AZ

"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti

 
"Ukraynaya tammiqyaslı hərbi müdaxilə başlanandan Rusiyanın hücumları zamanı kimyəvi silahın mindən çox tətbiq edilməsi halları qeydə alınıb..."
 
"Kimyəvi silahdan istifadə etməklə Rusiya qoşunları Ukrayna qüvvələrini tutduqları mövqedən sıxışdırmağa və döyüş meydanında taktiki uğur əldə etməyə cəhd göstərir..."
 
Rusiya Federasiyası kimyəvi silahın istifadəsinə qoyulan beynəlxalq qadağanı pozub.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini əsaslandıran sənədində deyilir. Məlumatı "dw.com" nəşri yayıb.
 
Sənəddə deyilir ki, rusiyalı hərbçilər ukraynalılara qarşı boğucu xlorpikrin maddəsindən istifadə edib. Bu, kəskin qıcıqlandırıcı qoxusu, yüksək konsentrasiyalarda zəhərli olan maddədir.
 
"Belə kimyəvi maddələrdən istifadə edilməsi, ehtimal ki, Rusiya qoşunlarının Ukrayna qüvvələrini möhkəmləndirilmiş mövqelərindən sıxışdırıb çıxarmaq və döyüş meydanında taktiki uğur əldə etmək istəyi ilə bağlıdır", - Dövlət Depatamentinin bəyanatında deyilir. 
 
Departamentin məlumatına görə, boğucu və gözyaşardıcı maddə olan xlorpikrin həmçinin Rusiyada ölkə daxilində kütləvi etirazların yatırılmasında istifadə edilib.
 
"Mülki şəxslər etirazlar zamanı kütləvi iğtişaşlarla mübarizədə istifadə olunan zəhərli qazları udmaqdan adətən yan keçə bilir. Əleyhqazı olmayan, səngərlərdə ilişib qalan əsgərlər isə ya düşmən atəşi altında qaçmalı, ya da boğulmalıdır", - sənəddə deyilir.
 
Bununla əlaqədar olaraq ABŞ Dövlət Departamenti Rusiya Müdafiə Nazirliyinin Radiasiya, Kimya və Biloloji mühafizə Qoşunları, Rusiya Elmi-Tədiqat Tətbiqi Akustika İnstitutu və Rusiya MN-nin kimyəvi silahın işlənib hazırlanması ilə məşğul olan Mərkəzi Elmi-Tədqiqat İnstitutuna qarşı sanksiyalar tətbiq edib.
 
Rusiyada kimyəvi silahın işlənib hazırlanmasında iştirak edən daha dörd şirkət sanksiyalar altına düşüb. Dövlət Departamentinin rəyi Konqresə təqdim ediləcək.
 
Xlorpikrin Kimyəvi silahın qadağan edilməsi üzrə Təşkilatın "qara siyahısı"na salınıb. Bu maddəni birinci dünya savaşı zamanı Almaniya qoşunları tətbiq edib.
 
Ukraynalı hərbçilərin məlumatına görə, xlorpikrindən başqa, rusiyalı hərbçilər gözyaşardıcı qazı olan qumbaralardan da istifadə edib. Ən azı 500 ukraynalı əsgər toksiki maddələrin təsirindən müalicə alıb, onlardan biri qazla boğularaq həlak olub.
 
Rusiya tərəfindən kimyəvi silahın tətbiq edilməsi barədə ilk dəfə ukraynalı hərbçilər hələ yanvar ayında məlumat verib. Söhbət onun 2023-cü ilin dekabrında tətbiqindən gedir.
 
O zaman ilk dəfə olaraq Rusiya zəhərli maddələri olan qumbaralardan istifadə edib. 2023-cü ilin dekabrınadək Rusiya qoşunları K-51 və qıcıqlandırıcı təsirə malik əl qumbaralarından istifadə edib.
 
Fevral ayında analoji məlumat Avdeyevkadan daxil olub. Martın 4-də USQ Baş Qərargahı məlumat verib ki, tammiqyaslı hərbi müdaxilə başlanandan Rusiyanın hücumları zamanı kimyəvi silahın mindən çox tətbiq edilməsi halları qeydə alınıb. 2024-cü ildə rusiyalılar kimyəvi silahın tətbiqini fəallaşdırıb.
 
Dövlət Depatamentinin bəyanatında həmçinin qeyd edilir ki, döyüş meydanında kimyəvi silahdan istifadə edilməsi Moskva tərəfindən əvvəllər də, o cümlədən 2020-ci ildə müxalif siyasətçi Aleksey Navalnının və 2018-ci ildə Sergey Skripal və onun qızı Yuliyanın zəhərlənməsi üçün istifadə etdiyi taktikanın davamıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
152
50
Mənbələr
Şərh ()
Bağla