AZ

Jurnalistikaya qabiliyyət imtahanı lazımdırmı? - Ekspertlərdən fərqli yanaşmalar

Xəbər verdiyimiz kimi, ötən gün jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçirilib.


Bu mərhələdə III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən və jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçən abituriyentlər iştirak ediblər.





Bəs jurnalistikaya qabiliyyət imtahanı lazımdırmı?


Bakupost.az bəzi ekspertlərin fikirlərini təqdim edir:


Əməkdar jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli bildirib ki, ötəngünkü imtahanda 900-ə yaxın abituriyent iştirak edib:

“Reallıq belədir ki, indiki halda belə bir imtahanın keçirilməsi abituriyentlər üçün əlavə həyəcan, DİM üçünsə əlavə təşkilati qayğıdır. Ən pisi odur ki, bu imtahanın tədris üçün heç bir praktik faydası yoxdur. Çünki abituriyentin qəbulda yazdığı esse (inşa) ilə onun jurnalist qabiliyyətini aşkar etmək mümkünsüzdür. Digər tərəfdən, axı jurnalistika ədəbi yaradıcılıq (hekayə, şeir və s.) sahəsi deyil, cəmiyyətə bağlı olan sosial institutdur. Amma biz abituriyentə (fantaziyanın gücü ilə) esse yazdırmaqla (publisistika), onu ibarəli, obrazlı ifadə tərzinə yönəltməklə faktiki olaraq indidən jurnalistikanın, ilk növbədə isə fakta əsaslanan xəbərləmənin mahiyyətini təhrif edirik”.

Q.Məhərrəmli qeyd edib ki, qabiliyyət imtahanının tətbiqindən sonra bu imtahanın xofuna görə jurnalistikaya sənəd verənlərin sayı kəskin şəkildə azalıb, qəbul balları və ümumi səviyyə isə çox aşağı düşüb:

“Yəni təcrübə göstərir ki, jurnalistika ixtisasına qəbulda qabiliyyət imtahanı tamamilə artıq bir şeydir və xeyirdən çox zərəri var. Əlbəttə, bu məsələyə başqa yanaşmalar da ola bilər, amma acı reallıq mən dediyim kimidir”.


Mətbuat Şurasının sədri, “525-ci qəzet”in redaktoru Rəşad Məcid “Vaxtilə qabiliyyət imtahanının bərpa olunması məsələsində Mətbuat Şurasının mövqeyi də nəzərə alınmışdı. Ola bilər indi artıq bu özünü doğrultmur. MŞ İdarə Heyətində məsələnin müzakirəsini vacib hesab edirəm. Hər halda Qulu Məhərrəmli və Vüqar Zifəroğlunun münasibəti bizim üçün aparıcı olmalıdır”, - deyə bildirib.




Filologiya elmləri doktoru, professor Telman Vəlixanlı isə vurğulayıb ki, qabiliyyət imtahanı təkcə yazı-pozu bacarığını, dilbilmə və intellektual səviyyəni üzə çıxarmır, həm də peşə, ixtisas seçən gəncin həyat yolunu, bu yolu seçməkdə nə qədər israrlı olduğunu göstərir:


“Əgər tanışlıq, tapşırıq bəlasından bir-birimizə, müsahibə prosesinin obyektivliyinə itirdiyimiz inamı bərpa edə bilsək, hətta əksər pedaqoji ixtisaslarda da qabiliyyət imtahanına ehtiyac var. Övladlarımız 4-6, bəzən daha çox ilini universitetdə itirəndən sonra anlayır ki, təsadüfən düşdüyü ixtisasda ömrünün ən gözəl vaxtını itirib... Dərd odur ki, bu gün ölkədə bu cür "şikəst" olunan, boş yerə pulunu, vaxtını sərf etmiş gəncliyə mükəmməl əlavə təhsil konsepsiyadır və proqramları təklif olunmur... Bu isə olduqca ciddi sosial-ictimai məsələdir...
Müvafiq icra orqanları, adlarını publik şəxs elan etmiş və etməyə hazırlaşan, lakin əhaliyə lazımı təhsil xidmətləri təklif etmək iqtidarında olmayan universitetlər niyə bu barədə düşünmür?!
DİM olmasa, bəzi universitetlərimiz adambaşına maliyyələşmə şəraitində özlərini necə saxlayarlar?
Xəbərləri varmı ki, bu il nə qədər istedadlı uşağı xarici universitetlər SAT imtahanı ilə ölkədən aparır?
Niyə özünüzdə müsbət imic formalaşdırıb, nə eləmək lazım olduğunu edib (bunu dəfələrlə yazmışam) insan və maliyyə resursumuzu xaricə qovursuz, univetsitet müəlliminə qəpik-quruş maaş verib, onları da elm və təhsildən uzaq salırsız?”.


ADA Universitetinin Kommunikasiya və rəqəmsal media ixtisasının müəllimi Şəfəq Mehrəliyeva deyib:

“ADA Universitetinin Kommunikasiya və Rəqəmsal media ixtisasına qabiliyyət imtahanı tələb olunmur. "Yaradıcı düşüncə" tərzinə gəldikdə isə o bütün ixtisaslara müasir dövrün iş bazarında lazımı qabiliyyətdir”.




Mərhum yazıçı Əlfi Qasımoğlunun oğlu tanınmış telejurnalist, yazar, tərcüməçi İlqar Əlfioğlu düşünür ki, imtahanlar ədalətli keçirilsə, vacibdir:

“Esse ilə cümlə qurmağı, fikrini izah etməyi yoxlayırlar. Onu test sualları ilə yoxlamaq mümkün deyil”.


Aygün Nəbiyeva
BakuPost


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
17
bakupost.az

10Mənbələr