AZ

Jurnalistikada qabiliyyət imtahanı ləğv olunsun?! — Ekspertlərdən ziddiyyətli yanaşma

İyulun 4-də jurnalist ixtisasına yiyələnmək istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçiriləcək. Cəmiyyətdə jurnalistikaya qabiliyyət imtahanı birmənalı qarşılanmır. Bəzi insanlar bu imtahanın ümumiyyətlə ləğv edilməsini, bəziləri isə əksinə şifahi mərhələnin də əlavə olunmasını dəstəkləyir.

Bəs, belə imtahanın əhəmiyyəti nədir? Buna ehtiyac varmı, yoxsa ləğvi daha məqsədəuyğun olar? 

Modern.az mövzunun aktuallığını nəzərə alaraq məsələ ilə bağlı Bakı Dövlət Universitetinin professoru, televiziya tənqidçisi Qulu Məhərrəmlinin və Əməkdar jurnalist, media eksperti Azər Həsrətin fikrini öyrənib.

Professor Qulu Məhərrəmli bildirib ki, jurnalistika fakültəsinə qəbul prosesində qabiliyyət imtahanının salınması özünü doğrultmayan bir təcrübədir və tezliklə ləğv olunmalıdır:

"İndiki halda bellə bir imtahanın keçirilməsi abituriyentlər üçün əlavə həyəcan, Dövlət İmtahan Komissiyası üçün əlavə yükdür. Ən önəmlisi odur ki, praktikada bunun heç bir faydası yoxdur. Çünki abituriyent burada esse yazır. Heç kim bu esse ilə jurnalist olmur. Esse yazmaq ədəbi yaradıcılığa, müəyyən mənada publisistikaya aiddir. Belə bir qabiliyyət hər kəsdə ola bilər. Bizdə orta məktəblərdə düşündüyünü ifadə etməyi öyrədirlər. Hekayə qurmaq, ona forma vermək, giriş, əsas hissə və nəticəyə gəlmək kimi qabiliyyətlər şagirdlərə öyrədilir. Şübhəsiz ki, jurnalistika ədəbi yaradıcılıq deyil. Bu cəmiyyətlə bağlı olan sosial institutdur. Reportyorda, şərhçidə təhsil aldıqdan sonra müəyyən yazı qabiliyyəti formalaşır. Amma indidən abituriyentləri ibarəli yazmağa, obrazlı yazmağa yönəltməklə faktiki olaraq jurnalistikanın mahiyyətini təhrif edirik".

Q.Məhərrəmli qeyd edib ki, digər məsələ bu yazıların necə yoxlanılması ilə bağlıdır:

"Bu yazıları kimlər necə yoxlayır, hansı obyektivlik gözlənilir? Bunu demək çətindir. Ona görə də qabiliyyət imtahanı tətbiq olunandan bu yana jurnalistika fakültəsində balların səviyyəsi xeyli aşağı düşüb. Əvvəlki dövrdən fərqli heç bir tendensiya müşahidə olunmur. Tələbələr əvvəl də belə idilər, indi də eynidirlər. Hər qrupda təqribən 5-10 istedadlı tələbə olur. Geridə qalanların isə jurnalistika haqqında təsəvvürü doğru deyil. Sözün qısası belə bir qabiliyyət imtahanının olması nə tələbələrə, nə jurnalistikaya, nə də təhsil sisteminə fayda verir. Ona görə ləğv olunmalıdır".

Jurnalist Azər Həsrətin fikri isə tamamilə fərqlidir. Onun sözlərinə görə, qabiliyyət imtahanı çox vacibdir:

“Ümumi testdən keçən abituriyentlərin jurnalistikaya yararlı olub-olmamasını aşkarlamağın başqa yolu yoxdur. Ya da ola bilər ki, şəxs mediada işləmiş ola, jurnalist işləri ola bilər. O zaman gətirib təqdim edə bilər ki, neçə vaxtdır mediada işləyir. Amma nəzərə almaq lazımdır ki, abituriyentlərin demək olar 100%-i 17-18 yaşlı gənclərdir. Onlar orta məktəbi oxuduqları dövrdə təbii ki, mediada işləmək imkanları olmur. Ona görə də idddialıların qabiliyyət imtahanı verməsi vacibdir".

A.Həsrət bildirib ki, burada əlavə şifahi mərhələnin olması da yaxşı ola bilər, əlbəttə, subyektiv yanaşma olmamaq şərtilə:

“Yazı yazmaq jurnalistikanın ən önəmli tələblərindəndir. Amma nəzərə almaq lazımdır ki, indi yeni informasiya texnologiyaları dövründə yaşayırıq. Burada həm də danışmaq, özünü təqdim etmək bacarığı, ümumiyyətlə haqqında danışılan mövzunu düzgün şəkildə çatdıra bilmək bacarığı da vacibdir. O baxımdan qabiliyyət imtahanının iki mərhələli olması daha ağlabatan və məntiqlidir. Dövlət qulluğuna qəbulla bağlı imtahan və müəllimlərin sertifikayası imtahanlarına baxaq. Əvvəlcə test mərhələsi aparılır, sonra müsahibə mərhələsi keçirilir. Yəni hər istiqamətdə yoxlama aparılır ki, bu şəxs bu ixtisasa nə qədər yararlıdır. O baxımdan mən qabiliyyət imtahanının tərəfdarıyam. Bunun daha da təkmilləşdirilərək doğrudan da jurnalistikaya uyğun insanları aşkara çıxara bilməsi üçün tətbiqinin qalmasının tərəfindəyəm. Ləğv edilməsi bizə heçnə verməyəcək. Ümumi imtahandan keçmiş gənclər bal üstünlüyünə görə bu fakültəyə üz tutacaqlar. Sonra da məlum olacaq ki, onların yazı qabiliyyəti və danışıq qabiliyyəti yetərli deyil”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
17
demokrat.az

10Mənbələr