“Qəbələ”nin mərkəz yarımmüdafiəçisi və kapitanı Asif Məmmədov əyalət təmsilçisinin heyətində 250-ci oyununu keçirib.
Arena.az xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçinin yubileyi Azəraycan Premyer Liqasının 34-cü turuna təsadüf edib.
“Qəbələ”nin kapitanı “Sabah”la ev matçında (2:0) meydana sonradan daxil olub.
Asif “Qəbələ” formasında keçirdiyi 250 oyunda 17 qol vurub. O, Premyer Liqada 195 matçda 13, Azərbaycan kubokunda 31 görüşdə 3, avrokubokların 24 qarşılaşmasında 1 dəfə fərqlənib.
Məmmədov “Qəbələ”nin tarixinə 250 və daha çox oyun keçirən ikinci futbolçudur. Rekordçu Ürfan Abbasovun hesabında 303 matç var.
Asif “Qəbələ”nin heyətində 2007-ci il fevralın 12-də debüt edib. O, “İnter”lə səfər matçında (0:2) şans qazanıb.
Qeyd edək ki, 2015-ci ilin yayından “Qəbələ”də çıxış edən yarımmüdafiəçi 2006/2007 mövsümünün ikinci yarısında da “qırmızı-qaralar”ın formasını geyinib.
Asif Məmmədov karyerası ərzində “İnter” (Bakı), “Xəzər Lənkəran” və “MKT-Araz”da da forma geyinib. O, Azərbaycan milli komandasında da 1 oyun keçirib.