AZ

"Rusiya, şübhəsiz ki, sanksiyalardan xilas üçün yollar tapacaq, lakin..." - AÇIQLAMA

Ötən gün ABŞ və Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiya qərarlarını açıqladılar.  Digər tərəfdən, Vaşinqton rus aktivlərinin girov qoyulması hesabına Ukraynaya 50 milyard dollar kredit ayıracaq. Son məlumata əsasən, Rusiya Mərkəzi Bankının Qərb ölkələrində olan 260 milyard dollar aktivi dondurulub və Rusiya həmin vəsaitlərdən istifadə edə bilmir.

 

ABŞ həmçinin təklif edib ki, həmin vəsaitləri girov qoyaraq müharibəni maliyyələşdirmək üçün Ukraynaya borc verilsin, verilən borc isə 260 milyard dollardən əldə edilən gəlirlə maliyyələşdirilsin. G7 bu təklifi qəbul edib.

 

Baş verənlər rəsmi Moskvaya necə təsir edəcək?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Şahin Cəfərli deyib ki, bu, gecikmiş sanksiyadır və Rusiya Mərkəzi Bankı ötən müddətdə ehtimal olunan risklərə qarşı müəyyən hazırlıqlar görüb:

 

“Lakin mənfi təsirlər qaçılmazdır və rusiyalı ekspertlər ehtiyatla da olsa, bu barədə danışırlar. Onlar bildirirlər ki, ilk növbədə dollar və avro ilə hesablaşmalarda problem yaranacağı üçün idxal-ixrac əməliyyatlarında çətinliklər müşahidə olunacaq. Bu əngəlləri aşmaq üçün qeyri-leqal sxemlərin və mexanizmlərin işlənib hazırlanacağına şübhə yoxdur. Lakin bu, kölgə iqtisadiyyatının həcmini, korrupsiyanın miqyasını böyüdəcək. İdxal defisiti baş verərsə, ölkə içərisində böyük rubl kütləsi yığılıb qalmış olacaq, bu isə inflyasiyaya təkan verə bilər. Qərbin qərarlarından sonra Çin yuanı Moskva birjasında dominant xarici valyutaya çevrildi. Bunun Rusiya üçün arzuolunmaz tərəfi odur ki, Çindən asılılıq artır. Yuanın məzənnəsi dollar və avrodan fərqli olaraq, inzibati yolla müəyyənləşir, bu isə onu deməyə əsas verir ki, Rusiya iqtisadiyyatı bundan sonra Çin hökumətinin qərarlarına daha həssas olacaq”.

 

Ekspert bildirib ki, Rusiyanın sülhə hazır olmaması və Ukraynaya qarşı əvvəlkindən daha genişmiqyaslı hücum əməliyyatları həyata keçirməsi də iqtisadi müharibə xarakterli yeni sanksiyaların qəbulunda mühüm rol oynayır:

 

“Digər tərəfdən, daha əvvəl tətbiq olunan sanksiyaların ciddi effekt vermədiyi ortada idi. Rusiya bu sanksiyalardan yayınmaqda ona kömək edən kifayət qədər beynəlxalq tərəfdaş taparaq lazımi illeqal sxemlər yarada bilmişdi. ABŞ bunu görür və göz yumurdu. Bəlkə də, səbirlə izləyib gözləyirdi ki, bütün bu sistem formalaşıb başa çatsın, kimlərin kimlərlə bərabər olduğu ortaya çıxsın ki, sonda bir zərbə ilə onları pərən-pərən salmaq mümkün olsun. İstənilən halda, artıq sanksiya rejiminə əməl olunması üçün ciddi nəzarətin qurulmasına başlandığını söyləyə bilərik.  Rusiya, şübhəsiz ki, bu vəziyyətdən də çıxmağa çalışacaq, müvafiq yollar da axtarıb tapacaq. Amma hər şey Rusiya üçün getdikcə daha çətin olur və olacaq”.

 

Günay Rəsulqızı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
44
sfera.az

10Mənbələr