AZ

1918-ci ildə Quba qəzasında baş verənlər: Soyqırım və qəhrəmanlıq salnaməsi

1917-ci ilin sonundan başlayan hakimiyyətsizlik Quba qəzasında müxtəlif soyğunçu qrupların, quldur dəstələrinin yaranması ilə nəticələndi. Onlardan biri “Uçağan” qarətçi dəstəsi idi. Bu dəstəyə cəm olan terrorçular əvvəllər müxtəlif cinayətkarlıq əməllərinə görə həbsdə olanlar idi. “Uçağan” dan fərqli olaraq varlı ermənilər: Qriqori Poqosyan, Karapet Vartanyan, Vartan Avakov, Harutyun Ayrapetov və digərləri tərfindən yaradılan “Həmrəylik” qrupu isə tamamilə siyasi məqsəd daşıyırdı. Bu qrup sonradan terrorçu “Daşnaksütyun” tərəfindən idarə olunmağa başladı.          

           

Quba qəzasında ilk soyqırım 1917-ci ilin sonlarında baş vermişdir. Həmin  ilin dekabrında Bakıdan gələn və özlərini bolşevik adlandıran daşnak ermənilər Şabranda və Xaçmazda qiyam yatırmaq adı altında dinc əhaliyə divan tutdular. Daha sonra polkovnik Muradyanın 2 minlik qoşunu xüsusi fəallıq göstərir və qanlı ssenarini davam etdirir. Əvvəlcədən planlaşdırıldığı kimi bu qoşun Xudat dəmiryol stansiyasına gəldi və bir neçə gün sonra hərəkətə keçdi. İlk müqavimət Xaçmazın Həsənqala kəndinin əhalisi tərəfindən oldu. Xaçmazın Şıxlar kəndinin bəylərindən olan İbrahim bəy azsayda qüvvəsi ilə onların köməyinə yetişdi və üç gün döyüşdü. Növbəti günlərdə Qusarın Cağar kəndindən Hatəm ağa Cagarvinin, Kuzun kəndindən Möhübəli əfəndinin, Quba şəhərnin keçmiş komissarı Əli bəy Zizikskinin dəstələri köməyə yetişdilər. Düşmən xeyli sayda canlı qüvvəsi və silah sursatı olmasına baxmayaraq darmadağın edildi, 200 əsgəri əsir alınaraq Quba həbsxanasına salındı.     

 

1918-ci il mart hadisələrindən sonra Quba qəzasına göndərilən və nəzarətində xeyli sayda silahlı qüvvəsi olan bolşevik David Gelovani erməni əsirləri azad etdi və burada yeni Sovet hökumətini qurduğunu elan etdi. Yeni rejim Quba şəhərində cəmi 8 gün sürdü. 9-cu gün qəzanın ətraf ərazilərindən şəhərin  köməyinə gələn yerli əhali ilə baş verən döyüşlərdən sonra Gelovani öz qoşunu ilə Qubanı tərk etdi. Baxmyaraq ki, onun yardımına Xaçmazdan Ağacanyanın rəhbərlik etdiyi 2 top, 150 ermənidən ibarət hərbi dəstə gəlmişdi. Həmin günlərdə Quba qəzasında nüfuzlu şəxslər: Əli bəy Zizikski, Hatəm ağa Cağarvi, Möhübəli əfəndi Kuzunlu, Həmdulla əfəndi, Əbdürrəhim əfəndi, Bəybala bəy Alpanski, Əliabbas bəy Əlibəyov, İbrahim bəy və Mürsəl bəy Şıxlarski bütövlükdə  süvari dəstələr yaradaraq qəzanın müdafiəsini təşkil etmişdilər.    

 

1918-ci ilin mayın 1-də qatil Srvandstyan Hamazaspın  komandanlığı altında 3 mindən çox erməni ordusu üç tərəfdən Quba şəhərinə daxil olaraq qərargahlar yaradıb bölgədə yaşayan bütün xalqlara qarşı vəhşiliklər törətdilər. Şəhərdə 7 min daşnak və bolşevik əsgəri vardı. Bolşeviklərin 3 min əsgəri isə Mirzəməmmədkənd ətrafında mövqe tutaraq ətraf ərazilərə nəzarət edirdilər. Məqsəd yeni hakimiyyət qurmaq deyil, cəza missiyası tətbiq etmək idi. Hamazasp şəxsən özü Quba meydanında əhali qarşısında bunu etiraf edərək demişdir: Mən erməni xalqının qəhrəman oğlu buraya qayda-qanun yaratmağa, sovet hakimiyyəti qurmağa yox, qisas almağa, Xəzərdən Şahdağa qədər olan ərazilərdə yaşayan müsəlmanların kökünü kəsməyə gəlmişəm. Ancaq onun xəyalları ürəyində qaldı. Qəza əhalisinin, xüsusilə ləzgilərin güclü müqaviməti ilə üzləşən, Digah, Alpan, Üçkün, Küsnət və Qımıl kəndlərinin əhalisi ilə bir neçə gün döyüşdükdən sonra Hamazasp Xaçmazdan əlavə qüvvələr çağırsada istəyi baş tutmadı. Qubaya yaxın kəndlər və yəhudi qəsəbəsi azad edildikdən sonra şəhərin hər bir küçəsi, məhəlləsi uğrunda döyüşlər baş vermiş, sonda 10-12 minlik düşmən qoşunu məğlubiyyətə uğramış və Qubadan Xaçmaza tərəf geri çəkilmişdir. Ancaq qisas eşqi ilə alışıb yanan Hamazasp və ətrafı yenidən daha böyük silahlı qüvvə ilə Qubaya qayıdaraq talançılığa davam etdilər. Bu zaman döyüşlər qəzanın bütün ərazilərində gedirdi. Xudat-Qusar istiqamətində Şıxlar bəylərinin, Bəkərin və ləzgi Məhəmmədin silahlı dəstələrinin köməyinə Möhübəli əfəndi yetişərək düşməni məhv etmişdir.  Ümumilikdə Quba döyüşlərində Digah vuruşmaları çox böyük rol oynamışdır.                        Hər şey isə Qanlı dərədə müəyyənləşdi. 1918-ci il mayın 15-dən etibarən başlayan ölüm qalım mübarizəsi bir müddət davam etdi. Mayın 18-də səhərə yaxın dərə sanki od tutub yanırdı. Hər bir müsəlman döyüşçüsü 5-10 düşmənə qarşı döyüşürdü. Xeyli sayda insan itkisi hesabına olsada düşmən silahlarını ataraq qaçır, məhv edilirdi.  Hamazasp 200-300 əsgəri ilə hamıdan əvvəl dənizə tərəf, Xaçmazda olan Marıtıkyanın yanına qaçdı. Qanlı dərədə isə qəhrəmanlıq tariximizin yeni səhifəsi yazıldı, Qanlı dərə tarixə düşdü.   

Bütün bunları yüksək qiymətləndirən Ümummilli lider Heydər Əliyev  1998-ci il oktyabrın 3-də Qusar rayonu seçiciləri ilə görüşündə demişdir: Qanlı dərədə 1918-ci ildə Qusarlılar Azərbaycan xalqına təcavüz edən erməni millətçilərinin qarşısını alıb onları darmadağın ediblər.

 

1918-ci il iyunun 6-da Xaçmaza Davidyansın komandanlığı ilə 3 minlik qoşun gəldi. Martıkyanın və Popovun hərbçilərindən sağ qalanlarda burda cəmlənmişdi. Ancaq onlar cürət edib Qubaya hücum etmədilər. İyulun ilk günlərində Stepan Şaumyanın göstərişi ilə Bakıdan Quba qəzasına yeni qoşun göndərildi. İyulun 4-də 10 mindən çox da daşnak-bolşevik qoşunu Quba üzərinə yeridi. Yenidən qırğınlar və qarətlər başladı. İyul ayı boyunca üstünlük hər iki tərəfin əlinə keçsədə sonda iyulun 25-dən daşnak bolşevik qoşunu qəzadan tam olaraq geri çəkildi.  1918-ci il 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti qurulsada milli ordu hissələri Quba qəzasına yalnız oktyabrda gəlmişdir. Bu vaxta kimi isə qəzanı yerli əhali, xüsusilə adları birdəfəlik tarixə həkk olan: Hatəm ağa Cağarvi, Möhübəli əfəndi Kuzunvi, Həmdulla əfəndi Şabranlı, Əli bəy Zizikski, İbrahim bəy, Həsən bəy və Mürsəl bəy Şıxlarski, Əbdürrəhim əfəndi, Bəybala bəy Alpanlı, Qaçaq Mayıl, Bəkər Məhrəliyev, Bədəl Digahlı, ləzgi Məhəmməd və digərlərinin başçılığı altında döyüşən qəhrəman vətən övladları qorumuşdur.   Quba qəzasında daşnak-bolşevik qoşunları tərəfindən törədilən soyqırım zamanı 167 kənd dağıdılmış və talan edilmiş, 16 mindən çox müsəlman qətlə yetirilmişdir. Quba qəzası əhalisinə dəyən maddi ziyan 121 mln. rubldan artıq təşkil etmşdir.            Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il iyul ayının 15-də yaratdığı və dekabrda Quba qəzasında işləməyə başlayan Fövqəladə Təhqiqat Komissiyası (FTK) tərəfindən Quba hadisələrinə dair toplanan xeyli sayda faktlar, şahid ifadələri nəticəsində (451 vərəqdən ibarət istintaq materialı) bu ərazidə müsəlman xalqlarının maksimum dərəcədə azldılması planı tam sübut edilmişdir. Lakin 1920-ci ilin aprelində Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hökuməti qurulduqdan sonra istintaq dayandırılmış və bu işə xitam verilmişdir.     

 

2007-ci ildə Quba  şəhər stadionunun təmiri məqsədilə qazıntı işləri aparılarkən kütləvi məzarlıq aşkarlandı, tapılan 400-dən artıq insan qalıqları onların 1918-ci il soyqırım qurbanları olduqlarını təsdiqlədi. Həmin ərazidə Memorial Kompleks ucaldıldı və 2013-cü ildə istifadəyə verildi. Bu gün həmin kompleks soyqırım qurbanlarının müqəddəs ziyarətgah yerinə çevrilmişdir. Əsrin əvvəlində erməni daşnakları Qubada və digər ərazilərdə həyata keçirdikləri soyqırım aktıını əsrin sonunda Xocalıda təkrarladılar. Bu isə onların mənfur xislətinin dəyişməz olduğunu bir daha isbatladı. Eyni zamanda 1918-ci ildə Quba qəzasında yaşayan müsəlman xalqların övladlarının yazmış olduğu qəhrəmanlıq səlnaməsini 2016-cı ildə aprel döyüşləri,  2020-ci ildə İkinci Qarabağ müharibəsi, 2023-cü ildə 23 saatlıq antiterror əməliyyatlarında vətənimizin ərazisində yaşayan bütün millətlərin nümayəndələri ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Dəmir Yumruq kimi birləşərək bir daha təkrarladılar.

 

 RASİM  NAZİMOĞLU

 Tarix və siyasi elmlər üzrə araşdırmaçı

 

Seçilən
193
11
Mənbələr
Şərh ()
Bağla