AZ

Aprel işğalı - 1 ildə 48 min azərbaycanlı qətlə yetirilib

Xalq Cümhuriyyətinin işğalından 104 il keçdi; bolşeviklər 27 aprel işğalını “unutdurmaq” üçün “28 aprel inqilabı” kimi yalan və saxta bir təqvim yaradıblar

Bu gün 1918-ci il 28 mayda yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin bolşeviklər tərəfindən işğal edilməsindən 104 il keçir.

Məhəmməd Əmin Rəsulzadənin dili ilə desək, mahiyyət etibari ilə çar Rusiyasından fərqlənməyən bolşevik-sovet Rusiyası öz sələflərinin yolu ilə gedərək Azərbaycan Xaq Cümhuriyyətinin varlığına son qoyaraq ölkəni işğal etdi. Bu işğal faktı görünüşcə fərqli olsa da, mahiyyət etibarı ilə çar Rusiyanın işğalçılıq siyasətinin yenidən təkrarı idi. Sadəcə işğalçının adı dəyişmişdi. İşğal edən çar deyil, bolşeviklər idi.

Azərbaycan Xalq Cümhuriyyətinin mühacirətdə yaşayan liderləri (başda M. Ə. Rəsulzadə, Ə. Topçubaşov və d.) öz yazılarında, rəsmi sənədlərdə 1920-ci ilin 27 aprelini Azərbaycanın işğalı olaraq qeyd ediblər. Bu, onunla izah edilib ki, Azərbaycan dövlətinin sərhədləri bolşeviklərinin XI Ordusu tərəfindən aprelin 26-dan 27-nə keçən gecə pozulub və işğalçı qüvvələr Yalama-Xaçmaz tərəfdən ərazimizə daxil olublar.

Yəni hələ 1920-ci ilin 21 və 23 aprel tarixlərində Qafqaz Cəbhəsi İnqilab Hərbi Şurası S.Q.Orconikidzenin başçılığı ilə XI Orduya aprelin 27-də Azərbaycan sərhədini keçib, bütün ərazini tutmaq əmrini vermişdi. Aprelin 26-da XI Ordu qərargahı  hücuma rəhbərlik etmək üçün Dərbəndə köçmüşdü. XI Ordunun hücumu  aprelin 26-dan 27-nə keçən gecə saat 12-də başladı. İrəlidə dəstə komandiri  M.Q.Yefremovun yerləşdiyi “III İnternasional” qatarı gedirdi. Yalama stansiyasında Azərbaycan Ordusu əsgərləri ilə qısa döyüşdən sonra Milli Orduya məxsus zirehli qatar geri çəkilməyə məcbur oldu. Xudat və Xaçmaz stansiyalarında da Milli Ordu əsgərləri döyüşüb müqavimət göstərdilər (bəzi mənbələrdə 1000-ə qədər əsgərin döyüşdə həlak olduğu söylənilir). Lakin onların sayı işğalçı bolşevik ordusundan olduqca az idi. Azərbaycan sərhədlərini keçən bolşevik ordusunda 60-70 min əsgər var idi. Bizim 25-30 minlik ordumuzun böyük bir hissəsi kommunistlərin göstərişi ilə Qarabağda qiyam qaldırmış ermənilərlə savaşa göndərilmişdi. 1920-ci ilin aprelin 28-də saat 5-də “III İnternasional”  zirehli qatarı 23 saatlıq Yalama-Bakı məsafəsini qət edərək Bakı vağzalına çatdı və Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti hakimiyyəti bolşevik-kommunistlərə vermək barədə qərar qəbul etmək məcburiyyətində qaldı.

Musa

Musa Qasımlı 

Professor Musa Qasımlı bu barədə bildirib ki, beləliklə, bolşeviklər məhz 28 apreli Azərbaycanda Sovet Hakimiyyətinin yaradılması günü elan edərək “28 aprel İnqilabı”  olaraq  dünya ictimaiyyətinə yaydılar. Yəni 27 aprel işğalı yox, yalan və saxta bir təqvim yaratdılar - 28 aprel inqilabı.

Aprel işğalı ilə əlaqədar M. Ə. Rəsulzadə yazırdı: “Qanlı çar istibdadının yerini bu dəfə  ondan daha qanlı bolşevik istibdadı tutdu. Beləliklə, azadlıq istiqlalımız qızıl istilaçıların ayaqları altına əyildi”.

Aprel işğalından sonra Azərbaycanın seçmə ziyalıları, hökumət adamlarına, məmurlara, əsasən də Xalq Cümhuriyyətinin qurucularına, onların ailə üzvlərinə qarşı dəhşətli repressiya başlandı. İki gün ərzində Bayıl həbsxanasında  300 nəfər güllələndi, 10 minə qədər insan Sibirə sürgünə göndərildi. Azərbaycanda bərqərar olan totalitar bolşevik hakimiyyəti ilk dövrlərdən başlayaraq bütün sahələrdə qırmızı terror siyasəti həyata keçirməyə başladı. Rəsmi arxiv sənədlərinə görə, təkcə 1920-ci ilin may ayından-1921 ilin yanvar ayınadək bolşevik hökuməti 48 min nəfər azərbaycanlını qətlə yetirib.

Azərbaycan Parlamentinin hakimiyyətin bolşevik-kommunistlərə təhvil verilməsi ilə bağlı qəbul etdiyi 1920-ci il 27 aprel qətnaməsini kobud şəkildə pozan bolşevik hökuməti Müstəqil Azərbaycan dövlətinin bütün atributlarını məhv edərək, siyasi elitasını, demək olar ki, qətlə yetirdi və ya sürgün həyatına məcbur etdi.  Dövlətin hərbi elitası isə may-iyun aylarında rus işğalına qarşı mübarizədə məhv edildi.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Seçilən
41
11
Mənbələr
Şərh ()
Bağla