AZ

UKRAYNA ORDUSU RUSİYA ƏRAZİLƏRİNDƏ MÖHKƏMLƏNİR – Kurskun işğalı davam edir - Son vəziyyət

Ukrayna ordusunun Kursk vilayətindəki hücum əməliyyatı doqquzuncu gündür ki, davam edir.

Hurriyyet.az xəbər verir ki, Rusiya “teleqram” kanalları və Ukrayna mətbuatı hücumun sürətinin nisbətən azaldığını, lakin davam etdiyini bildirirlər. Bu da ələ keçirilmiş məntəqələrdə möhkəmlənmək və logistika xətlərinin təhlükəsizliyini təmin etməklə bağlı aparılan işlərlə əlaqədardır.

Digər yandan, bölgəyə əlavə Rusiya qüvvələrinin gətirilməsi səbəbindən döyüşlər daha da şiddətlənib. Ukrayna Silahlı Qüvvələrinin bölmələri hər gün irəliləməyə və yeni yaşayış məntəqələrini nəzarətə götürməyə davam edir.

Hücum eyni vaxtda bir neçə istiqamətdə aparılır. Məqsəd Kursk vilayətində yaradılmış platsdarmı həm dərinliyinə, həm də eninə görə artırmaqdır.

Son məlumatlara görə, Kamışnoye kəndi yaxınlığında ağır döyüşlər gedir. Ukrayna Silahlı Qüvvələrinin bölmələri kəndi yan keçərək, oradakı qüvvələrə arxadan zərbələr endirib. Eyni zamanda xəbər verilir ki, Sudjanın cənubundakı mühasirə halqası qapandıqdan sonra Rusiya ordusunun bir qrupu tam mühasirəyə düşüb. Daha sonra Ukrayna qoşunlarının nəzarətə götürdüyü Sudja şəhərinin həndəvərini minaladığı barədə məlumatlar yayılıb.

Daxil olan məlumata görə, Ukrayna Silahlı Qüvvələri Kolmakov-Belitsa yolunu da nəzarətə götürüb. Bu istiqamətdə də Rusiya qüvvələrinin Ukrayna ordusunun bölmələri tərəfindən mühasirəyə alınmasının qaçılmaz olduğu qeyd edilir. Qərb hərbi analitikləri iddia edir ki, ruslar bu bölgədə geri çəkilməsə və ya hücumu dəf edə bilməsələr, rus hərbi əsirlərinin daha da artacağını gözləmək olar.

Məlumatlara görə, Ukrayna Silahlı Qüvvələri Krupetsdə döyüşlər aparır və Borki, eləcə də Spalnoye yaşayış məntəqələrini nəzarətdə saxlayır.

Tanınmış rusiyalı hərbi ekspert və Kremlin təbliğatçısı Yuri Podolyakanın verdiyi son məlumatlara görə isə, Kursk vilayətinin cənub hissəsində vəziyyət son dərəcə gərgin və dinamik olaraq qalır. Burada Ukrayna Silahlı Qüvvələri aktiv hücumu davam etdirir. Onun dediyinə görə, Ukrayna ordusunun taktikasında dəyişikliklər baş verir. Əgər əvvəllər ukraynalılar zirehli dəstələrdən istifadə etməklə sürətli və gözlənilməz hücumlara üstünlük verirdilərsə, indi onların strategiyası mövqelərin möhkəmləndirilməsinə və gələcək irəliləyiş üçün platsdarmların yaradılmasına doğru dəyişir.

O, qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin cəbhənin bu sektorunda əsas məqsədi, Qiryi və Belitsaya hücumdur. Belitsa xüsusilə vacibdir, çünki orada Psyol çayı üzərindən Ukrayna qoşunları üçün mühüm nəqliyyat arteriyasına çevrilə biləcək strateji əhəmiyyətli körpü keçir. Podolyaka xəbər verir ki, Ukrayna qüvvələri Çerkasskaya Konopelka kəndində də möhkəmlənməyə nail olub və bu, onlara cəbhə xəttini düzəltməyə, növbəti zərbə üçün zəmin hazırlamağa imkan verib.

Azpolitika.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
50
hurriyyet.az

10Mənbələr