AZ

Qarabağ Universitetinin əsas hədəfi beynəlxalq reytinqdə olmaqdır — Ekspert

Qarabağ Universitetinin qəbul planı təsdiqlənib. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib ki, Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq. Sentyabr ayında universitetdə tədrisin başlanması nəzərdə tutulur: "Universitetdə infrastrukturla bağlı işlər davam edir. İyunun sonuna qədər yataqxana, tədris binası və onun ətrafı ilə bağlı əsas işlər bitəcək. Ümumilikdə proses avqusta qədər davam edəcək. Qarabağ Universitetində 1200 tələbənin təhsil alacağı proqnozlaşdırılır. Bütün tələbələrə təhsil ödənişsiz olacaq. Hər bir ixtisas üzrə yüksək bal toplayan tələbələrə əlavə təqaüdün verilməsi üzərinə iş gedir: "Eyni zamanda hər bir tələbəyə kompüter verilməsi də təmin ediləcək. Ali təhsil müəssisəsinə rektor təyinatı hələ olmayıb", nazir bildirib. 

Təhsil eksperti Kamran Əsədov Demokrat.az-a açıqlamasında deyib ki, Qarabağ Universitetinin əsas hədəfi beynəlxalq reytinqdə olmaqdır:

“Bu, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına öz töhfəsini verəcək. Digər bir vacib məqam universitetə xarici tələbələri cəlb etməkdir. Tədrisin ingilis dilində olmasına diqqət yetirilməlidir. Müasir standartlara cavab verən laboratoriyalar və müasir kitabxanalar qurulmalıdır ki, əcnəbi tələbələr burada təhsil almaqda maraqlı olsunlar. Bu həm universitetin reytinqi, həm də keyfiyyəti üçün vacibdir. 
Qarabağ Universiteti Azərbaycanın təhsil sistemində yeni rəqabət mühiti yaradacaq. Yüksək bal yığan abituriyentlər artıq Qarabağ Universitetində təhsil almağa can atırlar. Çünki Qarabağ Universitetində müasir infrastruktur yaradılıb. Universitetdə müasir standartlara cavab verən tədris prosesi qurulmalıdır. Mütləq şəkildə orada beynəlxalq elmi konfranslar keçirib universitetin beynəlxalq aləmdə tanınması üçün işlər görülməlidir”.

Törə Zeynallı
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
34

1Mənbələr

Şərh ()
Bağla