AZ

“Fitch Solutions” Süveyş kanalına uyğun alternativ olan Orta Dəhlizə investisiya artımı üçün potensial görür

Mərkəzi Asiya vasitəsilə Cənubi və Şərqi Asiya ilə Avropa arasında alternativ marşrutlar, o cümlədən də Orta Dəhliz regionda və ondan kənarda siyasətçilərin diqqətini cəlb etməkdə davam edir.

“Report” xəbər verir ki, bu barədə “Fitch Solutions” şirkətinin (“Fitch Group”a daxildir – red.) Qırmızı dənizdə ticarətin pozulmasına cavab olaraq infrastruktur alternativləri üzrə araşdırmasında deyilir.

“Biz belə marşrutlara investisiya artımı üçün potensial görürük, çünki siyasətçilər ticarət infrastrukturunu gücləndirməyə və ticarət axınını artırmağa çalışırlar. Məsələn, Qazaxıstan alternativ ticarət yolu üçün əhəmiyyətli bazar kimi diqqəti cəlb edib. Qısamüddətli perspektivdə bazar Avropa-Asiya axınları ilə əlaqədar, xüsusən də Çin ilə ticarət üçün ticari fəallıqda güclü artıma meyllidir. Bundan əlavə, Qazaxıstan quru nəqliyyat marşrutu – Orta Dəhliz üçün əsas bazar kimi nəzərdən keçirilir. Bu məqsədlə Qazaxıstan, Gürcüstan və Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu Çin, Avropa, Türkiyə və Mərkəzi Asiya arasında ticarət üçün genişləndirən və kompleks xidmətlər və etibarlı çatdırılma müddəti təklif edən “Middle Corridor Multimodal” birgə şirkətini yaradıb. Bu cür regional koordinasiya marşrutun böyük həcmdə avtomobil və dəmir yolu yük daşımalarını təmin etmək qabiliyyətinin istənilən ölçüdə böyüməsi üçün vacib rol oynayacaq”, - “Fitch Solutions”ın analitikləri hesab edir.

Onların fikrincə, liman xidmətlərinə artan tələbat və qısa müddətdə limanın gücünün artırılması zərurəti yüklərin ötürülmə qabiliyyətinin sürətlə artırılması üçün liman infrastrukturuna investisiyaların yatırılmasına səbəb olacaq.

“Uzunmüddətli perspektivdə, Qırmızı dənizdə davam edən fasilələr və Ümid burnu vasitəsilə daşımaların marşrutunun dəyişməsi halında tutumla bağlı problemlərin həllinə ehtiyac və dəniz xidmətlərinə tələbat liman xidmətlərində artım üçün katalizator ola bilər. Bu, ticarət axınlarında uzunmüddətli dəyişikliklərlə əlaqədar olacaq ki, bu da dəyişdirilmiş marşrut boyunca yerləşən limanların Süveyş kanalına uyğun alternativlər kimi strateji mövqe tutmasını tələb edir”, - araşdırmada deyilir.

Bununla belə, “Fitch Solutions” qeyd edir ki, davamlı fasilələr 2025-ci ilə qədər davam edərsə, bəlkə də bu, alternativ ticarət yollarına, o cümlədən Ümid burnu marşrutu boyunca, eləcə də müxtəlif quru dəhlizlərinə investisiya qoyuluşuna daha çox təsir edəcək.

“Davam edən fasilələr müəssisələri uzadılmış təchizat xətləri ilə bağlı riskləri azaltmaq üçün tədarük zəncirlərinin yerdəyişməsini nəzərdən keçirməyə vadar edə və eyni zamadan niarşorinq səylərini sürətləndirmək üçün katalizator rolunu oynaya bilər. Bu mənada qeyri-yaşayış tikinti layihələrinə tələbat artacaq, çünki müəssisələr Şimali Amerika və Avropada öz son istifadəçi bazarlarına daha yaxın yeni istehsal sahələri yaratmağa hazırlaşırlar”, - tədqiqatda vurğulanır.

Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ildən fəaliyyət göstərir və Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropa ölkələrinə qədər uzanır. 2023-cü ildə bu marşrutla 2,8 milyon tona yaxın yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86 % çoxdur. 2024-cü ildə yükdaşımaların həcmi 4 milyon tonu keçəcək. Bu ilin sonunadək Orta Dəhliz vasitləsilə 250-yə yaxın konteyner bloku qatarının göndərilməsi planlaşdırılır. Bununla yanaşı, iyun ayından etibarən Lyanyunqan limanından, eləcə də Sian limanından Bakıya konteyner bloku qatarları göndəriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
34
report.az

10Mənbələr