AZ

Növbəti futbol bayramı başlayır!

Qitənin ən böyük bayramı – futbol üzrə Avropa çempionatı başlayır. Bütün dünyanın futbol azarkeşləri ən azı 1 ay darıxmayacaqlar. Bunu əminlikıə söyləmək olar. Çünki qitə birinciliyi keyfiyyəti və intriqalarına görə heç də mundiallardan geri qalmır.

Beləliklə, turnir qitənin mərkəzində – Almaniyada keçiriləcək. Bu ölkədə olması logistika problemlərini demək olar ki, sıfıra endirir. Bütün komandaların azarkeşləri üçün Almaniya ideal yerdir. Ölkəyə bir çox azarkeş həm maşınla, həm də digər nəqliyyat vasitələri ilə gələ bilər.

blank

Çempionatda oyunlar 10 şəhərdə keçiriləcək. Açılış oyunu Münhendə, final isə Berlində baş tutacaq.

Çempionatı qəbul edən şəhər və stadionlar bunlardır:

1. Allianz Arena

Münhen, 75.000 tutuma malikdir

2. Deutsche Bank Parkı

Frankfurt, 52,300

3. Mercure Spire Arena

Düsseldorf, 54 600

4. Mercedes-Benz Arena

Ştutqart, 60 449

5. Olimpiya stadionu

Berlin, 77 166

6. Rain – Enerji

Köln, 50 374

7. Red Bull Arena

Leypsiq, 47.069

8. Siqnal İduna Park

Dortmund, 81 360

9. Veltins Arena

Gelsenkirchen, 62 271

10. Volksparkstadion

Hamburq, 57 274

blank

Çempionatdan əvvəl ən çox müzakirə edilən məsələ favoritlərlə bağlı olur. Əksər fanatlar proqnoz verməyi xoşlayır. Bu səbəbdən də çempionatdakı favoritlərin vəziyyətinə nəzər salmaq lazımdır.

Almaniya

Almaniyada vəziyyət birmənalı deyil. Almanlar iki yoxlama oyunu keçirsələr də, mütəxəssisləri razı salmayıblar. Yulian Naqelsmanın yetirmələri əvvəlcə Ukrayna ilə oyunda bərabərə qalıb, sonra isə böyük çətinliklə yunanları məğlub edib – 2:1. İkinci hissədə Almaniya 0:1 hesabı ilə məğlub olduğu qarşılaşmada xarakter göstərərək, 89-cu dəqiqədə Paskal Qrosun qoluyla qalib gəlib. Matçdan sonra Nagelsmann qapıçı Manuel Noyeri kobud səhvə baxmayaraq müdafiə edib.

Yeri gəlmişkən, Almaniyanın “Kicker” nəşri millinin bir nömrəsi ilə bağlı sorğuya başlayıb. Belə ki, istifadəçilərin 80%-i qapıda Noyer deyil, Mark-Andre ter Ştegeni görür. Nəşrin müxbiri Sebastyan Volfun fikrincə, Nagelsmann Manuelə inanmağa davam etməklə böyük riskə gedir: “Məşqçi kimin bir nömrə olması ilə bağlı heç bir müzakirəni yaxın buraxmır. Bu, çox riskli bir şeydir. Bəli, Nagelsmann Manuya güvən verir, lakin bununla o, rəqabəti məhv edir”.

blank

Keçmiş alman qapıçı, vaxtilə milli komandamızda işləmiş Uli Ştayn əmindir ki, Nagelsmann Manuel Noyeri Avro-2024-ün iştirak ərziəsinə salmamalı idi. “Əgər Noyeri özünlə aparırsansa, o, mütləq oynamalıdır. Lakin idman nöqteyi-nəzərindən baxdıqda, Noyerin oynamasına haqq qazandırmaq olmaz. Manu evdə qalmalı idi. Bəli, bu, çox çətin, lakin ağlabatan seçim olardı. Hamı da bilir ki, Noyer artıq əvvəlki deyil”, – deyə Ştayn qeyd edib.

Baş məşqçinin iştirak ərizəsi çoxlarının xoşuna gəlməyib. Hummels və Brandtın çağırılmaması xüsusilə tənqidə səbəb olub. Görünən odur ki, Nagelsmann onların olmasını vacib saymır.

Xatırladaq ki, ilk oyun Şotlandiyaya qarşıdır. Komandanın əsas heyəti haqqında da məlumat var. Nagelsmann yarımmüdafiədə Firts və Musialaya üstünlük verəcək. Hücum xəttində isə Kay Haverts oynamalıdır.

İspaniya

blank

Avro-2024-dən əvvəl ispanlar ən yaxşılar sırasına düşə bilməyən iki komanda ilə yoldaşlıq oyunu keçirdilər. Onlar Andorranı rahatca darmadağın etdilər (5:0), daha sonra isə  Şimali İrlandiyaya da 5 qol vurdular – 5:1. Bu matçlarda “Real Sosyedad”ın oyunçusu Mikel Oyarzabal özünü yaxşı tərəfdən göstərərək, ümumilikdə 4 qol vurdu.

İspaniya millisinin sabiq futbolçusu, Avro-2008-in çempionu Markos Sennanın fikrincə, həmyerliləri yenidən kuboku qazanmağa qadirdir: “İspaniya istənilən turnirin favoritidir. Bizim gözəl gənc futbolçu nəslimiz, eləcə də əla təcrübəli oyunçularımız var. Bu, çox yaxşı komanda olmalıdır. Düşünürəm ki, biz növbəti çempionluğa ümid edə bilərik”.

“İndiki İspaniya millisi təqlid sindromunu dəf edib. 2008-2012-ci illərdə uğur qazanmış komandanın surəti kimi görünmək istəyi sindromu milliyə yalnız ziyan verib. Kiyevdəki titul matçından 12 il keçir və indi komandamız tamam başqa üslubda oynayır. “Qırmızı furiya” indi, ixtiyarında olan resurslardan ağıllı şəkildə istifadə edir”, – deyə ölkənin ən nüfuzlu nəşri olan “Marca” yazır.

Heyətə nəzər saldıqda kifayət qədər şübhəli məqamları görə bilirik. Birinci növbədə Ferran Torresin yenə də milliyə çağırılması qınaq obyektidir. Səudiyyə Ərəbistanında oynayan Emerik Laportun ərizəyə salınması da birmənalı qarşılanmır.

Ən böyük problemlərdən biri hücum xəttidir. İspaniya millisi adətən hücumçu məsələsində daim korluq çəkir. Son bir neçə ildir ki, millinin əsas hücumçusu Alvaro Moratadır. Onun səviyyəsində futbolçu ilə böyük turnirləri qazanmaq müəmmalı görünür. Gənc nəslə nəzər saldıqda da normal hücumçunun gələcəyini görmək mümkün deyil. Belə olan halda De La Fuente “Betis”dən Ayoze Peresi dəvət edib. Forvard demək olar ki, heç nə ilə digər hücumçulardan seçilmir.

Görünən odur ki, əsas yük yenə də ənənəvi olaraq yarımmüdafiənin üzərinə düşəcək. Xoşbəxtlikdən burada istedad qıtlığı yoxdur. Müasir futbolun ən güclü 6 nömrələrindən sayılan Rodri, İspaniya futbolunun ən istedadlı və bacarıqlı gənci Pedrinin varlığı azarkeşləri bir qədər ümidləndirməlidir.

İtaliya

blank

İtaliya millisinin iştirak etdiyi hər iki yoldaşlıq oyunu qeyri-məhsuldar oldu. Əvvəlcə hazırkı Avropa çempionları türklərlə qolsuz heç-heçə, sonra isə bosniyalıları məğlub etdi (1:0). İkinci görüşdə qol buraxmadığı üçün Canluici Donnarummaya təşəkkür edilməlidir.

İkinci matçda, adətən “İnter”də sonradan meydana çıxan Davide Frattesi yaxşı çıxış etdi. 2023-cü ilin sentyabrından başlayaraq, hücumameyilli futbolçu İtaliya millisinin heyətində 9 oyun keçirib və 4 qol vurub.

“Yoldaşlıq oyunları bir neçə detala aydınlıq gətirdi. Donnarumma hələ də yaxşıdır, Frattesi startda və ya ehtiyat oyunçular skamyasından kənarda fərq yaratmağa hazırdır. Hələlik belə bir hiss var ki, hazırkı İtaliya millisi hələ də təkmilləşmə yolundadır. Komandada balanslaşdırılmış oyun yoxdur. Müdafiədə hər şey istədiyimiz kimi yaxşı deyil. Bir neçə səhv qola səbəb ola bilərdi, lakin xoşbəxtlikdən Donnarumma yüksək səviyyədə oynadı”, – deyə əfsanəvi məşqçi Fabio Kapello “Gazzetta dello Sport”a müsahibəsində bildirib.

İngiltərə

blank

İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt genişləndirilmiş heyəti qısaltdıqda, ictimaiyyətdə etirazlara səbəb oldu. Nə Ceyms Meddison, nə də Cek Qriliş son heyətə daxil edilmədilər. Harri Maqvayr da zədələndiyinə görə turnirdən kənarda qaldı. Qarşıdakı turnirin favoritləri sırasında ingilislər olsa da, onların kifayət qədər problemləri var. Ən böyük problem isə baş məşqçinin səviyyəsinin qeyri-müəyyənliyidir.

Komandanın hücum və yarımmüdafiə xətti çox güclüdür. Hətta baş məşqçi bəzi futbolçulardan imtina etməli olacaq. Xüsusilə də solaxay yarımmüdafiəçilərin bolluğu Sautgeytə başağrısı yaratmalıdır. Sakanın sağ cinahda oynayacağı kimsədə şübhə doğurmur. Palmer və Fodendən fərqli olaraq, Bukayo başqa mövqedə oynaya bilmir. Fil Foden və Kolin Palmerin necə istifadə ediləcəyi isə maraq doğurur.

Fransa

blank

Fransanın Avro-2024-də iddiası böyükdür. Heyətdəki adlara əsaslansaq, fransızlar turnirin əsas favoritidir. Hər xətdə baş məşqçi Didye Deşamın güclü oyunçuları var.

Deşamınn komandasının üslubu hər kəsin ürəyincə deyil. “Deşamın futbola baxışını bəyənmirəm. Onun dediyi heç bir şey məni qane etmir. Bu gün belə bir mütəxəssisə heç bir klubda yer olmazdı. Deşam bu yaxınlarda verdiyi müsahibədə belə bir ifadə işlədib: “Qazanmadığınız zaman xatırlanmazsınız”. Bu, tam yanlış fikirdir. Əlimizdə bunun əksini göstərən minlərlə dəlil var. 1982 və 1986-cı illərin Fransa yığmalarını yada salın. Çoxlu komandalarımız var ki, insanlar qalib gəlməsələr də onları sevirdilər. Yetər artıq, çıx get! Biz təzə bir şey görmək istəyirik, millinin başında Zidanı görmək istəyirik!”, – deyə “RMC Sport”un jurnalisti Daniel Riolo bildirib.

Niderland

blank

Niderland millisi Avro-2024 ərəfəsində iki yoldaşlıq oyunu keçirib. Ronald Kumanın komandası İslandiya və Kanadanı məğlub edərək hər birinə 4 qol vurub və bir qol da belə buraxmayıb. Lakin Niderlandın başqa problemləri var. Frenki de Yonq Avropa çempionatında komandaya kömək etməyəcək. “Barselona”nın yarımmüdafiəçisi apreldə “Real”la matçda aldığı zədəni sağaltmağa vaxt tapmayıb. Frenkini AÇ üçün yekun heyətdə istirahətdən birbaşa komandaya yollanan Yan Matsen əvəz edəcək. Yarımmüdafiəçi Toen Kopmijners isə İslandiya ilə oyunöncəsi isinmə hərəkətləri zamanı zədələnib və bu səbəbdən çempionatı buraxacaq.

Belçika

blank

Belçikalılar Avro-2024-ün startına qədər iki yoldaşlıq oyunu keçirib – Monteneqro (2:0) və Lüksemburq (3:0). Domeniko Tedeskonun komandası gözlənildiyi kimi qələbə qazanıb. Amma komandanın ətrafında əsas söz-söhbət futboldankənar şeylərdir. Tedesko qapıçı Tibo Kurtuanı çempionata çağırmadı. Məşqçi və qapıçı arasında 2023-cü ilin yayında anlaşılmazlıq yaranmışdı. Kurtua uzun müddət zədəli olmasına baxmayaraq, Çempionlar Liqasının finalında əla oyun nümayiş etdirdi. Tedesko Tibonun çağırılmamasını “optimal vəziyyətə çatmağa vaxtı olmadığı” sözləri ilə izah etmişdi. Final oyunundan sonra bu sözlər ən azından qəribə görünür.

Avro-2024 Belçikanın “qızıl” nəslinin böyük turnirdə qalib gəlmək üçün son şansıdır. Ona görə də millinin futbolçuları komandanın ətrafında və daxilində atmosferin sağlam olması üçün hər şeyi edirlər. “Mən hər iki tərəflə danışmışam. Hər ikisinə bu barədə düşündüklərimi söylədim. Sonda əsas olan milli komandadır. Biz komandada olan futbolçularda inam yaratmalıyıq. Əgər Kurtua və Tedesko danışmaq istəyirlərsə, bunu etməlidirlər. Kiminsə çağırılmadığı yeganə komanda biz deyilik. Bu, həqiqətən çətin bir vəziyyətdir. Medianın işi ancaq atəşə yağ tökməkdir. Nə vaxtsa onlar bu işi dayandırmalıdır. Oyunçulara güvən verin. İrəliyə baxmaq lazımdır, təlim-məşq toplanışındayıq. Gəlin nailiyyət üçün əlimizdən gələni edək”, – deyə Romelu Lukaku bildirib.

Portuqaliya

blank

Portuqaliyalılar əksər komandalardan fərqli olaraq üç yoxlama oyunu keçirib. Onların hər biri bol qollu olub. Roberto Martinezin yetirmələri finləri (4:2) və irlandları (3:0) məğlub etsə də, xorvatların öhdəsindən gələ bilməyib (1:2). Portuqaliya millisinin heyətində Bruno Fernandeş, Dioqo Jota və Kriştianu Ronaldo hərəyə 2 qol vurub. “Əl Nəsr”ın hücumçusu 6-cı Avropa çempionatına yollanacaq. Ronaldo hətta 39 yaşında da yaxşı olduğunu göstərir.

Xorvatiya ilə oyunda uduzduqdan sonra portuqallar təzyiq altında idi. Bəzi ekspertlərin komandanın ambisiyalarına şübhələri var idi. Amma İrlandiya ilə oyundakı qələbə vəziyyəti yaxşılığa doğru dəyişdi.

Beləliklə , əsas favoritlər haqqında qısa məlumat verdik. Avropa çempionatı sürprizləri sevir. Bunun üçün Danimarka və Yunanıstanı misal çəkmək olar. Hətta son çempion italyanların uğurunu da sürpriz kimi qələmə vermək mümkündür.

İdman isə sürprizlər olduqda gözəldir. Gəlin bu idman bayramından yalnız ləzzət alaq.

İLQAR AĞAYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
36
futbolinfo.az

10Mənbələr