AZ

"Fransa unutmamalıdır ki, Paris İrəvana uzaq, "Yaşma" isə Zəngəzura çox yaxındır"

İrəvan və Paris Fransanın CAESAR özüyeriyən silahlarının tədarükünə dair müqavilə imzalayıblar.

Bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornyu özünün "X" hesabında məlumat verib. Ermənistan Müdafiə Nazirliyi də məlumatı təsdiqləyib. Bildirilib ki, İrəvan Fransa-Almaniya konserni KNDS ilə müqavilə bağlayıb. Qeyd edək ki, bu şirkət Qərb ölkələrinin Ukrayna Silahlı Qüvvələrinə tədarük etdiyi CAESAR özüyeriyən silahlarını istehsal edir.

Tədarük olunan haubitsaların döyüş qabiliyyəti, həmçinin, Qərbin Ermənistanı silahlandırmasında hədəfi maraq doğurur. Yoxsa son zamanlar Moskva ilə əlaqələrin gərginləşməsi fonunda Fransa Cənubi Qafqazda Rusiyaya qarşı yeni cəbhə açmaq fikrindədir?

seher.media-ın məlumatına görə, CAESAR özüyeriyən silahı zirehli kabinəli "Renault Sherpa 10" yük maşını şassisinə quraşdırılmış 155 mm çaplı haubitsadır. Bu silahlar yüksək atəş gücünə və dəqiqliyə malikdir, müasir döyüş şəraitində effektiv silah sistemi kimi tanınır. Fransa bu silahı müxtəlif ölkələrə tədarük etməkdədir. Bunlar arasında Səudiyyə Ərəbistanı, İndoneziya, Tailand və Livan da var. Qərb ekspertlərinin məlumatına görə, tədarüklər Fransa müdafiə sənayesinin qlobal bazarda nüfuzunu artırmaq məqsədinə xidmət edir.

Məsələ ilə bağlı seher.media-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, CAESAR-lar əsgərlərimizin həyat və sağlamlığına ziyan verəcək məsafədə yerləşdirildiyi təqdirdə ordumuz onları məhv edəcək:

"Otuz illik işğal tarixinə malik olan Ermənistanın Fransa tərəfindən hücum silahları ilə təmin edilməsi regionda yeni münaqişə ocağının yaradılması üçün atılan addımdır. CAESAR artilleriya qurğuları 155 mm kalibrə malikdir, mərmisinin uçuş məsafəsi 50 km-dir. Bu silahlar daha əvvəl Əfqanıstanda, Malidə, son zamanlar isə Ukraynada istifadə olunub.

Beşnəfərlik heyətlə idarə olunan bu haubitsaların bir çox mənfi cəhətləri var. İlk növbədə xatırladım ki, bu haubitsalar bir dəqiqə ərzində 6-8 dəfə atəş aça bilir. Lakin sursat dəsti 18 ədəd mərmidən ibarətdir. Yəni intensiv atəş zamanı cəmi üç dəqiqəyə sursatı bitir və yenidən sursat yüklənməsinə ehtiyac duyur.

18 ton kütlə ilə 10 m uzunluğa malik olan şassi dağlıq və yolsuzluq şəraitində çox aşağı manevr imkanları nümayiş etdirib.

Digər tərəfdən, CAESAR avtomobili zəif zirehlə təchiz olunub. Onun zireh təminatı 45-69 zireh standartının ikinci səviyyəsinə uyğun gəlir. Başqa dillə desək, maşının kabinəsi daxildəki beş nəfəri yalnız 7.62 mm-lik güllələrdən və artilleriya mərmilərindən qoruya bilir. Ukraynada Rusiyanın çox da böyük imkanlara malik olmayan PUA-ları tərəfindən CAESAR-ların sıradan çıxarılmasının şahidi olmuşuq.

İstənilən halda, bunların 36 ədədinin İrəvana verilməsi Ermənistanla Azərbaycan arasında olan güc balansına təsir etməyəcək. Digər tərəfdən isə, bu ilin sonunadək Ermənistana verilməsi planlanan bu silahların sərhəddə əsgərlərimizin həyat və sağlamlığına ziyan verəcək məsafədə yerləşdirilməsi halında ordumuz onları məhv edəcək. Biz buna bənzər nümunələri daha əvvəl, Vətən müharibəsi və ondan sonrakı Azərbaycan-Ermənistan sərhəd toqquşmalarında da nümayiş etdirmişik. Ermənistanın silahlandırılması "fərarilər ölkəsi"nə növbəti dəfə ağrılı-acılı günlər vəd edir. Fransa unutmamalıdır ki, Paris İrəvana uzaq, "Yaşma" isə Zəngəzura çox yaxındır".

Siyasi şərhçi Əziz Əlibəyli isə seher.media-a bildirib ki, Fransanın Ermənistanı silahlandırması haubitsalarla bitmir:

"Fransa Ermənistanla hərbi əlaqələrini gücləndirmək məqsədilə müxtəlif hərbi vasitələr təqdim edir. Bunlara gecəgörmə eynəkləri və hücum tüfəngləri də daxildir. Avadanlıqlar Fransanın PGM şirkətindən alınır. Eləcə də qısamənzilli "Mistral" raketlərinin alınması üçün müzakirələr aparılır.

Ermənistan Rusiyanın müdafiə ittifaqı olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşaraq, öz təhlükəsizlik məsələlərində daha müstəqil siyasət yürütməyə çalışır. Bu addım Ermənistanın Qarabağ münaqişəsində Rusiyanın mövqeyindən məyus olması ilə əlaqədardır. Bu kontekstdə Fransa kimi Qərb ölkələri ilə daha sıx əməkdaşlıq Ermənistan üçün boğulanın saman çöpündən yapışmasına bənzəyir.

Fürsətcil Fransanın bu işdə məqsədi isə bölgədə təhlükəsizlik balansını pozmaqdır. Fransanın Ermənistanı silahlandırması həm də Rusiya və İran kimi digər regional oyunçuların reaksiyasına səbəb ola bilər ki, bu da daha geniş regional qarşıdurma riskini artırır".

Aqil Vəlili

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
50
seher.media

10Mənbələr