AZ

Qabiliyyət imtahanı lazımdır?-Baş redaktorlar birağızdan “yox” deyirlər - SORĞU

Ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil ocaqlaında jurnalistika ixtisasına (bakalavr) qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib. İmtahanda 900-ə yaxın abituriyent iştirak edib.

İmtahanın cavabları ən tez 4 gün, ən geci 1 həftə sonra olmaqla bilinəcək. 10 ildir ki jurnalistika ixtisasına qəbul olmaq üçün qabiliyyət imtahanı tələb olunur.

Qabiliyyət imtahanında abituriyenlərdən esse yazmaq tələb edilir. Bunun üçün üç mövzu verilir və mövzu əsasında dolğun fikir bildirmək, fikri əsaslandırmaq, orfoqrafik qaydalara riayət etmək tələbi qoyulur. 

Bu tələblər əsasında isə abituriyentin imtahan vərəqi müvafiq balla qiymətləndirilir. Bundan öncə hüquq ixtisasına qəbul olmaq istəyən abituriyentlər seçim zamanı ikinci sırada jurnalistikanı seçdiyindən, hüquqa qəbul ola bilmədikdə jurnalistika ixtisasına qəbul olurdular. 

Lakin buna çözüm olaraq, qabiliyyət imtahanının keçirilməsi qərarı verildi. Qabiliyyət imtahahanından öncə hüquq ixtisasına qəbul ola bilməyib jurnalistika ixtisasına düşən abituriyentlərin də keçid balları 400-dən yuxarı olurdu. 

Bu gün isə esse yaza bilən və 3-cü qrup üzrə keçid balını toplayan istənilən tələbə jurnalistika ixtisası üzrə plan yerinə uyğun olaraq qəbul ola bilər. Ekspertlər düşünürlər ki, esse yazmaq jurnalistika haqqında hansısa biliyə sahiblik dərəcəsini göstərmir. 

Yaxud jurnalistika esse yazmaq bacarğından ibarət deyil. 

Bir çox mütəxəssislər qabiliyyət imtahanının yığışdırılmalı olduğu qənaətindədir. Bu müzakirələrin əsasını isə builki qabiliyyət imtahanından sonra fikirlərini bölüşən tanınmış telejurnalist, teletənqidçi professor Qulu Məhərrəmli qoyub.

O bildirir ki, abituriyentdən yaxşı esse tələb etmək jurnalistika haqqında fikrini yanlış yöndə formalaşdırır: 

"17-18 yaşında esse yazdırmaqla abituriyentdə jurnalistika haqqında təsəvvürü yanlış formalaşdırırıq. Ona elə gəlir ki, jurnalistika elə fantaziyadır və havadan tutduğun bir mövzu haqqında yazırsan. 

O, qəşəng cümlələr qura, bəlağətli yaza bilər. Amma həmin abituriyent tələbə olandan sonra xəbər texnologiyasını, xəbər üslubunu, reportaj tərzini qavraya bilmir. Biz bu məntiqlə yanaşsaq, gərək bütün ixtisaslarda qabiliyyəti yoxlayaq. Amma təcrübə göstərir ki, yalnız xüsusi istedad tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı olmalıdır.

İdman, rəssamlıq, aktyorluq kimi sahələrdə qabiliyyət imtahanına ehtiyac var. 

Amma jurnalistika ədəbi yaradıcılıq sahəsi deyil. O müəyyən mərhələdə yaradıcılığa keçə bilir, ilkin mərhələ isə fakta əsaslanan, heç bir fantaziyaya yer olmayan üslubda yazmaqdır". Q.Məhərrəmli yaxşı esse bacarığının yaxşı jurnalist olmaq üçün kifayət etmədiyini vurğulayıb: 

"Qabiliyyət imtahanı ilə gələn tələbələr 1-ci, 2-ci kursda o həvəsi söndürmüş olurlar. Çünki onlardakı romantika həddən artıq yüksək olur, jurnalistikanı reallıq kimi görmürlər. Onlar elə bilir ki, əyləşib nə gəldi, necə gəldi, yazacaqlar. Ona görə də həvəsdən düşmələri, tədrisə münasibəti, imtahanda göstərdiyi zəifliklər, dərsdə ölü-vay davranışları göz qabağındadır. 

Esse publisistikadır və onu hər kəs - rəssam da, kimyaçı da yaza bilir.

Ona görə yaxşı esse yazmaqla onun yaxşı jurnalist olacağını söyləmək çətindir". O, qabiliyyət imtahanının ləğv edilməli olduğunu söyləyib:

"Bir də ballar çox aşağı düşüb. Jurnalistikaya gələnləri qabiliyyət imtahanının xofu basır. Bunlar üst-üstə gələndə kədərli mənzərə yaranır.

Jurnalistikaya qəbul zamanı qabiliyyət imtahanının olması həm Dövlət İmtahan Mərkəzi (DİM), həm də abituriyentlər üçün əlavə qayğıdır. Buna görə də qabiliyyət imtahanı ləğv edilməlidir".

"Cebheinfo.az"-ın əməkdaşı bununla bağlı media kapitanlarının fikirlərini öyrənib. 

"Cümhuriyət" qəzeti və "Cebhe.info" Xəbər Portalının rəhbəri Rəfail Becanov bildirib ki, inşa yazdırmaqla jurnalist bacarığını qiymətləndirmək çətindir:

"Jurnalistika ixtisasına qəbul üçün qabiliyyət imtahanının keçirilməsi ilə bağlı müxtəlif fikirlər var. Bəziləri bunu vacib, bəziləri isə gərəksiz hesab edir. Hər iki yanaşma maraqlıdır. 

Birincilərə görə, ən azı yazmaq bacarığı olmalıdır. İkincilərə görə isə müasir jurnalistika xəbər çatdırmaqdır. İnşa yazdırmaqla jurnalist bacarığını qiymətləndirmək çətindir. Ən yaxşı esse yazan belə sonda yaxşı jurnalist olmaya bilər. Eyni zamanda, hər bir abituriyent inşa yaza bilər. Ona görə də bu məsələdə fikir ayrılığı yaranır. Jurnalistika cəmiyyətə bağlı bir sahədir. Bəlkə də esse əvəzinə başqa bir formulun tətbiq edilməsi mümkündür". 

Onun sözlərinə görə, qabiliyyət imtahanında esse əvəzinə, jurnalistikanın hər hansı başqa bir analitik janrında bilik və bacarıq yoxlanıla bilər: 

"Qabiliyyət imtahanında esse əvəzinə, hər hansı bir hadisəni xəbərə çevirmək, yaxud qısa bir reportaj yazdırmaqla abituriyentin bacarığını yoxlamaq olar. Amma böyük anlamda götürsək, prosesin sadələşdirilməsinə ehtiyac var. Biz prosedurları nə qədər sadələşdirsək, o qədər yaxşıdır. 

Jurnalistika müasir dövrdə klassik ənənəsindən fərqlidir. İndi daha çox xəbərləmə əhəmiyyətlidir. Təbliğat və ya təşviqat metodları, pafoslu ifadələr, ibarələr dövrü geridə qalıb. Xəbəri tez, dəqiq və peşəkarlıqla çatdırmaq dövrüdür". 

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı qabiliyyət imtahanına artıq ehtiyac olmadığını deyir: 

"Jurnalistika fakültəsində dərs deyilən müəllimlər, müxtəlif mətbuat orqanlarına rəhbərlik edən şəxslər görürdü ki, balı hüquq fakültəsinə çatmayan abituriyentlərin böyük əksəriyyəti jurnalistika fakültəsinə gəlirdi. Onlar məcbur qalıb jurnalistikanı seçdiklərini deyirdilər. Bu baxımdan düşünürdük ki, qabiliyyət imtahanına ehtiyac var. Amma indi vəziyyət dəyişib, jurnalistika rəqəmsallaşır. Bilik və bacarıqlar, texnoloji imkanlardan yararlanma, araşdırma aparma imkanları önə keçir. 

Ona görə də indi üçün qabiliyyət imtahanına ehtiyac yoxdur. Bu, sadəcə jurnalistika fakültəsinə gəlmək istəyən abituriyentlər üçün əlavə yükdür, həyəcan yaradır". 

Onun fikrincə, magistatura pilləsində isə qabiliyyət imtahanı saxlanılmalıdır:

"Fakültədə bilik çox aşağı səviyyəyə gəlib çatmaz üzrədir. Qabiliyyət imtahanı magistrlar üçün lazımdır. Orada müxtəlif istiqamətlər üzrə araşdırmalar aparılmalıdır. Yəni qabiliyyət imtahanı jurnalistikanın bakalavr səviyyəsindən götürülməli, magistatura pilləsində saxlanılmalıdır". 

“Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz da qabiliyyət imtahanının ləğv edilməli olduğu qənaətindədir:

"Bunu çoxdan yığışdırmaq lazım idi.

Belə çıxır ki, kimsə kimya, tarix və digər ixtisaslara qəbul olmaq üçün qabiliyyət imtahanı verməlidir. Bu, Sovetdən qalma bir şeydir. 

Qabiliyyət imtahanı nədir? Yazı yaza bilirsə, vəssalam. Onsuz o esse yazan abituriyent tələbəlikdən sonra gəlib redaksiyalarda xəbər yazmağı öyrənir. Adamın içində varsa, yazacaq, yoxdursa, yazmayacaq. Əslində bu, jurnalistikanı aşağılamaqdır ki, digər ixtisalara qəbul ola bilmir, gəlib jurnalistikaya sənəd verir. Mən bunun əleyhinəyəm". 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
17
cebheinfo.az

10Mənbələr