AZ

Məhəmməd Əmin Rəsulzadə 27 Aprel işğalı haqqında - Nəsiman Yaqublunun təqdimatında

 Bu gün 27 Aprel - Azərbaycanın işğal günüdür. 1920-ci ilin aprel ayında Rusiyada hakimiyyətdə olan bolşeviklər Azərbaycanı işğal edərək, sonradan bu işğalın sərhədlərini genişləndirib öz proqram və məramnamələrinə(yəni xalqlara sülh, azadlıq bəxş etmək)zidd olaraq keçmiş çar Rusiyasının ərazisində (“Bölünməz Rusiya” ideyasına sədaqətlə) SSRİ adlı bir istismarçı imperiyanın əsasını qoydular. Ona görə 27 Aprel (28 Aprel yox!) işğal günü qeyd edilir ki, birincisi-məhz həmin gün 26-apreldən 27 aprelə keçən gecə Azərbaycan sərhədləri Şimaldan-Yalama Xaçmaz bölgəsindən pozulmuş, Rusiya işğalçıları torpaqlarımıza təcavüz etmişlər, ikincisi - 27 Aprel günü Azərbaycan Cümhuriyyətinin son günü olmuş, parlament fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdır. 27 Aprel işğalı haqqında ən doğru məlumatları ictimaiyyətə çatdıran ictimai-siyasi xadimlərimizdən biri M.Ə.Rəsulzadə olub. M.Ə.Rəsulzadənin 1931-ci ilin 27 Aprelində İstanbulda nəşr edilən “Odlu Yurd” jurnalında çap edilən “Bugünkü matəmin acısı” yazısını oxuculara təqdim edirəm.
 
Bugünkü mətəmin acısı
 
Azərbaycan istiqlalının yabançı istila tərəfindən fasiləyə uğradığı günün bu gün on birinci matəmini dərk ediyor. 
 
On bir sənəlik bir fəraq − bu, az bir müsibət, on bir sənəlik bir əsarət − bu kolay bir fəlakət deyildir. Şunu da qeyd etməliyiz ki, kəndisindən bəhs etdiyimiz sənələr əlalədə sənələr və çəkdiyimiz fəlakətlər  əlalədə fəlakətlər deyildir.
 
On bir sənədir məmləkət tarixin qeyd etmədiyi cəhənnəmi bir rejimin insan taqətinin fövqündə şeytani təcrübələrə qatlanaraq hər dürlü məhrumiyəti içində, insanlıq hiss və heysiyyətini və ən qüdsi və əziz hissləri xırpalayan qanlı bir idarəni qəbul etmək kibi əlim bir məcburiyətə qalmışdır. Bu məcburiyərin Azərbaycan türklüyünə verdiyi maddi və mənəvi xəsarət və fəlakətlərin nədən ibarət olduğunu burada sizə, “Odlu Yurd”  və aləlümum “Milli Azərbaycan Nəşriyatı” qarilərinə söyləməyi zait buluruz. Buna ehtiyac hiss edənləri nəşriyyat kolleksionlarımız və qismən işbu nüsxənin digər sütunları dəxi az-çox təxmin edə bilir zənnindəyiz.
 
Bizcə, məsələnin aktual əhəmiyəti millətin 27 nisan əsirliyinə qarşı duyduğu aksüləməl hissinin mövcudiyəti dərəcəsindədir! 
 
27 Nisan təshihi qabil  olmayan əziz bir ufulün sənələr keçdikcə quru bir adət hökmünə girən matəmimi, yoxsa çalınan hürriyətin geri alınacağı ümidini həyəcana gətirmək vəzifəsini görən bir acımıdır?
 
Bakı sokaklarında zəfər təranəsi elan edən qızıl müstəvlilərə və onların zavallı bəndələri bulunan satılıq kəlmələrlə vicdansız ağızlara baxılırsa, bu günün matəmini tutan “müsavatçı” mühacirlərin yaşadıqları haləti ruhiyə birinci nevidən bir hadisədir. Fəqət biz onlara sözlə deyil, vəqalarla, həm də burada mühacirətdə deyil, orada onların bizzat hakim bulunduqları ərazi daxilində cərəyan edən hadisələrlə cavab verə biliriz.
 
Bu gün Azərbaycanın hər tərəfini istila edən milli üsyan və partizan hərəkatlarının və bununla mütənasib olaraq sovet həyatının hər qismində, yenə sovet mətbuatı tərəfindən təsbit edilən siyasi, ictimai və fikri müqavimət hadisələrinin ifadə etdiyi məna əcəba nədir?
 
Hanki qüvvət saiqiləridir ki, sovet rejiminin tətbiq olunduğu on ikinci sənəsində belə Azərbaycan əmin və asayiş üzü görmədən hələ qanlı hadisələrə səhnə olmaqdadır?!
 
On bir sənədən bəri şu və ya bu surətlə davam edərək iki sənədən bəri bilxassə əhəmiyyət qazanan Azərbaycan qiyamlarını təhrik edən qüvvətin xalq tərəfindən duyulan və bir dürlü unudulmayan 27 Nisan acısından başqa bir şey deyildir.
 
Bugünkü matəmin acısı! İştə bir qüvvət ki, bütün şiddət və hiddətlərinə rəğmən, qızıl bolşevik qüvvətini 1931-ci sənədə tıpkı 1920-ci sənədə vuqu bulan eyni növdən hadisələr qarşısında bulunduruyor. Bundan on bir sənə əvvəl cərəyan edən Gəncə, Qarabağ, Quba, Zaqatala, Lənkəran, Kürdəmir və sairə üsyanları ilə şimdiki Şəki, Zaqatala, Qarabağ, Gəncə, Naxçıvan, Ağdaş, Samux, Maşanlı və sairə hadisələri arasında nə fərq vardır?!..
 
− Heç!..
 
O zaman da, şimdi də xalq kəndi mövcudiyyəti, kəndi hürriyəti, kəndi mülkiyyəti və kəndi milliyyəti − bir sözlə, kəndi milli istiqlalı üçün hərb ediyor!.. Eyni acının təsirilə hərəkata gəliyor!
 
On bir sənə əvvəlki mücadiləylə şimdiki mücadilə arasından  fərqi ararkən “heç!..” dedik. Fəqət bu cavab şəklə aiddir. Mənaya gəlincə cavab başqalaşır. Fərq çoxdur!
 
On bir sənə əvvəl şimaldan gələn təhlükəyə qarşı yapılan müqavimətlərdə bütün Azərbaycan və bütün Qafqasiya namına təcavüzü müştərəkən yapmaq duyğusu kafi deyildi. Şimdi isə mücadilə və fəlakət sənələri bu duyğuyu, bu idealı yalnız Azərbaycanda deyil, bütün Qafqasiyada tərbiyələndirmiş, sabit fikir halına gətirilmişdir. Azərbaycanda, Gürcüstanda, Şimali Qafqasiyada, hətta Ermənistanda  zühur edən hadisələr, milli xilas və hürriyət namına hərəkət edən partizanların, eyni zamanda müştərək Qafqasiya hürriyət və xilası namına hərəkatda bulunduqları bu ideal ilə canlandıqları vaqiələrlə təsbit edilmişdir. Günün şüarı Azərbaycan və digər milli Cümhuriyyətlər deyil, Azərbaycan ilə bərabər bütün Qafqasiya və Qafqas konfederasyonudur!
 
Hadisələrin bu makul tezə uyğun olaraq inkişaf etdiyi rəsmi bolşevik muxafilində təsbit edilmişdir. Bu fikir eyni zamanda milli Qafqas təşkilatlarınca da təyid olunmuşdur.
 
Nisan zərbəsinə qarşı göstərdikləri aksüləməllərlə hələ zində və yaşamaya namizəd olduğunu isbat edən millətimiz bu gün yaşadığı acı matəm gününü dadlı bayram gününə təbdil edə biləcək bir qüvvətdədir. Bu qüvvəti o, bir tərəfdən kəndisindəki hürriyət eşqinə, digər tərəfdən də kəndisilə həmdərd olan əsir millətlərdəki yaşamaq əzmi və həmləsinin aktiv bir halda bulunduğundan alır. Yəni başındakı qonşu Qafqasyalı millətlərlə eyni cəbhə təşkil edən Azərbaycan qızıl rus istilası cəbhəsinə qarşı vahid bir cəbhə halında bulunan Ukrayna-Qafqasya-Türkistan-Krım, Edil-Ural  kibi mühüm qüvvətlərə malik böyük cəbhənin bir parçasıdır.
 
Böylə bir cəbhə içində tarixin ən haqlı davasına istinad edən Azərbaycan qızıl imperializmin yalanlarına rəğmən, bugünkü əsarətdən qurtulacaq, yaxın tarixdə əmsalı çox bulunan millətlər kibi bu gün acısını duyduğu bu matəm gününü milli mücadilə tarixində şimdi müsafiri bulunduğumuz bu böyük millətin keçənlərdə təhətdür etdiyi qara günlər qəbilindən bir gün kibi xatırlayacaq ki, artıq bir matəm deyil, bir bayram olacaqdır!..
 
Bu müqəddər gələcəyin yaxınlaşmasını təmin isə bir az da əlimizdə, kəndi vəzifəşünaslığımızdadır. İştə bunu ihmal etmiyəlim, əziz vətəndaşlar!..
 
M.Ə.Rəsulzadə
Varşava
“Odlu-Yurd”, 27 nisan 1931, il 3, №:2(27)
 
Zait – artırmaq
Aksüləməl- qarşı hərəkət, əks təsir
Makul -  məntiqə uyğun olan
Təbdil – dəyişmə
Təhətdür  -  xatırlama
 
Red: 27 nisan 1931 – 27 aprel 1931
 
 
 
Seçilən
75
11
Mənbələr
Şərh ()
Bağla