AZ

Yusifov hakimlərimizin AÇ-də olmamasından danışdı - "Azərbaycan futbol ölkəsi deyil”

Dünyanın ən mötəbər futbol turnirlərindən biri olan Avropa çempionatına dünən start verildi.

Futbol ictimaiyyəti tam bir ay ərzində davam edəcək bu turnirdən zövq almağa çalşacaq. Yığmamızın belə mötəbər yarışlara qatıla bilməməsi xoşbəxtliyimizi çərçivəyə salır, doyunca ləzzət yaşaya bilmirik. Nə demək olar? Ölkənin əsas komandasının durumu göz önündədi. Ancaq hakimliyimizin durumu da təəssüf doğurur. Ədalət naminə deyək ki, heç SSRİ-nin tərkibində olduğumuz dövrdə də azərbaycanlı hakimlər Avropa çempionatının final mərhələsində görünməyib. Baxmayaraq ki, bizim iki dünya çempionatında 8 oyunda iş başında olan Tofiq Bəhramovumuz, Moskva Olimpiadasının finalını idarə edən Eldar Əzimzadəmiz var idi. İndi isə inkişafdan dayanan Əliyar Ağayevimiz var. Ölkənin 1 nömrəli hakimi sayılan Əliyarın bu turnirdə iştirakı sevincimizi ikiyə qatlayardı. Bəs niyə Avropa çempionatının final mərhələsinə yaxın düşə bilmirik? Yoxsa yığma ilə yanaşı, hakimliyimizdə də geriləmə var? Bu barədə fikirlərini öyrənmək üçün veteran hakim Fariz Yusifova tribuna verdik:
“Bizim üçün çətin olsa da, deyəcəm: Azərbaycan futbol ölkəsi deyil. Bunu qəbul etməliyik. Ancaq futbol ölkəsi olmamağımıza baxmayaraq, bu idman növünə dövlət tərəfindən hərtərərfli qayğı var. Yəni hər mənada bu işə dövlət səviyyəsində diqqət ayrılır. Lakin sadaladığınız AÇ və ya DÇ kimi mötəbər turnirlərin final mərhələsində iştirak etmək bizim kimi ölkələr üçün çox çətindi. Belə baxanda qonşu Gürcüstanfutbol ölkəsi kimi qəbul olunmasa da, artıq bu il tarix yazaraq, AÇ-nın final mərhələsinə vəsiqə qazandılar. Həmçinin Mərkəzi Asiya ölkələrindən Qazaxıstan da UEFA-nın üzvü olduğu qısa müddət ərzində özünü göstərdi. Hadisələrin belə axarı şəraitində, yəqin ki, qazaxlar da tezliklə AÇ və ya DÇ-nin final mərhələsinə çıxacaqlar. Söhbət bizdən gedirsə, hərtərəfli dövlət qayğısının olmasına baxmayaraq, çox təəssüf ki, milli komandamız ürəkaçan nəticələr göstərmir. Mötəbər məşqçi Fernando Santuşu yığmamıza təyin etdilər. Biz də çox ümidlə istərdik ki, milli komandamız qonşu Gürcüstan, qardaş Türkiyə kimi AÇ və ya DÇ-ya vəsiqə əldə edə bilsin. Ümidlə baxırıq, lakin əfsuslar olsun ki, indiki durumda bu, bizim üçün əlçatmaz zirvədi. Buna paralel hakimliyimiz də belədi. Son illər ölkənin bir nömrəli hakimi olan Əliyar qardaşımız Azərbaycan futbolunun hakimlik məktəbini bəlkə də Avropaya tanıtdı. Klub kimi “Qarabağ” və paralel şəkildə Əliyar Ağayev Çempionlar və ya Avropa Liqasının oyunlarına təyinat alaraq, bir daha bütün Avropaya göstərdi ki, Azərbaycanda futbol hakimliyi məktəbi olub, hazırda var və gələcəkdə də olacaq. Biz də bunun davamlı olmasını istəyirik. Əsas mövzu AÇ-nin final mərhələsinə təyinat məsələsidi. Bu bizim kimi ölkələr üçün bir qədər çətindi. Siyahıda qardaş Türkiyənin hakimlərini gördüm və buna çox sevindim. Çünki düşünürdüm ki, Cüneyt Çakırdan sonra türkiyəli hakimlərin ora gedib çıxması çətin olacaq. Amma yəqin ki, Cüneytin hörmət-izzəti, nüfuzu hələ də UEFA-da qalır. Bu üzdən də AÇ-nin final mərhələsində türkiyəli qardaşlarımız iştirak edəcək. Çox istərdim ki, Əliyarı AÇ-nin final mərhələsində görüm. Çünki indi onun pik vaxtıdı, karyerasının zirvəsindədi. Buna baxmayaraq, göründüyü kimi, belə bir mötəbər turnirə cəlb olunmadı. Çox istəsək də, bu uzun məsələdi. Sanki gecənin zülmət qaranlığında ulduz tapmaq kimi bir şeydi. Fəqət istəyirəm ki, Əliyar qardaşım ruhdan düşməsin. Qarşıdan Çempionlar, Avropa, Konfrans Liqalarının oyunları gəlir. Həmçinin bu oyunlara hazırlaşmaq lazımdı. Hazırda Hakimlər Komitəsi də rəhbərsizdi. İstərdik ki, təcrübəli, savadlı, bacarıqlı, eyni zamanda işgüzar bir şəxs həmin rəhbər posta gəlsin və Azərbaycan hakimlik məktəbinin davamçısı kimi bunu irəlilətsin, qabağa çəksin. Biz də ümidliyik ki, Azərbaycan biraylıq futbol həyəcanına qoşulur. Hər kəsə yaxşı istirahətlər arzulayıram. Həmçinin inanıram ki, türkiyəli qardaşlarımız da qrupdan çıxmağı bacaracaq, bizləri də sevindirəcəklər”.

KAMAL SƏFƏR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
36
football-plus.az

10Mənbələr