AZ

Azərbaycanlı futbol adamı: "Əvvəlki Ronaldonu görə bilməyəcəyik"

“Avropa çempionatında qəlbimiz təbii ki, Türkiyə millisi ilə döyünəcək.

Çətin də olsa, istərdik ki, bu komanda Avropa çempionatının qalibi olsun”.

Sportinfo.az xəbər verir ki,bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Yunis Hüseynov iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək Avropa çempionatı barədə danışarkən deyib.

60 yaşlı mütəxəssis turnirdə əsas favoritlərini açıqlayıb:

“Seçmə mərhələnin bütün matçlarını izləmişəm. Belə qənaətə gəlmişəm ki, İngiltərə və ya İspaniya Avro-2024-ün qalibi olacaq. Amma heyətdəki futbolçuların səviyyəsini və son zamanlar nümayiş etdirdikləri oyunların keyfiyyətini nəzərə alsaq, böyük ehtimalla İngiltərə bu titula yiyələnəcək. Bildiyimiz kimi, son Avropa çempionu İtaliyadır. Lakin qrupdan çətinliklə çıxdıqları üçün onları favoritlər sırasında sadalamadım. İtaliyanın Türkiyə ilə qolsuz heç-heçə etdiyi yoldaşlıq matçını izlədim. Fikrimcə, onların Avropa çempionatındakı çıxışları da qənaətbəxş olmayacaq”.

O, ilk dəfə Avropa çempionatına vəsiqə qazanmış Gürcüstan yığmasının şanslarını da dəyərləndirib:

“Gürcüstan bu turnirdə ilk dəfə iştirak edəcəyi üçün daha istəklə oynayacaq. Oyunçular meydana çıxanda əzmkarlıqları ilə rəqib komandada təəccüb yaradacaqlar. Fikrimcə, pis təsir bağışlamayacaqlar. Bu komandadan hər an hər şey gözləmək olar. Futbol elə bir idman növüdür ki, istənilən yığmadan məğlubiyyət də, qələbə də gözləmək mümkündür. Məncə, onlar elə bir oyun nümayiş etdirəcəklər ki, bütün proqnozlar səhv çıxacaq. Yəni, Gürcüstandan aşağı səviyyəli oyun gözləyənlər yanıla bilər. Düşünürəm ki, onlar özlərini yaxşı tərəfdən göstərərək sürpriz edəcəklər. Favorit hesab etmirəm, amma yaxşı nəticələr əldə edəcəklərini düşünürəm. Asanlıqla məğlub olmayacaqlar. Rəqibin kimliyindən asılı olmayaraq, Gürcüstan komandası elə mübarizə aparacaq ki, onların qarşısına almaq çətin olacaq. Bir sözlə, rəqiblər onlar üzərində qələbə qazanmaq üçün çox əziyyət çəkəcəklər”.

Y.Hüseynov 6-cı dəfə Avropa çempionatında iştirak edəcək Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ulduz futbolçusu Kriştiano Ronaldodan gözləntilərini də bölüşüb:

“Ronaldo argentinalı Lionel Messidən sonra dünyanın ən güclü futbolçusudur. Onun Səudiyyə Ərəbistanı çempionatındakı matçlarını izləyirəm. 39 yaşı olmasına baxmayaraq, imza atdığı rekordların ardı-arası kəsilmir. O, Səudiyyə Ərəbistanı Kral Kuboku uğrunda “Əl-Hilal” komandasına qarşı keçirdikləri görüşün penaltilər seriyasında məğlub olanda göz yaşlarını saxlaya bilmədi. Bu, futbolçunun məsuliyyətindən, işinə sevgisindən irəli gəlir. Messi fitri istedadla dünyaya gəlib. Ronaldo isə zəhmətlə, hər gün etdiyi intensiv məşqlərlə hazırda zirvədədir. Yaşına baxmayaraq, var gücü ilə ölkəsinə titul qazandırmaq üçün çalışacaq. Ancaq düşünürəm ki, yaş öz sözünü deyəcək. Əvvəlki Ronaldonu görə bilməyəcəyik. Gənc yaşlarında komandasına çox xeyri dəyirdi. Lakin indi ondan eyni performansı gözləmək çətin məsələdir”.

Veteran futbolçu azarkeşlik edəcəyi komandanın adını da açıqlayıb:

“İlk növbədə, Türkiyəyə azarkeşlik edəcəyəm. Hansı turnir olmağından asılı olmayaraq, hər zaman qardaş ölkənin uğur qazanmasını istəmişəm. Təəssüf ki, bu millinin bəzi futbolçuları yoldaşlıq görüşlərində aldıqları zədə səbəbindən heyətdən kənarlaşdırıldılar. Onlar bu qarşılaşmalarda diqqətli olmalı idilər. Türkiyənin həm İtaliya, həm də Polşa ilə yoxlama görüşlərini izlədim. Polşaya 1:2 hesablı məğlubiyyətə baxmayaraq, bu yığmaya ümid bağlamaq olar. Vinçentso Montella baş məşqçi vəzifəsinə gətirildikdən sonra komandanın oyun üslubunda yaxşı mənada dəyişiklik hiss olunur. Amma çempion olmaları görünür. Düşünürəm ki, qrupdan çıxacaqlar. İkinci komanda kimi isə qonşu Gürcüstanı dəstəkləyəcəyəm. Bu kollektivin heyətində bir zamanlar Azərbaycanda çıxış etmiş Badri Kvaratsxeliyanın oğlu Xviça yer alır. O, hazırda komandasının aparıcı oyunçusu hesab olunur. Həmçinin “Qarabağ”ın formasını geyinən gürcüstanlı qapıçı Luka Quqeşaşvili də bu yolda öz millisinə kömək edəcək. Bu ölkə bizə çox yaxındır. Azarkeşlik etdiyim komandaların uğurlu nəticələr qazanacağına ümid edirəm”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
36
sportinfo.az

10Mənbələr