AZ

Qarabağ qazisi Müzəffər Bahadırov: “Aprel döyüşlərində ermənilər işğalçılıq siyasətinin iflasa uğradığını dərk etdi”

Azərbaycan hərb tarixinə adını qəhrəmanlıq səlnaməsini olaraq həkk edən aprel döyüşlərindən 8 il ötür. Aprel döyüşləri Vətən müharibəsinə bir dayaq nöqtəsi idi. 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu operativ şəkildə cavab  əks-hücum həmləsi ilə düşməni ağır məğlubiyyətə uğratdı. Döyüşlər zamanı  Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edildi. Bununla yanaşı, minlərlə hektar ərazi Ordumuzun tam nəzarətinə keçdi. Silahlı Qüvvələrimiz dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb. Azərbaycan Ordusunun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 320 hərbçisi öldürüldü, 500-dən artıq döyüşçüsü yaralandı. Ağdərə-Suqovuşan istiqamətində olan yolların Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətdə saxlanılması təmin edildi.


Aprel döyüşlərinin iştirakçısı, Qarabağ müharibəsi qazisi, ehtiyatda olan leytenant Müzəffər Bahadırov qələbə yolundan Herbiand.az-a danışıb:
“2016-cı il aprelin 1-dən 2-nə keçən gecə  saat 4-5 radələrində Aprel döyüşləri başladı. Mənfur düşmənimiz olan ermənilərin xain təxribatının qarşısı ordumuzun ayıq-sayıqlığı nəticəsində alındı. Bununla da Lələtəpə yüksəkliyi ordumuz tərəfindən işğaldan azad edildi. Erməni ordusu bizim yaşayış məntəqələrimizi atəşə tutmasına baxmayaraq, bizim ordumuzun peşəkarlığı sayəsində düşmənin hərbi obyektləri darmadağın edildi. Bir sıra strateji obyektlərimiz düşmən tapdağından azad olundu. Lələtəpə yüksəkliyi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad olundu”.
Həmsöhbətimiz qeyd etdi ki, ermənilər təkcə hərbi obyektəri hədəf almırdılar. Ermənistan ordusunun təmas xəttində törətdikləri təxribatlar zamanı dinc əhali arasında da həlak olan və yaralananlar oldu. Yaşayış məntəqələrimizə böyük ziyan dəydi. Lakin Azərbaycan Ordusu hərbi obyekləri məhv edirdi və hərbi qulluqçularla döyüşürdü:
“Düzdür, 1994-cü ildən bəri Azərbaycan tarixində Aprel döyüşləri qədər irihəcmli bir döyüşlər olmamışdı. İlk olaraq, 2016-cı ildə döyüşlər baş verdi və biz ordumuzun peşəkarlığı, əzmkarlığı sayəsində  düşmənə, dünyaya sübut etdi ki, Azərbaycanın peşəkar ordusu var. Aprel döyüşlərində illərlə yaradılan “məğlubedilməz erməni ordusu” mifi dağıdıldı və ermənilər işğalçılıq siyasətinin iflasa uğradığını dərk etdi. Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü oldu. Xalqın orduya inamı artdı və xalq ilə ordu arasında vəhdət yarandı. Döyüşlər zamanı əsgər ilə  yüksək rütbəli zabit kimi hər kəs bir yumruq ətrafında birləşdi və Azərbaycanın ərazi bütövlüyünü qismən təmin etdi".
Ehtiyatda olan leytenant  yaralanma anını da bizimlə bölüşdü:
“Mən aprelin 2-si günorta saatlarında  ayağımdan və başımdan ağır yaralandım. Döyüş bölgəsindən iki əsgərimizin Həmzəyev Seymur və Nurəliyev Əşrəfin sayəsində yaralı halda çıxarıldım”. 
Qəhrəman döyüşçümüz Aprel döyüşlərindən sonra ordumuzun gücünün, əzminin artdığını fəxarət hissilə qeyd etdi:
“Aprel döyüşləri ayın 5-i günorta saat 12 radələrində sona çatdı. 2020-ci  ildə Vətən müharibəsi baş verdi. Ordumuz bu döyüşlərdə torpaqlarımızın daha böyük hissəsini işğaldan azad etdi. 2023-cü ildə bir günlük anti-terror əməliyyatı həyata keçirildi. Antiterror əməliyyatları nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. İnşallah ki, işğalda altında olan 7 kəndimiz də azad olunacaq. Yaşasın Azərbaycan Ordusu! Biz Ali Baş Komandanın dəmir yumruğu altında birləşmişik və Azərbaycan Ordusunun ayıq-sayıqlığı, peşəkarlığı sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin olunur”.


Emin ŞİRVANZADƏ

 



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
220
11
herbiand.az

10Mənbələr