hədəflərə hesablanmış eskalasiya yaratmayacağına zəmanət verə bilməz. Ermənistanın müdafiə sisteminin zəif yeri hava hücumundan müdafiə qabiliyyəti idi, görünür, öncə bu boşluğu doldurmağı planlaşdırırlar. İmzalanan saziş bu fonda ilk addım idi. Sonrakı mərhələdə isə Fransanın Ermənistana hücum silahları verəcəyi də istisna deyil. Şübhəsiz ki, Fransa silahların verilməsi ilə yanaşı, Ermənistan ordusunda kadr hazırlığını da həyata keçirəcək və təcrübə mübadiləsi aparılacaq.  Yayılan məlumatlara görə, Ermənistan Fransadan 36 ədəd "Caesar" özüyeriyən artilleriya sistemi alıb. Diqqətə çatdıraq ki, Ermənistanın Fransadan silah alması birinci dəfə deyil. Rəsmi məlumatlara görə, dəfələrlə Fransa Ermənistana yüz milyonlarla avro dəyərində silah-sursat satıb. Hətta Fransanın məşhur "Le Mond" nəşri bu barədə məlumat paylaşıb. Bildirilib ki, hərbi yardım təkcə birgə təlimlərlə kifayətlənmir, eyni zamanda Fransa Ermənistana müxtəlif texnikalar, o cümlədən zenit-raket kompleksləri satır.Qeyd olunub ki, söhbət Ukraynaya göstərilən silah tədarükündən deyil, məbləği bir neçə yüz milyon avroya çata biləcək müqavilələrdən gedir. Nəşrin yazdığına görə, İrəvanın bu məbləği necə ödəyəcəyi hələ ki məlum deyil.
Fransa hətta ölkədə yaranmış siyasi böhrandan öz məqsədləri üçün istifadədən belə çəkinmir. Məlum olduğu kimi Fransa prezidenti İmanuel Makron iyunun 9-da partiyasının Avropa Parlamentinə seçkilərdə məğlub olması səbəbindən Fransa parlamentini buraxıb. O, növbədənkənar seçkilərin iyunun 30-da (birinci tur) və iyulun 7-də (ikinci tur) keçiriləcəyini açıqlayıb. Rəy sorğuları göstərir ki, ifrat sağçıların növbədənkənar seçkilərdə qalib gəlmək üçün hər cür şansı var, lakin mütləq çoxluq yoxdur. Makron ifrat sağçılar qalib gəlsə, istefa verməyəcəyini bildirib. Beləliklə, Fransa qlobal oyunçu" statusunu sürətlə itirməyə doğru getməkdədir və "status"a görə məhz Makron günahkardır. Avropada və dünyada uzun illərdir ki söz sahibi olan rejimi 8 ilə yaxındır uğursuzluqlar izləyir.
Heç şübhəsiz ki, Fransanın Ermənistana verdiyi silahlar Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığına təhdid yaradacağı təqdirdə Azərbaycan bu təhdidləri aradan qaldırmaq üçün zəruri olan bütün addımları atacaq. Çünki, Parisin Ermənistana silah ixrac etməsi birmənalı olaraq Qafqazda mövcud olan həssas və kövrək sülhə ciddi zərbə endirir. Bu, heç bir halda Ermənistanı sülh sazişi imzalamaq istiqamətində fəaliyyətinə müsbət təsir etməyəcək. Və nəticə etibarilə Ermənistan Fransanın bu addımlarından cəsarətlənərək əvvəlki illərdə olduğu kimi, hərbi təxribatlarına davam edəcək. Bu isə Azərbaycanı birmənalı şəkildə perventiv və ya əks cavab tədbirləri görməyə yönəldəcək. Məlum oduğu kimi Parisin Cənubi Qafqazda yürütdüyü siyasətin məqsədi Rusiyanı Ermənistandan çıxarmaqla bərabər öz iştirakını Ermənistan ərazisində həyata keçirmək və yeni toqquşmalara və hətta hərbi əməliyyatların bərpasına nail olmaqdan ibarətdir. Məlum olduğu kimi Ermənistan istəklərinə nail olmaqdan ötrü daim belə bir fürsət axtarışındadır. Mövcud vəzyyət isə heç bir halda Cənubi Qafqazda dayanıqlı sülh və təhlükəsizliyin təmin olunmasına zəmanət verə bilməz. Təsadüfi deyil ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanatda vurğulanıb ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa tərəfindən qanlı hərbi təcavüz törətmək təcrübəsi olan Ermənistanın yenidən silahlandırılması və Ermənistan rəhbərliyinin revanşizm siyasətini dəstəkləməsi siyasi məsuliyyətsizlik olmaqla bərabər yeni müharibəyə aparan yoldur.
 

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
50
olaylar.az

10Mənbələr